Manşet

Nəvəsinin ölümünə səbəb olan baba, 1 yaşlı körpənin günahı nə idi?

Bildiyimiz kimi nəvə nənə-baba üçün bir sərvətdir. Elə bir sərvət ki, qoxuladıqca ətrinə doyulmayan və sevdikcə tükənməyən ən şirin bir sərvət.

Nənə-babanın uşağın inkişafında rolu çox böyükdür. Çünki nənə-baba uşağın emosional, intellektual baxımdan daha yaxşı böyüməsinə yardımçı olur. Həmçinin nənə-babanın olduğu evlərdə uşaq hörmət, mərhəmət ən əsası əxlaqı və s. daha doğru, daha yaxşı öyrənmiş olur. Nənə-baba tərbiyəsi bir növ qayğı, müdriklik və həyat təcrübəsi deməkdir.

Uşaq onlarla münasibət nəticəsində yaşlı nəsilə davranış qaydalarını öyrənir. Nənə-babanın nəvəyə olan sevgisi o qədər çox olur ki, hətta uşaq öz ata anasından hər hansısa bir istəyi olan zaman valideynləri etiraz edir lakin, nənə-baba onların etirazlarına məhəl qoymadan, heç bir suala, izaha əsaslanmadan uşağın sonsuz istəklərini həyata keçirirlər. Nənə-baba uşaqla daha ürəkdən davranır. Ümumiyyətlə, nəvə və nənə-baba arasında sanki sehrli bir əlaqə var və bu uşaq psixologiyasına çox müsbət təsir edir. Məsələn, bir nağılı uşağa həm ana-ata, həm nənə-baba söylədikdə onun üçün nənə-babanın söylədiyi nağıl daha maraqlı olur. Bir sözlə nənə-babanın nəvəyə olan sevgisi çox fərqlidir. Hətta öz canlarından, qanlarından olan doğma övladları öz uşaqlarına səslərini yüksəldəndə nənə-baba dərhal müdaxilə edərək nəvələrini müdafiə edirlər. Çünki onlar istəməzlər ki, nəvələrinin gözlərindən bir damla yaş axsın və ya saçlarının bir telinə zərər gəlsin.

Lakin avqustun 14-də baş vermiş hadisəyə nəzər salsaq görərik ki, burada baba öz zorakı əməlləri ilə nəvəsinin ölümünə səbəb olub. 1 yaşlı körpənin günahı nə idi? Belə ki, avqustun 14-də Biləsuvarın İsmətli kəndində bir ananın övladı ilə birgə özünü kanala atması və azyaşlının da oradaca vəfat etməsi xəbərini hamı eşidib. 30 yaşlı Gülər İmanzadə 1 yaşlı oğlu Polad ilə bərabər intihara cəhd edib, azyaşlı oğlu suda boğularaq dünyasını dəyişib. Və aparılan araşdırmalar nəticəsində məlum olub ki, qadının belə bir dəhşətli hadisəni törətməsinə səbəb onun ailədə davamlı şəkildə zorakılığa məruz qalması olub. Gəlinin və oğlunun əri tərəfindən zorakılığa məruz qalmasına dair iddialar yayılsa da gəlinin əmisi oğlu hadisənin baş vermə səbəbləri barədə danışıb, onun sözlərindən məlum olub ki, Gülər həyat yoldaşı tərəfindən yox, məhz qayınatası tərəfindən zülümlərə məruz qalıb. Gülərin əmisi oğlu Gülərin həyat yoldaşının çox sakit, tərbiyəli oğlan olduğunu bildirib, həmçinin Gülərin həmin evə gəlin gedən gündən qayınanasının, baldızlarının ona qarşı çox yaxşı rəftar etdiklərini, lakin qayınatasının ona çox pis davrandığını və davamlı olaraq qayınatası tərəfindən zorakılığa məruz qalaraq döyüldüyünü bildirib. Ailəsində baş verənləri Gülər hamıdan gizlətməyə çalışıb, xüsusilə atası yataq xəstəsi olduğundan və ürək problemi yaşadığından başına gətirilən zülmləri ona deməyib.

Çoxlarımızın bildiyinə görə gəlinlər əsasən qayınataları tərəfindən daha çox istənilib, əzizlənir və buna görə də gəlinlər çox vaxt qayınatalarını daha əziz bilirlər. Amma nədənsə bu başıbəlalı Gülərin gəlin getdiyi ailədə tam tərsi olub. Sanki qayınata ilk gündən öz gəlninə düşmən olub. Görəsən bu qayınatanı nə vadar edib ki, doğma oğlunun həyat yoldaşının, hələ 1 yaşını yeni tamam etmiş körpə nəvəsinin anasının qəsdinə durubmuş?. Bir ata, bir qayınata, bir baba bu qədərmi qəddar olar? Qayınatanın gəlninə olan gərəksiz inadı üzündən canından bir parça olan günahsız körpə nəvəsi, gələcəyin igid əsgəri, bir nəslin davamçısı həyatını itirdi. Bütün bunların olmasına nə gərək var idi?. İnsanların çoxu övlad həsrəti ilə yaşayarkən bu ailədə sanki övladın qəsdinə durublarmış. Əsasən gəlinlər inciyib ata evinə gedəndə, qayınata gedib onu gətirir, evin böyüyü olaraq ailənin dağılmasına izin vermir, əksinə barışıq yaradır. Bu ailədə nədənsə qayınata tam bir düşmən mövqeyində dayanaraq gəlninə zülmlər etməklə, azyaşlı günahsız körpə nəvəsinin ölmünə səbəb olmaqla bilavasitə oğlunun yuvasını dağıtdı. Doğrudur ailənin dağılmasında, günahsız körpənin ölümündə ilk növbədə günah qayınatadadır amma, bir o qədər, bu körpənin ölmündə ana da günahkardır, qayınatasına olan hirsini körpə övladından çıxmamalı idi. Daha məntiqli düşünərək addım ata bilərdi. Ən rahat yolu canlarına qəsd etməkdə tapmamalı idi. Özü 30 il ömür yaşayıb, lakin hələ 1 yaşını yeni tamam etmiş qanından, canından olan, heç nədən xəbəri olmayan məsum körpənin həyatını məhv etməyə haqqı yox idi. Və ən əsası o bir anadır, qayınata zülmündən canlarını qurtarmaq üçün bunu etməyi heç cür düzgün deyil. Ona görə ki, onun etdiyi bu əməl müqəddəs ana adına yaraşmır. Bu xəbərləri bütün dünya eşidir onun etdiyi hərəkəti digər valideynlər də təkrarlamağa çalışar. Unutmamaq lazımdır ki, Allahın əmanət verdiyi canı sahibinə qaytarana qədər qorumaq borcumuzdur. Və Allahın verdiyi canı, Allahdan başqa heç kim ala bilməz!.

Cavadzadə Seyid Sürayə

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir