“Dedilər ki, Qarabağ əlili, imkansız olduğuma görə torpağı müqaviləsiz əkib-becərim…” – GİLEY
“Birinci Qarabağ müharibəsi qazisiyəm, II qrup əliləm. Müharibədə ağır yaralanmışam, bədənimdə 40-a qədər qəlpə qalıb. Vətən uğrunda xidmətlərimi nəzərə alıb mənə yaşadığım kənddə dövlət başçısının tapşırığı ilə 50 sot torpaq sahəsi icarəyə verilib. Amma bələdiyyə sədri həmin torpağı əlimdən alaraq başqasına satıb”.
Bu iddia ilə “Qafqazinfo”ya Quba rayonunun Qacar Zeyid kənd sakini, Birinci Qarabağ müharibəsi qazisi Bəybala Əliyarov müraciət edib. Qazinin sözlərinə görə, torpaq sahəsi ona 2004-cü ildə verilib və 13 il ərzində müqavilə əsasında torpağa qulluq edib. Sonrakı müddətdə isə bələdiyyə torpağı ona müqaviləsiz istifadəyə verilib: “O vaxt həmin bağı mənə verəndə normalda 400 ağac olmalı olan sahədə cəmi 180 ağac var idi. Onlardan da 100-ü məhsuldar idi. Mən o bağa qulluq elədim, 13 ildən sonra ovaxtkı bələdiyyədən dedilər ki, Qarabağ əlili, imkansız olduğuma görə torpağı müqaviləsiz əkib-becərim. 2021-ci ilin may ayında eşitdim ki, hazırda yaşadığım Qacar Zeyid kəndinin də daxil olduğu Alekseyevka bələdiyyəsinin sədri Elçin Manafov tərəfindən torpağım başqa bir vətəndaşa satılıb. Mən bu torpağa uzun illər baxmışam, uzun müddətli müqavilə üçün müraciət etmişəm, necə olur ki, mənə deyil, başqasına veriblər? O torpağı mənə dövlət başçısı verib. Həmin torpağımı da özümə qaytarsınlar.”
Şikayətçi bildirir ki, müxtəlif dövlət orqanlarına müraciət etsə də, problemi aradan qaldırılmayıb: “Mənə bağ veriləndə orada qeyri-məhsuldar ağaclar var idi, onları çıxarıb yerində yeni meyvə ağacları – alça, gavalı və sair əkmək istəyirdim. Bunun üçün dəfələrlə bələdiyyəyə müraciət etsəm də, imkan vermədilər. Hətta müqaviləsiz əkib-becərən vaxtda da müraciət etdim, yenə qoymadılar, dedilər ki, bağ sənə uzunmüddətli müqavilə ilə veriləndə əkərsən. İndi də yeni bələdiyyə deyir ki, guya mənim əlavə 80 sot torpaq sahəm var. Halbuki o təkcə mənim deyil, 18 nəfərlik ailə üzvlərimə aiddir. Quba Rayon İcra Hakimiyyətinə, Xaçmaz Regional Ədliyyə İdarəsinə və digər aidiyyəti qurumlara şikayət etsəm də, problemi həll edən yoxdur. Arada meyvə ağaclarım quruyub gedir”.
“Qafqazinfo” məsələ ilə bağlı Alekseyevka bələdiyyəsinin sədri Elçin Manafovla əlaqə saxlayıb. O, qazi Bəybala Əliyarovun qeyd olunan torpağı icarəyə götürməsindən xəbərsiz olduğunu bildirib: “Bələdiyyənin hesabında bir baxımsız yer var idi. Nə vaxtsa, kimsə orada sənəd alıb, atılıb qalıb. Biz dəfələrlə baxış keçirdik, gördük ki, tam istifadəsizdir. Vətəndaş heç kəsə də sənəd təqdim etməyib. Şifahi də olsa deməyib ki, burada mənim yerim var. Tam baxımsız yer idi, ağaclar qurumuşdu. Biz də onu qanunauyğun olaraq hərraca çıxardıq. Bir vətəndaş qalib gəldi və oranı notariusla icarəyə verdik.
Harada görünüb ki, Prezidentin göstərişi ilə icarəyə 50 sot torpaq verilsin?! İslahat aparıldı və ona da 2 pay torpaq sahəsi verildi”.
Bələdiyyə sədrinin sözlərinə görə, B. Əliyarov heç vaxt ağac əkmək üçün bələdiyyəyə müraciət etməyib: “Həmin vətəndaş hazırda bələdiyyənin 80 sot torpağını sərəncamsız idarə edir. Hazırda həmin torpaqdan istifadə edir. Biz ona demişik ki, elə-belə istifadə oluna bilməz, hərrac keçirilməlidir”.
Problemlə bağlı Quba Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. İnformasiya təminatı və təhlil sektorundan bildirildi ki, şikayət aidiyyəti üzrə yönləndirilib və bizə bir ay ərzində cavab veriləcək.
Xaçmaz Regional Ədliyyə İdarəsinin rəis müavini Qədim Paşayev isə saytımıza bildirib ki, vətəndaş uzun müddət istifadəsində olan 50 sot torpaq sahəsi ilə bağlı bu ilin 15 avqustunda idarəyə müraciət edib: “Şikayətçinin izahatı alınıb. O bildirib ki, 2004-2012-cı illərdə həmin torpaq sahəsini istifadə edib. 2012-ci ildən sonra isə istifadə etməyib. Bələdiyyədə də həmin torpağın kiminsə istifadəsində olması barədə sənəd olmayıb. Həmin torpaq sahəsi də yararsız olduğundan bələdiyyənin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınıb. Qeyd edilən torpaq sahəsi də 29 mart 2021-ci il tarixli qərarı ilə hərraca çıxarılıb. Mayıs İsgəndərov adlı şəxs hərracın qalibi olub. Torpaq həmin şəxsin uzun müddətə istifadəsinə verilib. Şikayətçinin istifadəsində 80 sot da ayrıca torpaq sahəsi vardır. Bələdiyyə bildirir ki, həmin şəxs müraciət etsə o torpaq sahəsini rəsmiləşdirib ona icarəyə vermək olar. Bundan əlavə, 50 hektar torpaq sahəsi də onun icarəsinə verilə bilər. Amma şikayətçi bələdiyyənin təklifindən imtina edir”.