Manşet

BNA-nın vicdan ölçüsü və qazilərə hörmətsizlik

Bir müddətdir sosial şəbəkələrdə qazilərin dövlət nömrə nişanları olmadan onlara verilmiş avtomobilləri idarə etmələri ilə bağlı müzakirələr aparılır. Hətta bəzi vətəndaşlar qazilərin avtomobilləri nömrə nişanı olmadan idarə etməsi ilə bağlı narazılıqlarını da ifadə edirlər.

Məsələ ilə bağlı “Qarabağ qaziləri” İctimai Birliyinin sözçüsü Rey Kərimoğlu Axar.az-a açıqlamasında deyib ki, buna səbəb avtomobillərini dayanacaqlarda saxlayan qazilərə qanunsuz cərimələrin yazılmasıdır:

“Dayanacaqlarda dayanan Bakı Nəqliyyat Agentliyinin ərazi üzrə əməkdaşları tərəfindən qazilərin avtomobillərinin fotoları çəkilib sistemə vurulur. Cərimə olmaması üçün əlillər də avtomobilin nömrəsini çıxarırlar. Qanunla dayanma-durma qadağası olan ərazidə I və II qrup əlillərinin avtomobil saxlamalarına icazə var. Avtomobildə əlilliklə bağlı işarə olduğu halda yenə də cərimə yazılır. Cərimələr də ödənmədiyinə görə qazilərin sürücülük vəsiqəsi ləğv edilir. Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi tərəfindən hər zaman qazilərə xüsusi diqqət göstərilib. Lakin avtomatlaşdırılmış sistem olduğuna görə, kameralar qazilərin maşınlarını görüntüləyir. Məhkəməyə də, DİN-ə də cərimələrin silinməsi üçün rəsmi olaraq müraciət etmişik. Qazilərin əsəbi, hissiyatı ilə oynamasınlar”, – R.Kərimoğlu bildirib.

“Qarabağ qaziləri” İB-nin sədri Asəf Əliyev isə qeyd edib ki, ona məxsus “Akra” markalı avtomobil texniki baxışdan 20 ildir keçməyib, avtomobilin istismar müddəti bitib, amma bunun üçün hələ də ona cərimə yazılır:

“Həmin maşınlar əlil arabası sayılır. Qazilərə veriləndə bildirildi ki, bu maşınlar texniki baxışdan keçirilmir. Avtomobillər bizə veriləndə sığortalanmadı. Lakin avtomobilimə 20 ildən qalan cərimələri də yazıblar. İstismar müddəti bitən avtomobil texniki baxışdan keçə bilməz. Pensiya alan adam bu pulu necə ödəməlidir?”

Məsələ ilə bağlı saytımıza açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilmədən idarə olunmasına görə cərimələr xüsusi texniki vasitələrlə qeydə alınır:

“Qanunvericiliyin tələbinə görə, avtomobil əgər texniki baxışdan vaxtında keçirilmirsə, 20 gündən bir cərimə tətbiq oluna bilər. Cərimə ilə bağlı bildiriş gəlməməyi əvvəllər vətəndaşın qeydiyyatdan keçmədiyinə və asan kabinet yaratmadığına görədir. Mobil telefon nömrəsi qeyd olunmayıbsa, sistemdə yoxdursa, bildiriş gəlmir. Yalnız yaşadığı ünvana xəbərnamə göndərilə bilər. Əgər həmin ünvanda yaşayırsa, mütləq qaydada xəbərnamə poçt vasitəsilə çatdırılır”.

O qeyd edib ki, istismar müddəti bitdiyi halda avtomobilinə cərimə yazılan qazimizin məsələsi isə araşdırılacaq.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə qanunvericiliyin tələbindən danışıb və qurum əməkdaşlarının qanunsuzluğa yol vermədiyini deyib:

“Azərbaycan Respublikası Yol Hərəkəti haqqında qanunun 64-cü maddəsinin 5-ci hissəsinin 4-cü bəndinə əsasən, əlilliyi olan şəxsin tanınma nişanına malik nəqliyyat vasitələrinə yalnız 3.28 yol nişanının qüvvəsi şamil edilmir. 3.28 yol nişanı durmanı qadağan edən nişandır. Əlilliyi olan şəxs tanınma nişanı olan avtomobilini “durma qadağandır” yol nişanının təsir zonasında saxlaya bilər. 3.27 yol nişanı olan ərazidə isə əlilliyi olan şəxslərin tanınma nişanı olan avtomobilləri park edilə bilməz. 3.27 yol nişanı dayanma-durmanı qadağan edən nişandır. İnzibati tənbehvermə haqqında qərar düzgün tərtib edilib. Əməkdaşlarımız tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməyib”.

Əlbəttə, BNA-nın əməkdaşları dayanma-durmanın qadağan olunduğu ərazidə avtomobillərini saxlayan qazilərə qarşı qanunsuzluq etmir. Amma məlumdur ki, yol nişanının nömrəsindən, onun hansı qanunla necə tənzimlənməsindən asılı olmayaraq, əlilliyi olan şəxs qanunun icazə verdiyi yerdə avtomobilindən düşüb yolu piyada keçə bilməz. Çünki buna onun sağlamlığı imkan vermir. Onun üçün də əlil avtomobilini ona daha uyğun olan yerdə saxlayır. Buna görə də əlillərə münasibət qanun deyil, vicdan çərçivəsində olmalıdır. Onlar da bunu istəyirlər. Yoxsa qanunun harada və necə işlədiyini də BNA əməkdaşlarından gözəl bilirlər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir