Manşet

Hakim Mirzə Xankişiyevin adı QALMAQALDA – TƏFƏRRÜAT

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 22, mənzil-19 ünvanında qeydiyyatda olan 2-ci dərəcəli əlil Bayramova Ağcagül Tanrıverdi qızı və ağır xəstə olan həyat yoldaşı Bayramov Rüstəm Ərəstun oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədova, Azarçaycanın Baş Prokuroru Kamran Əliyevə, Azərbavcan Ali Məhkəməsinin sədri Ramiz Rzayevə və surəti “Təzadlar” qazeti redaksiyasına ünvanlı müraciəti daxil olmuşdur.

Müraciəti oxuyandan sonra bir daha təəssüf hissi ilə bildirməliyik ki, Azərbaycan dövlətinin adından qərar qəbul edən, hökm çıxaran bəzi hakimlər dövlətimizin imicinə hansı zərbəni vururlar. Aşağıda təqdim etdiyimiz müraciətin bu mənada “baş qəhrəmanı” isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevdir. Sadəcə, çox təəssüflər olsun ki, hakim korpusunda hələ də belə hakimlərə rast gəlinir.

Beləliklə, adları çəkilən şikayətçilərin ölkə rəhbərliyinə müraciətində deyilir:

– Çox hörməti cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli cənablar!

Bildirirəm ki, mən- Bayramova Ağcagül Tanrıverdi qızı, hörmətli Mehriban xanım Əliyevanın şəxsən özünün köməkliyi və himayədarlığı ilə H.Əliyev Fondunun hesabına hər iki əlimdən əməliyyat olunmuşam. 2-ci dərəcəli əliləm. Buna görə şəxsən Mehriban xanıma ömrümün sonuna qədər ailəmlə birlikdə minnətdaram.

Təəssüf hissi ilə bildirmək istəyirəm ki, həyat yoldaşım Bayramov Rüstəm Ərəstun oğlu 2005-ci il noyabr ayında sabiq spiker Rəsul Quliyevin qardaşı oğlu Etibar Quliyevin barəsində Bakı Ağır Cınayətlər Məhkəməsində onunla birlikdə olan cinayət işində 7 il həbs cəzası almış böhtançı Sərabi Mənsur Rəhman oğlu tərəfındən şərlənmişdir. Heç bir yerdə işləməyən, əslində, dələduzlarla əlbir olub bu və ya digər fırıldaqlar edən bu adam həyat yoldaşım Rüstəmdən əvvəl isə “REAL TV”nin rəhbəri Mir Şahinin qardaşı Mirəddini və Nəriman adlı başqa bir müəllimi də eyni yolla şərləyib həbs etdirmişdir. Onun şər metodunun dəsti- xətti isə eynidir: guya kimlərsə onun filan qədər məbləğdə pulunu ələ keçirmişdir! Heç bir yerdə işləməyən, rəsmi iş yeri olmayan bir adamda bu qədər pullar hardandır, yaxud niyə hamı elə onu hədəf seçmişdir??? Başımıza gələnləri danışıram ki, Mansur Sərabinin və onu dəstəkləyən hakim Mirzə Xankişiyevin birlikdə qurduqları bu oyunlar necə baş tutur.

Cənab Prezident! Bildirirəm ki, 3 oktyabr 2017-ci ildən 10 yanvar 2019-cu il tarixinə qədər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Xankişiyev Mirzə Aslan oğlu tərəfındən həyat yoldaşıma qarşı görünməmiş haqsızlıq edilmişdir. Belə ki, hakim istintaqda Rüstəmin Mansur Sərabi ilə üzləşməsində ona dediklərini, həmçinin Səbail RPİ-dəki ziddiyyətli ərizəsində qeyd olunan faktları məhkəmə istintaqında və sonradan çıxardığı hökmündə gizlətmişdir. Yəqin ki, bunların hamısını Məhkəmə Hüquq Şurası araşdıracaqdır. Çünki Mansur Sərabinin qondarma şikayəti əsasında (müstəntiqin də qanunsuz qərarı ilə) 1 il 3 ay yalançı məhkəmə keçirilib, ağır dərəcədə bir neçə xəstəliyi olan həyat yoldaşımı hər həftə yalandan aparıb gətirdiblər. Ta bezdirib hakim Mirzə Xankişiyev tərəfindən ondan pul alanadək. Belə ki, hakim Mirzə Xankişiyevin köməkçisi olan Habil adlı şəxs bizimlə sövdələşməyə getdi ki, “bəraət qərarı verilir, siz də 20000 (iyirmi min) manat verirsiniz, vəssalam!”. Heç kimimiz olmadığından qorxurduq ki, həyat yoldaşım tutular, ailə başsız qalar. Ona görə də bütün əşyalarımızı satdıq, bir neçə qohumdan borc alıb Habilə verdik. O isə bizi aldatdı. Əksinə, pul veriləndən sonra onlar həyat yoldaşıma 2 il şərti iş verdilər. Dəfələrlə Habilə və hakim Mirzə Xankişiyevə desək də, bizim pulumuzu qaytarmırlar. Hansı ki, onu borca götürmüşdük, hələ də faiz ödəyirik. Mirzə Xankişiyev isə deyir ki, guya həmin pul köməkçisi Habilə verilib, pulu o, mənimsəyib. Habil isə əksini deyir, bildirir ki, həmin pul hakim Mirzə Xankişiyevdədir. Qalmışıq bu ikisinin arasında.

Biz həyat yoldaşımla hər ikimiz ağır dərəcəli xəstəyik. Azyaşlı xəstə uşağımızla birlikdə kirayədə yaşadığımız evin pulunu belə ödəniş etməyə gücümüz olmadığından, indi küçələrdə qalmışıq, pis gündə yaşayırıq. Mirzə Xankişiyev isə pulumuzu qaytarmır ki, başımıza bir çarə qılaq, borclardan xilas olaq.

Hakimin bu cür qanunsuz və ədalətsiz hərəkətindən 3 ildir aidiyyəti dövlət qurumlarına rəsmi şikayət verməyimizə baxmayaraq, hakim adına layiq olmayan Mirzə Xankişiyevi hələ də cəzalandıran yoxdur.

Cənab Prezident! Maraqlıdır ki, bəzi dövlət qurumları isə bizim şikayətlərimizi tədbir görülməsi üçün Mirzə Xankişiyevin özünə göndərirlər. Gülməli bir oyun oynayıb həm bizi, həm də dövlət orqanlarını açıq şəkildə aldadırlar. Hətta biz Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevin də qəbulunda olmuşuq. Sədr də bizə dedi ki, gedin kimə istəyirsiniz şikayət edin, niyə ona pul verirdiniz???

Cənab Prezident!

Sizin tövsiyənizlə bu yaxınlarda (25.06.2021-ci il tarixində) Milli Məclis “Ali Məhkəmə kobud pozuntulara yol vermiş hakimlər barədə xüsusi qərarlar qəbul edə bilər” kimi qanuna dəyişiklik edib.

Deməli, bundan sonra Milli Məclis həmin qərar əsasında bu cür hakimin səlahiyyətinə xitam verə bilər. Məhz bu qanuna dəyişikliyə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin də barəsində dərhal tədbir görülə bilər. Hansı ki, Mirzə Xankişiyev 30 yanvar 2019-cu ildə Sərabi Mənsur Rəhman oğlunun, oğlu Talehin və 2 nəfər onun başqa pul alma işində, cəmi 3 şahidinin iştirakı ilə bir qurama işi bilərəkdən, qanuna zidd olaraq həyat yoldaşıma qarşı 5 dəqiqəlik oyuncaq məhkəmə iclası keçirdi. Və ona iki il şərti iş kəsdi. Əvəzində bizdən 20 min manat pul alaraq. Hansı ki, bizi həm də məcbur etdi ki, gedin Mənsur Sərabiyə iki dəfə külli miqdarda pul ödəyin, biz də məcbur olub onu da ödədik. 2 və 5 saylı notariusda təsdiq olunmuş sənədlər, öhdəliklər var, Mansur Sərabi yazıb ki, “Mənə dəymiş maddi ziyan tam ödənildiyindən bu işə dair həmin şəxslərə qarşı heç bir şikayətim və əlavə tələbim yoxdur”. Belə ki, həmin ərizədə 2 və 5 saylı notarius müdirlərinin və hakimin köməkçisi Habillə birlikdə pul verən şəxslərin şahidlikləri ilə təsdiqlənmiş imzaları var. Baxmayaraq ki, hakim bizi süni olaraq buna məcbur etdi. Sonra biz hakimin bu qurama hökmündən apellyasiya şikayəti verdik. Lakin Mansur Sərabi ikinci dəfə 2 saylı notariusda aldığı puldan iyirmi gün sonra Mirzə Xankişiyev onu yanına çağırtdırdı, öyrətdi. Hakim yaxın adamı, böhtançı Mənsur Sərabiyə qarşı apellyasiya şikayətimizi əngəlləmək məqsədi ilə heç bir vaxt, heç yerdə adı hallanmayan, təzə böhtanla ortaya çıxan, iki dəfə aldığı yüksək məbləğli pulları notariusda “əlavə heç bir tələbim və şikayətim yoxdur” yazıb imzalayan Mənsur Sərabinin müdafiəsinə qalxdı. Belə ki, hakim Mirzə Xankişiyevin öyrətməsi və tapşırığı ilə Bakı Apellyasiya Məhkəməsində ara qarışdırmaq üçün Mənsur Sərabi apellyasiya şikayətimizə qarşı qarşılıqlı şikayət verdi ki, guya əlavə 6 min manat da alacağı var. Bizim isə apellyasiya şikayətimizdən əlavə, Bakı Apellyasiya Məhkəməsi qarşılıqlı şikayət ərizəmizi isə rədd edən qərar çıxardı. Lakin qərarda “…Bu hərəkətlərinə görə, 6 min manat hissəsinin ödənilməsi öz təsdiqini tapmır” yazılmışdı. Bu artıq Mənsur Sərabinin qeyri-rəsmi və qərəzli münasibəti təsdiqini tapdı, özü-özünü bununla da ifşa etdiyini hakim qərara salaraq ona zalda açıq şəkildə bunları çatdırdı. Hakim ona dediklərinin hamısının yalan olduğunu üzünə desə də, ona böhtançı kimi xüsusi qərar qəbul edərək işi prokurorluq orqanlarına göndərmədi.

Bütün bunlar isə “zərərçəkmiş” Mənsur Sərabinin qeyri- səmimi və qərəzli münasibətini təsdiq edirdi. Maraqlıdır ki, Mansur Sərabinin bütün məhkəmə işlərində tək saxta şahidi olan oğlu Talehdir. Onlar hakim Mirzə Xankişiyev kimiləri ilə birləşərək Azərbaycanda çox təmiz insanları şərləyib istədikləri məbləğdə pullar alırlar. Şikayətçinin dediyi əlavə şəxs də bu şərçi ilə əlbirdir. Məsələ aydın olsun deyə, bildirirəm ki, Mirzə Xankişiyevin çıxardığı hökmə görə, Mansur Sərabinin iddia predmeti bu olub ki, guya o, satdığı evin pulunu adı bilinməyən hansısa banka (?) qoyub və həmin pulu isə həyat yoldaşım Rüstəm və digərləri ələ keçirib. Təəssüf ki, bu günə qədər həmin bankın adını kimsə bilmir. Elə hakim Mirzə Xankişiyev də. Bizim yazdığımız şikayətlərə verilən cavablardan da məlum olur ki, nəhayət, Mirzə Xankişiyevlə Mansur Sərabinin barəsində ciddi tədbirlər görüləcək. Məsələn, şikayətimizlə bağlı Baş Prokurorluğun İdarə rəisinin müavini Toğrul Əhmədovun Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına yazdığı 13 avqust 2021-ci il tarixli, 21-0090-01-01-06-3341 (qoşma: 28 vərəqdə) saylı məktubunda xahiş edilir ki, hakim Mirzə Xankişiyevin 20 min manat rüşvət alaraq bizi aldatmasına dair şikayətimiz araşdırılıb qanuni tədbirlər görülsün.

Eyni məzmunlu tapşırıqlı məktublar Baş Prokurorluqdan və Ali Məhkəmədən də Məhkəmə Hüquq Şurasına göndərilmişdir. Ali Məhkəmənin sədri və Ədliyyə Nazirliyi, Məhkəmə Hüquq Şurası bu faktları dəqiq araşdırsa, hakim Mirzə Xankişiyevin pul almaq üçün bizi ilyarım qəsdən məhkəməyə gətizdirib-apartdıraraq süründürməkdə məqsədinin nə olduğu bilinəcək. Hansı ki, hakim Mirzə Xankişiyev bizi Mansur Sərabiyə iki dəfə yüksək məbləği ödəməyə məcbur edəndən sonra, bəraət verəcəyi adı ilə özü bizdən əlavə 20.000 manat pul almışdır. Ali Məhkəmənin hazırkı sədri Ramiz Rzayev və ədliyyə naziri Fikrət Məmmədov bu vəzifələrindən əvvəl prokurorluqda yüksək vəzifədə işləyiblər. Onlar məhkəmənin qərarına və İttiham Aktına baxsalar, nə qədər saxta olduğunu dərhal biləcəklər.Böhtançı Sərabi Mansurun Səbail rayon Polis Şöbəsinə verdiyi şikayətində isə əvvəl yazır ki, guya işə girmək üçün pul verib, indi həmin pulu tələb edir. Əvvəla, soruşan lazımdır, mənim əlil və xəstə həyat yoldaşım işədüzəltmə bürosunun direktorudur? İş düzəldən olsa, elə birinci özünə iş tapar. O, sonradan bu iddiasının saxta və qurama olduğunu başa düşərək (onu öyrədənlərin tapşırığı ilə) dərhal şikayətini dəyişir, tam başqa məzmunlu şikayət verir. Bu dəfə isə yazır ki, o, evini satıb pulunu sənədsiz-müqaviləsiz, heç bir qəbz də almadan, naməlum banka qoyur, guya mənim həyat yoldaşım Rüstəm də o pulu ələ keçirir. Bu nə qədər gülünc bir iddiadır! Yoxlama zamanı isə məlum oldu ki, əslində, Mansur öz evini tam başqa bir şəxsə satıb və pulu da məhz özü alıb. Evi də boşaldıb həmin alıcıya verməyib, həmin alıcı çərləyib öldükdən sonra, onun arvadının adına guya vərəsəliklə bağlı saxta müqavilə bağlayıb.

Beləliklə, həmin ailəni də şərləyib Suraxanı rayon Məhkəməsinə, Apellyasiya və Ali Məhkəməyə qədər süründürüb.

Cənab Prezident! Məhkəmədə bütün proses vidolentə alınır. Baxılsa, görünəcək ki, hakim Mirzə Xankişiyev öz saxta qərarında hakimlik deyil, Mansur Sərabiyə şəxsi vəkillik edib. Məsələn, hakimin təkidi və işarəsi-başasalması ilə Mansur Sərabi məhkəmədə deyirdi ki, guya onun Maştağada 50 minə satdığı 3 otaqlı evinin qiyməti guya, 300 min imiş. Mirzə Xankişiyev də öz qərarında onun dediyini təkrarlayıb yazır. O, il yarımlıq müddətdə beş- on dəqiqəlik açılıb-bağlanan məhkəmə iclasında baxışı təxirə saldı, sonra əvvəlcə 02.03.2021 tarixində 21 saylı notariatda 15 min manat, ardınca əlavə olaraq 5 saylı notariusda 45 min manat pulun alınmasına nail oldu. Hakim isə Mansur Sərabinin imzaladığı barışıq ərizəsinin notarial təsdiqini isə öz kassasında gizlətdi. Üçüncü dəfə özü üçün də 20 min alıb, bizim başımıza bu oyunları gətirdi. Bütün bunlar Bakı Apellyasiya Məhkəməsində tam sübut olunub.

Möhtərəm Prezident!

Ailəmiz adından xahişimiz budur ki, hakim Mirzə Xankişiyevin bizi aldararaq və qorxudaraq aldığı 20 min manat pulumuzu qaytarsın. Çünki biz həmin pulu bütün qohum-tanışdan borc kimi almışıq, indi zəlil günə qalmışıq. Həmçinin hakim Mirzə Xankişiyev ciddi cəzalandırılsın, onun hakimlik səlahiyyətinə xitam verilsin. Dövlətimizin adından qərar verən, hökm çıxaran rüşvətxordan dövlət məmuru-hakim ola bilməz!

“Təzadlar”dan: Məsələyə aydınlıq gətirilməsi üçün barəsində ciddi ittihamlar olan Mirzə Xankişiyevlə əlaqə saxlamağa çalışdıq. Təəssüflər olsun ki, əvvəlcə guya onun koronavirusa yoluxması səbəbilə uzun müddətdir müalicədə olduğu və işə çıxmadığı bildirildi. Sonra məhkəmədəki polis əməkdaşlarından soruşduq, dedilər ki, guya artıq işə gəlmir, yəni işdən çıxarılıb və s.

Odur ki, təqdim edilən məqalənin mənbəyi olan şikayət ərizəsini və yazını Bakı Ağır Cinayətlər Məhkəməsinin elektron poçtuna göndərdik, “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə uyğun cavab verilməsini xahiş etdik. Yenə də cavab yoxdur…

Və nəhayət, məlum oldu ki, işə gəlmədiyi deyilən hakim Mirzə Xankişiyev bu ilin iyul ayında, yəni iki ay əvvəl hansısa cinayət işinə hakimlik edib.

Bundan başqa, bu günlərdə isə hakim Mirzə Xankişiyevin adamlarından biri onun barəsində ötən il dərc olunmuş məqalənin saytlardan silinməsinə cəhdlər etməkdədir. Görünür, bu onun barəsində Məhkəmə Hüquq Şurasında olan şikayətlərin araşdırılması fonunda baş verir. Hətta bir sayt rəhbərinə bunun üçün təzyiq və təhdidlər də edilib, hədə olunub.

Hakim Mirzə Xankişiyevə və onun bu işlə məşğul olan adamlarına (zəng edən şəxsin mobil telefonu Sənəm adlı qadının adınadır və Rafil adlı şəxs tərəfindən zəng olunub) Azərbaycan Respublikasının qanunlarının tələblərini xatırladırıq:

1.”KİV haqqında” Qanun: “Maddə 59. Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət

Kütləvi informasiya vasitələrinin təsisçilərinin, naşirlərinin, redaksiyalarının (məsul redaktorlarının), yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər və ya vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən:

senzura tətbiq etmək;

peşə müstəqilliyini pozmaq;

tirajı və ya onun bir hissəsini qeyri-qanuni müsadirə etmək, yaxud məhv etmək;

jurnalisti informasiyanı yaymağa və ya informasiyanı çap etdirməkdən (efirə verməkdən) imtinaya məcbur etmək;

jurnalistə informasiya verilməsi üzərinə, qanunla qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq və ya informasiya verməkdən imtina etmək;

jurnalist sorğusuna qanunla müəyyənləşdirilmiş müddətdə cavab verməmək;

habelə jurnalistin bu Qanunla müəyyənləşdirilmiş digər hüquqlarını pozmaq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyətlə səbəb ola bilər”.

2.Azərbaycan Respublikasının Sinayət Məcəlləsi: “Maddə 163. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma

163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə-

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə-

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Mövzu davamlıdır.

“Təzadlar”ın Araşdırma Qrupu

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir