Manşet Sosial

AZAL-la bağlı göylərdəki xəyallarımız… – Cahangir Əsgərov kimsəni saymır…

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) qiymət siyasəti bütün zamanlarda ciddi narazılığa səbəb olub.

Bazarda rəqabət olmadığından, AZAL istədiyi qiymət siyasətini tətbiq edə bilir. Müqayisə üçün deyək ki, Azərbaycanda bilet qiymətləri qonşu ölkələrdən, məsələn, Gürcüstandan ən az 5 dəfə bahadır. Baxmayaraq ki, Azərbaycandan MDB ölkələrinə, yaxud o ölkələrdən Azərbaycana təyyarə ilə uçuşun bir gedişinin qiyməti 1 168.5 manat təşkil edib, bu da son ayda 4.9 faiz ucuzlaşma deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədaxili biletlərin qiymətində isə sabitlik hökm sürür. Bir gedişin qiyməti 53.67 manat təşkil edir.

MDB ölkələri istisna olmaqla xariclə hava nəqliyyatı hər gedişin qiyməti isə 1.3 faiz bahalaşmaqla 724.27 manata yüksəlib. Qiymətlərin yüksək olması ilə bağlı Dövlət Turizm Agentliyi “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) idarəetməsi həvalə olunmuş Azərbaycan İnvestisiya Holdinqinə (AİH) müraciət edib. Bununla bağlı 10 avqusta açıqlanan məlumatda qeyd olunub.

Müraciətin isə hansısa müsbət nəticə verdiyini demək mümkün deyil. Çünki AZAL-ın qiymət siyasətində dəyişiklik baş verməyib.

İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında deyib ki, bu məsələ kökündən dəyişilməlidir:

“Bunun üçün Azərbaycanda İnvestisiya Holdinqi yaradıldı. Bu qurum isə müddət gözləmədən hərəkətə gəlməli, AZAL daxil olmaqla bu qəbildən olan qurumların fəaliyyətində dəyişikliklər baş verməli, istər xidmətin keyfiyyəti, istər qiymət siyasəti, isrətsə də digər məsələlərdə müsbət dəyişiklik olmalı idi. Amma bunların heç birini hələ görə bilmirik”.

İqtisadçı hesab edir ki, AZAL-ın bilet qiymətləri sadə yolla ucuzlaşmayacaq:

“Baxmayaraq ki, Azərbaycanda hazırda AZAL-la bərabər törəmə şirkəti “Buta” şirkəti də fəaliyyət göstərir. Amma digər şirkətlər bazara buraxılmalıdır ki, sağlam rəqabət formalaşsın. Gürcüstan, Rusiya, Türkiyə, İtaliya modelini Azərbaycana gətirmək lazımdır. Təkcə AZAL-ın fəaliyyəti ilə bu məsələni həll etmək istəsək, mümkün olmayacaq. Gülünc güzəştlər təklif olunur.

Bu, birinci dərəcəli qiymət diskriminasiyası, yəni inhisarçılıqdır. Müştərinin də başqa variant olmadığı üçün AZAL-ın baha biletini almağa məcburdur. Bu problemin yeganə həlli sağlam rəqabət mühitinin yaradılmasıdır. O zaman sərnişin axınının azalmasını gördükdə, AZAL vətəndaşın da xeyrinə olacaq addım atacaq. Bunun başqa yolu yoxdur”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir