Paytaxt sakini Nəsir Məmmədli Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 42-də yerləşən evlərinə söküntü prosesi zamanı “Dönüş-1 MMC” tərəfindən zərər verildiyini iddia edir.
Bu barədə Bakupost.az -a müraciət edən N. Məmmədli qeyd edib ki, həmin ərazidə 2017-ci ildən tikinti işləri aparılır:
“Hazırda həmin ərazidə yalnız 2, 16 və 19 saylı mənzillər qalıb. Tikinti sahənin düz ortasındadır. Onlar bizimlə heç bir razılığa gəlmirlər, elə şərtlər irəli sürürlər ki, ağlı başında olan şəxs onu qəbul etməz. Ordan çıxmağımız üçün bizə təzyiq göstərirlər. Ərazidəki evlər bir-birinə bitişik tikilib. Əllə deyil, ekskavatorla bütün ətraf evlərin hamısını söküblər. Hazırda evimiz pis gündədir. Divarlarda çatlar yaranıb, döşəmə aralanıb, fundamenti pozulub. İstəyirlər ki, evimiz tam uçsun, sonra onlarla razılaşaq. Hətta bizi məhkəməyə də vermişdilər. Amma uduzdular. Məhkəmə qərar çıxartdı ki, mülkiyyət sahiblərinin hüquqlarına toxunula bilməz”.
Şikayətçi iddia edir ki, adıçəkilən MMC-nin sahibi 15 saylı Yasamal 1-ci seçki dairəsindən seçilən deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadədir:
“Deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə 2 dəfə mənimlə razılaşmaq istəyib. Elə təklif verib ki, yəni sənə daxma verim, çıx burdan. İcra başçısı da bizim tərəfimizdədir. Oraya gələrək dedi ki, qayda-qanunla burada tikinti aparıla bilməz. Amma yenə də davam edirlər. Orxan Quluzadənin özü tez-tez tikinti gedən yerə baş çəkir. Əlimdə faktlar da var. 005 seriyalı maşınlarla bir neçə dəfə əraziyə gəlib. Olan-qalan 1-cə evim var, onu da yaşanmaz hala gətiriblər. Mən heç kimdən çəkinmirəm, hara lazımdı müraciət edəcəyəm”.
Məsələ ilə bağlı deputat Ülvi Quliyevlə əlaqə saxlasaq da, zənglərimizə cavab verilmədi.
“Dönüş-1 MMC”nin satış üzrə meneceri Həbib Məmmədov isə evə heç bir zərər vurmadıqlarını deyib:
“Onun evi 200 il bundan əvvəl tikilib. Biz ona yaxın məsafədə yerləşən evləri əllə sökdürmüşük ki, divara zərər dəyməsin. Ekskavator ona aid olmayan yerdə işləyib. Deyir ki, mənə 600-700 min manat kompensasiya verməlisiniz. Bu evə gəlib kənardan baxanlar ancaq 30 min manat pul verərlər. Bir ev də dayısının evidir, yan-yanadır. Heç birinə müdaxilə etmirik. Şirkətin Ülvi Quliyevin oğluna məxsus olmasına gəlincə isə obyektin sahibi tamam başqa adamdır. Əvvəl başqa bir deputatın adını çəkirdilər, indi də ayrı bir deputatın adını çəkirlər”.
Qeyd edək ki, deputatın oğlu ilə bağlı mətbuatda bundan əvvəl də bu cür səs-küylü, qalmaqallı yazılar dərc edilib.