Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “ADAU-da DİM-in nüfuzuna kölgə salanlar”, “ADAU-da Musa Bayramov kabusu”, “ADAU-da saxta dekan seçkisi” və “ADAU-nun “dərsə gəlməyən müəllimlər”i” başlıqlı məqalələr dərc etmişdik. Redaksiyamıza Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə bağlı maraqlı bir məlumat daxil olub. Həmin məlumata görə ADAU heyvanların saxlanılması üçün yemin alınması məqsədi ilə tender elan edib, “Vüsal-999” MMC müsabiqənin qalibi olub və 84.550 manat hesabına köçürülüb. Amma maraqlıdır ki, görəsən ADAU heyvanları harada və hansı şəraitdə saxlayır.
Ümumiyyətlə, sual doğurur ki, bir universitet niyə heyvan saxlamalıdır. Yəni ali təhsil ocağında zoopark açılıb, yoxsa ictimaiyyətə və elmə məlum olmayan eksperimentlər aparılır…Tenderin qalibi olan “Vüsal-999” MMC şirkəti haqda isə heç bir məlumat əldə etmək olmur. MMC-nin nə ünvanı, nə qeydiyyatı, nə sahibi haqda informasiya var. Adətən belə tenderlər daha çox maxinasiyalara xidmət edir və bu yolla rektor İbrahim Cəfərov dövlətin vəsaitlərini mənimsəyir.
Hər gün sosial şəbəkədə ADAU-nun maddi-texniki bazasının müasirləşdiyini şəstlə dilə gətirən rektor bayağı və lüzumsuz təriflərilə əslində öz həqiqi portretini, əməllərilə qazandığı milyonluq sərvətini cəmiyyətdən gizlətməyə cəhd edir. Rektorun aşıb-daşan maddi sərvətinə diqqət yetirmək də vacib və faydalıdır. Təkzibolunmaz faktlara əsasən rektor özünə və ailə üzvlərinə aldığı bahalı maşınların nömrə sonluğu xidməti maşınında olduğu kimi “333”-lə bitir. Cəfərovların idarə etdiyi son model – “BMW”, “Hyunday Elantra” öz nömrələrində məhz “333”-ü daşıyır. İbrahim Cəfərovu ara-sıra universitetə aparıb-gətirən bahalı “GL-Mersedes” markalı avtomaşın isə “AZ 10XX374” dövlət nömrə nişanını gəzdirir. Rektor bir neçə il əvvəl Göygöl rayonu Aşıqlı-Köşkü kəndində “Noxudluq” deyilən ərazidə özünə mini villa tikdirib. 10 sotdan artıq torpaq sahəsində yerləşdirilən villa-daçanın tikintisinə isə 200 min manatdan artıq vəsait xərcləndiyi iddia olunur. Rektor İbrahim Cəfərova məxsus olduğu deyilən, Gəncənin Totanlı ərazisindəki 3 mərtəbəli villanın dəyəri isə milyonlarla ölçülür. Digər məlumata görə, ADAU rektoru illər əvvəl universitetin müəllimləri üçün tikilib istifadəyə verilmiş mehmanxana tipli yataqxanadan özünə bir neçə mənzil alıb və çox zaman da özünü “kasıb və sadə” göstərsin deyə oradakı mənzillərində qalır. Şəffaf gəlirli rektorun Türkiyədə, Bakıda və Gəncədəki göydələnlərdə də almağa macal tapdığı bir neçə bahalı mənzillərinin olduğu bildirilir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//