Cəmiyyət

Xaraba günə qalan YASAMAL… – Kimdir günahkar… BİLİNMİR!

Bakıda yaşayış binalarının birinci mərtəbələrinin, zirzəmilərinin və ətraf ərazilərin zəbt edilərək iaşə, ticarət obyektləri kimi istifadə edilməsi adi hala çevrilib. Belə neqativ hallara xüsusən də şəhərin mərkəzində, metro stansiyaları yaxınlığında yerləşən binalarda daha çox rast gəlinir. Bu zaman qanunsuz olaraq, binanın konstruksiyasına dəyişikliklər edilir, əlavə dirəklər qoyularaq eyvan bir neçə metr artırılır. Belə artırmaları yalnız sovet dövründə tikilmiş binalarda görmək mümkündür.

Əlbəttə, Azərbaycan reallığında sahibkar, yaxud mənzil sahibi belə tikililəri özbaşına, yerli icra hakimiyyətinin xəbəri olmadan apara bilməz. Əvvəlcədən bu qurumun, eyni zamanda başqa dövlət təşkilatlarının nümayəndələri ilə görüşüb “razılaşma” əldə edilir, daha sonra tikinti aparılır.

Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, “İnşaatçılar” metrostansiyasının həndəvərində belə qanunsuz tikililərin sayı-hesabı yoxdur. Ötən əsrin 60-70-ci illərində daşdan tikilmiş və əslində, artıq istismar müddətini başa vurmuş beşmərtəbəli yaşayış binalarının əksəriyyətinin aşağı mərtəbələri obyektlərə çevrilib. Mənzillərin prospektə baxan hissələrində əlavə bir-iki mərtəbəli artırmalar tikilib.

“İnşaatçılar” metrostansiyasına yaxın 4 binada təxminən 40-a yaxın obyekt fəaliyyət göstərir ki, onların da əksəriyyəti mağazalardır. Bu mağazaların “söykəndikləri” binaların ümumi durumu və xarici görünüşü isə heç də ürəkaçan deyil. Sovetdən qalma binaların səthində, divarlarında artıq iri çatlar yaranıb, qəzalı eyvanlar və pəncərəsiz otaqlar da diqqəti cəlb edir. Binalara “calaq edilən” obyektlərin necə gəldi tikilməsi onların arxitekturasını da eybəcərləşdirib. Bundan başqa, həmin tikililər əhalinin sıx, gediş-gəlişin intensiv olduğu ərazidə piyadaların hərəkətini çətinləşdirir.

Bu problemlə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən “AzPolitika.info”-nun sorğusuna cavab olaraq bildirildi ki, artıq belə tikililərlə bağlı yerli icra orqanı hər hansı qərar qəbul etmir. Bu səlahiyyət 2018-ci ildə onlardan alınaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib.

Komitənin mətbuat katibi Ramiz İdrisoğlu isə “AzPolitika.info”-ya bildirdi ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, çoxmənzilli yaşayış binalarının birinci mərtəbələrində yerləşən əlavələrdə tikinti işləri aparmaq üçün tikintiyə icazə verilməlidir. “Həmin icraat zamanı binaların dayanıqlığı və memarlıq üslubu yoxlanılır, aidiyyatı dövlət qurumlarından zəruri rəylərin alınması təmin edilir. Bu sahədə qanunvericiliyin tələblərinin qorunmasına yerli icra hakimiyyəti orqanları, Fövqəladə Hallar Nazirliyi (FHN) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən nəzarət olunur”, – deyə R.İdrisoğlu qeyd edib.

Onun sözlərinə görə, bu məsələlər 2018-ci ildən komitənin səlahiyyətinə verildikdən sonra, adı çəkilən ərazidə belə tikintilərin aparılmasına icazə verilməyib.

Tikinti, memarlıq, dizayn sahəsində fəaliyyət göstərən “Nilufer Architect” şirkətindən “AzPolitika.info”-ya bildirildi ki, binanın əsas yükdaşıyan divarlarına və sütunlarına müdaxilə edilərək tikinti aparılması qanunsuzluqdur. Çünki bu zaman binanın davamlılığı zəifləyir və bina vaxtından əvvəl qəzalı vəziyyətə düşür. Lakin binada konstruktiv dəyişikliklər etmədən tikinti aparmaq olar. “Ancaq köhnə tikililərə dəyişikiliklər etmək çox təhlükəlidir. Çünki sovet binalarında belə əlavələr yox idi və gələcəkdə də onların edilməsi nəzərə alınmamışdı. Binaya belə dəyişiklik edilən zaman mütləq memar rəyi nəzərə alınmalıdır”, – deyə şirkətin nümayəndəsi bildirdi.

Mütəxəssislər bildirirlər ki, belə tikililər binanın etibarlılığını təhlükə altına atır. Çünki təmir-bərpa işləri zamanı binanın bünövrəsində zədələnmə baş verir. Nəticədə dayaq rolunu oynayan divarlar dözümlülüyünü və müqavimətini itirməyə başlayır. Ona görə də, mütləq həmin bünövrələrin vəziyyəti araşdırılmalı, təmir prosesləri elə həyata keçirilməlidir ki, zədələnmə baş verməsin. Digər tərəfdən, belə obyektlərin binaya bitişik tikilməsi gələcəkdə baş verə biləcək bədbəxt hadisələr zamanı bina sakinlərinin həyatına təhlükə yaradır. Həmçinin, binada bu kimi əlavə tikililər aparılan zaman orada yaşayan sakinlərin razılığının alınması mütləqdir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir