NAZİRİN QOVDUĞU VERGİ İŞÇİSİ 15 MİLYONLUQ TENDER UDUB – Şirkəti “Azərişıq”-dan daha bir tender aldı
Dövlət orqanlarında çalışan məmurların xüsusi “biznes bacarıqlarının” olduğu heç kimə sirr deyil. Görünür, məhz bu üzdən əksər məmurların obyektləri, şirkətləri və digər biznes strukturları var. Elə dövlət orqanlarının keçirdikləri, yumşaq desək, müəmmalı tenderlərin də böyük əksəriyyətini məhz məmurlara yaxın, yaxud onlara məxsus şirkətlər qazanır.
Vahid dövlət satınalmaları portalına istinadla xəbər veririk ki, “Azərişıq” ASC Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunması məqsədilə 110 kV-luq iki dövrəli hava xəttinin çəkilməsi, eləcə də Daşkəsən rayonunun ərazisində yerləşən mövcud “Daşkəsən” yarımstansiyasının yenidən qurulması işlərinin satın alınması ilə bağlı elan etdiyi iki tenderə yekun vurub. Tenderlərin qalibləri müvafiq olaraq “Enerji Construction” və “Msdis Holding” MMC olub. Beləliklə, “Azərişıq” “Enerji Construction”-a 14 milyon 417,3 min manat, “Msdis Holding” MMC-yə isə 15 milyon 558,3 min manat ödəyəcək.
Azərbaycanda tender və dövlət satınalmaları mövzusu hələ də iqtisadiyyat və dövlət büdcəsi üçün ağrılı mövzu olaraq qalır və əksər hallarda bu tenderlərin necə keçirildiyi hamıya məlumdur. Lakin bu qeyd olunan xəbərdə adı çəkilən “Enerji Construction” həm də maraqlı tarixçəsilə seçilir.
Belə ki, 2020-ci il yanvar ayının 13-də dövlət qeydiyyatına alınan və cəmi 100 manat nizamnamə kapitalına malik olan bu şirkətin qanuni təmsilçisi Şahin Mansur oğlu Mollayevdir. Şahin Mollayev əvvəllər Dövlət Vergilər Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində vəzifə tutub. O, ötən ilin yanvar ayında İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə işdən azad edilib. Təbii ki, heç kimi hansısa yaxşı əməlinə görə azad etmirlər…
O da maraqlıdır ki, Ş.Mollayev “ENERJI CONSTRUCTION” MMC-ni təsis etdikdən 17 gün sonra, ötən ilin yanvar ayının 30-da işdən çıxarılıb. Həmin məmurun işdən çıxarılmasının şirkət yaratması ilə əlaqəli olub-olmadığı barədə isə hər hansı məlumat yoxdur…
Onu da qeyd edək ki, bu, sözügedən şirkətin “Azərişıq”-dan “qazandığı” ilk tender deyil. Belə ki, ötən il “Azərişıq” həmin şirkətə 6.8 milyon daha bir tender vermişdi…
“Azərişıq”dan tender alan ikinci şirkət – “Msdis Holding” isə 2020-ci il iyun ayının 10-da dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,572 milyon manat, qanuni təmsilçisi isə Mirfəyyaz Oktay oğlu Nağıyevdir./azpolitika.info/