Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində Qarabağ qaziləri və şəhid ailələrinə tikilən 96 mənzilli yaşayış evinin qanunsuz bölgüsünə hüquq mühafizə orqanları hələ də hüquqi qiymət verilməsini təmin etməyib . Bu sətirlərin yazarının baş prokurorluğun 161 “qaynar xətti”nə 26 dekabr 2019 tarixli şikayətinin qeydə alındığı bildirilsə də, indiyədək izahatının alınmaması ali dövlət hakimiyyəti orqanlarına, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə -Ombudsmana iki illik mindən yuxarı şikayətləri ilə sonuclanıb. Axırı, Ombudsmanın sorğusu əsasında bu gün – 09.09.2021-ci ildə baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsində Qarabağ qazisinin izahatı alınıb.
Keçmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Şərafət Məmmədova ) 20.06.2016 tarixli 2-1(81)-1095/16 saylı qərarı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin (sonra DSMF, hazırda Sosial Xidmətlər Agentliyi (SXA) üzərinə qoyulan öhdəliyi icra etməməsi Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaratsa da, prokurorluq məhkəmə qərarının 6-cı ildir qərəzlə icra olunmamasının korrupsiya faktı olmadığını bildirib. Borclunun (SXA-nın sədri Vüqar Behbudov ) vəzifə səlahiyyətlərindən sui-istifadə edərək , mənzilləri gizlin bölməsinin , qanunvericiliyin tələbinə əməl etməməsinin araşdırılacağını vurğulayan idarə əməkdaşı korrupsiyaya qarşı mübarizə idarəsinin rüşvətlə bağlı şikayətlərə baxdığını əlavə edib. Şikayətçinin ondan rüşvət istənilməməsi, digərlərindən rüşvət alınaraq mənzildən məhrum edilməsini bildirməsi isə ehtimal kimi qiymətləndirilib və bu rüşvət faktını sübut etmək tələb olunub! (?) Sübutetmə görəvinin vətəndaşın yox, prokurorluğun üzərinə qoyulduğunu izahat alan korrupsiyaya qarşı idarə əməkdaşının diqqətinə çatdıranda , ƏƏSMN -in mənzil verilməsindən imtina etmədiyi, növbəti ev bölgüsündə mənzillə təmin edəcəyi barədə son iki ilin yazılı vədləri xatırladılıb.
Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsində iki saatdan artıq sürən izahat alınmasından sonra gözləməkdən başqa yol qalmır. İstənilən halda, qazinin hüquqlarının qorunması üçün əlindən gələni edən Ombudsman , xanım Səbinə Əliyevaya böyük təşəkkür düşür. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin bütün şəxsi heyətinin isə 13.01.2004 tarixli 580-llQ saylı cəmi 14 maddədən ibarət “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununu diqqətlə oxumaları məsləhətdir. Qanunun İki cümləlik preambula hissəsinin birincisində vurğulanan sosial ədalətin , insan hüquq və azadlıqlarının qorunması , vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin , şəffaflığının , səmərəliliyinin təmin edilməsinə yönəlməsini bir yana qoyaq , 9.3.12 maddəsində FİZİKİ VƏ YA HÜQUQİ ŞƏXSLƏRƏ HÜQUQLARININ və QANUNİ MƏNAFELƏRİNİN HƏYATA KEÇİRİLMƏSİNDƏ SÜNİ MANEƏLƏR YARATMAĞIN KORRUPSİYAYA ŞƏRAİT YARADAN HAL OLMASI doğrulanıb. Sosial Xidmətlər Agentliyi 1-ci dərəcəli Qarabağ əlilinə qanunun, məhkəmə qərarının verdiyi mənzil təminatı hüququna rüşvət qadağası (rüşvətdən deyilsə, bəs nədəndir qaziyə qarşı bu süni maneə) qoyub, evsizlikdən əlilin (övladının) ailəsi dağılıb, korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşı isə bunu korrupsiya faktı saymır ! (?)
Görək, borclu SXA-nın sədri Vüqar Behbudov tələbkar qazinin hüququna qadağa qoymasını nə ilə izah edəcək?
Məğrur Bədəlsoy