Penitensiar Xidmətin “Qadın kolonu”nun məhbusları islah yox, istismar olunur – Elgiz İsmailov müəssisədə öz biznes imperiyasını qurub
Azərbaycan cəmiyyətində bürokratiyaya münasibətdə belə bir stereotip formalaşıb ki, yeni təyin olunan kadrlar könhələrin “atasına rəhmət oxutdurur”. Doğrudur, bəzən öz atalarına rəhmət oxutduran istisna kadrlar da olur. Amma nə yazıq, çox keçmədən məlum olur ki, əslində xələf də sələfin səhvlərini, nöqsanlarını, qanunsuz əməllərini başqa “don geyindirilmiş”, modern formada təkrarlayır, hətta “beş çömçə artığını” eləyir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində sabiq rəis Vaqif İsmayılov məhkumlarla (elə öz işçiləri ilə də) kobud rəftarı ilə, qeyri-etik davranışı, söyüşlü ifadələri, hətta adam döyməsi ilə hamının nifrətini qazanmışdı. Məhkumların qadın olduğunu nəzərə alanda onun kolonda yaratdığı vəziyyəti acınacaqlı (yumşaq ifadədir) hesab etmək olardı. Onu rəhbər vəzifədə cavan kadr Elgiz İsmailov əvəzləyəndən sonra təzə rəis ilk növbədə mədəni, mülayim maneraları ilə diqqəti çəkdi. Belə ki, E.İsmailov rəis təyin olunan kimi məhbusların ərzaq dükanına, telefon danışıqlarına olan borclarını sildirdi, məhkum qadınların hamısına hörmətlə “xanım” deyə müraciət etdi, müəssisədə səliqə-sahman işləri apardı, yeməkxananı təmir etdirdi, yataq və istirahət yerlərini qaydaya saldırdı. Amma sən demə, bunlar hamısı “gözdən pərdə asmaq” üçün edilirmiş. Çox keçmədən məlum oldu ki, təzə rəis CÇM-i əsl bazara çevirib. Elgiz İsmailov özünə “Bravo” – Market, şirniyyat və çörək sexləri açdırdı. Paltar tikmə, gəbə toxuma sexlərini işə saldı, qadınların həmin sexlərdə işləməsini təmin etdi. İlk baxışda elə görünə bilər ki, bu işlər məqsədəmüvafiq addımlardır – həm məhkumların faydalı işlə məşğulluğuna, həm də onların pul qazanmalarına köməklikdir. Lakin tezliklə aydın oldu ki, rəisin əsas məqsədi məhkumların əməyini quldarcasına istismar etmək imiş. Çünki işləyənlərin əməyinə verilən qiymət qəpik-quruş oldu. Nəzərə alanda ki, qadın məhbusların əziyyətlə toxuduqları gəbələr birinci əldən sahibkarlara satılır, o halda aydın olur ki, Elgiz İsmayılov özünə biznes qurub.
Müşahidə olunan başqa bir diqqətiçəkən hal rəisin müavinlərinin də “İsmayılov” soyadı daşımasıdır. Rəhbərin bu cür “Əhmədləri başına yığması” aidiyyəti orqanlar tərəfindən araşdırılmalıdır.
Məhkunmların gündəlik qida rasionundan da “qayçmılanır”. Yaxınları onlara vaxtaşırı sovqat gətirməsələr, müəssisədə verilən xörəklə hətta heç yarıac da dolanmaq mümkün deyil. Halbuki, dövlətin ayırdığı normativ qida menyusunda “snikers” şokoladından tutmuş yoqurt, banan meyvəsinədək sadalanır.
Rəisin özünün və müavinlərinin sürdükləri 80-90 min manatlıq minik avtomobilləri ilə onların aldıqları məvacib arasında dərin uçurum var. Halbuki, sabiq rəis Vaqifin maşınının qiyməti 18 min manat olardı. Bütün bu təzadların səbəbini öyrənmək üçün gərəkir ki, Penitensiar Xidmət rəisi özü “təğyiri-libas” olub sözügedən müəssisədə qəfləti yoxlama aparsın və “imam övladı” Elgiz İsmailovun imanının nə dərəcədə kamil olduğunun fərqinə varsın. Əks təqdirdə, müəssisədə cəza çəkən qadın məhbuslar islah olunmaq əvəzinə, öz talelərindən daha da küsəcəklər və cəmiyyət üçün potensial təhlükə daşımaqda davam edəcəklər.
RealMedia.az