Azərbaycanda Həmkarlar İttifaqının fəaliyyəti heç də ürəkaçan deyil. Uzun illərdir xidmət sahəsində özünü doğrultmayan bu sektorda islahatlara başlanmasına ehtiyac yaranıb. Formal “fəaliyyəti” ilə tanınan sektor mövcudluğunu çoxsaylı tənqid və qınaqlarla subut edib. Dövlət qurumları və idarələrdə səriştəsizliyi, məsuliyyətsizliyi, ən nəhayət üzvlüyünə daxil etdiyi işçiləri narazı salan bu sahə, fəaliyyətini “adı var, özü yoxdur” prinsipi ilə seçib.
Duruma cavabdeh olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbəri Səttar Möhbalıyev isə 28 ildir xidmətini işçilərin qanunsuz işdən kənarlaşdırılması, onların sosial hüquqlarının müdafiə edilməməsi, ailə biznesinin genişləndirməsi ilə rəhbər tutub. Xatırladaq ki, ötən ildən etibarən Səttar Mehbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındakı (AHİK) fəaliyyətinin yoxlanılmasına start verilib. Nəticəsi ilə bağlı hələki ictimaiyyətə məlumat açıqlanmayıb.
Həmkarların pulu necə yığılır?
İşləyən vətəndaşların maaşlarından tutulan üzvlük haqları hesabına saxlanılan Konfederasiyaya hər il 60 milyon manata yaxın üzvlük haqqının toplandığı iddia olunur.
Bu vəsaitin necə xərclənməsi isə yalnız Səttar Mehbalıyevin özünə məlumdur. “Həmkarlar haqqında” qanunda Həmkarlar İttifaqına işçi tərəfindən köçürülən faiz barədə hər hansı qeyd olmasa da, idarələr bunu 0.5 faiz,1, 2 və ya 3 faiz civarında həyata keçirirlər. Amma çox təşkilatlar bunu 2 faiz müqabilində reallaşdırırlar.
İqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında Azərbaycanda Həmkarlar İttifaqlarının öz fəlsəfələrindən kənar fəaliyyət göstərdiklərini, işçiləri məcburi qaydada quruma üzv etdiklərini deyib:
Əli Həsənovu həbsxanaya aparan yol – iftiraçı məmur obrazının arxasında nələr var
“Əslində Həmkarlar İttifaqları dövlətin qarşısında duran, hökumətlə daim mübahisə edən, işçilərin hüquqlarının müdafiəçisi rolunu oynayan və heç kimdən asılı olmayan bir statusa malikdir. Amma qurumun strategiyası digər dövlət orqanlarının fəaliyyətindən heç də seçilmir. Halbuki xarici ölkələrdə fəaliyyət göstərən Həmkarlar İttifaqları üzv etdikləri işçilərin hüquqlarının qorunması sayəsində dövlətlə mübarizəyə səfərbər olunurlar. Bütün dövlət müəssisələrində Həmkarlar İttifaqı məcburi qaydada yaradılır və o ittifaqa üzv olunan hər işçinin maaşından 2 faiz tutulur”.Ekspert bəzi qurumlardan il ərzində Azərbaycan Həmkarlar Konfederasiyasına daxil olan vəsaitlərdən nümunələr gətirib:
“Azərbaycan Neft Şirkətində (SOCAR) 45 min işçi var. Şirkətdə orta aylıq əməkhaqqı 900 manatdır. Bunu 2 faizdən hesablasaq, ayda 900 min manat Həmkarlar İttifaqına pul gedir. İldə bu, 12 milyon manat edir və Həmkarlar Konfederasiyasının büdcəsinə kifayət qədər iri məbləğlər yığılır. “Azərsu” ASC-də çalışan təxminən 10 min işçi varsa və əməkhaqqı 500 manatdırsa, qurumdan Həmkarlar İttifaqına təxminən ayda 100-150 min manat daxil olur. Qurumların siyahısını uzatsaq, Konfederasiyaya il ərzində kifayət qədər milyonların daxil olması faktdır. İri universitetlərin təxminən 1 milyon manatlıq maaşı var. Tutulma 2 faizdən götürülsə, bu məbləğ 20 min manat edir. Bu məbləğin yarısı Həmkarlar İttifaqı Konfederasiyasına, digər yarı məbləğ isə yerli Həmkarlar İttifaqının büdcəsində toplanır. Büdcədə qalan məbləğ müəssisə işçilərinin sosial hüquqlarının müdafiəsi sahəsinə xərclənməli olsa da, istiqamət üzrə xidmətin nə qədər şəffaf olduğu sual altındadır”.
Səttar Mehbalıyev bu şəbəkədə on milyonlar manat kapitalı dövr etdirir…
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) statusunu və vəzifəsini geniş şəbəkəyə malik biznes imperiyası kimi qurduğunu bildirib.O, AHİK sədri, Əli Həsənovun qudası Səttar Mehbalıyevin bu şəbəkədə on milyonlarla manatı dövr etdirdiyini deyib:
“AHİK-in tərkibinə 27 Respublika Komitəsi daxildir. Hər bir komitəyə tabe olan Həmkarlar İttifaqları öz üzvlərindən yığdığı üzvlük haqqının 25 %-ni tabe olduğu Respublika Komitəsinə, Respublika Komitəsi də daxil olan vəsaitin 10-12%-ni AHİK hesabına köçürür.
2013-cü ildə qurultayda təqdim edilən hesabata görə, dövlətin idarə və müəssisələrində çalışan insanlar tərəfindən AHİK-ə illik 10-15 milyon manat köçürülür. Özəl sektordan isə daxil olmalar 5-10 milyon manat cuvarındadır. Ümumilikdə, təşkilatın yığımlardan illik gəliri 20-25 milyon manat civarında olur. Həmkarlar İttifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər. Halbuki, bu sahədə kifayət qədər əmək qanunvericiliyinin pozulmasına yol verilmə halları müşahidə olunur.
Məsələn SOCAR-da Azərbaycan Əmək Məcəlləsinin 45.4 (İşin daimi xarakterli olması əvvəlcədən bəlli olduğu halda işçi ilə əmək müqaviləsinin müddət müəyyən edilmədən bağlanmalıdır) zidd olaraq işçilərlə müvəqqəti əmək müqaviləsi bağlanır. Bunun nəticəsində hər il yüzlərlə arzuedilməz işçi ilə bağlanmış müqavilə ləğv olunur. Həmkarlar Təşkilatı sədri işçini yox, işəgötürəni müdafiə edir”.Hüquq müdafiəçisi uzun müddət “Statoyl” şirkəti ilə əməkdaşlıq etdiyini və onların iş üslubunu yaxından izlədiyini də əlavə edib:
“Şirkətin Həmkarlar İttifaqı yerləşdikləri binada oturmurlar, tam müstəqil olurlar. Hətta şirkətdə 5-6 il əvvəl iki Həmkarlar İttifaqı yaratmışdılar. Onlar bir-birinə mane olmadan işçinin mənafeyi üçün çalışırdılar. Fransa, Almaniya və Norveçin Həmkarlar İttifaqlarına nəzər salın. Onlar tətil və aksiya keçirirlər.
Həmkarlar Təşkilatı işçinin yanında olmalı, onun hüquqları çərçivəsində addım atmalıdır. Azərbaycanda neft sənayesində 2014-cü ildən seçilən Həmkarlar İttifaqının sədri Cahangir Əliyev hələ də alternativsiz sədrdir. Heç bir işçinin yanında deyil və onların hüququnu qorumur. Hansısa məktubunu, məhkəmə ərizəsini göstərsin ki, işinin başındadır.
Hazırda ixtisarlar gedir. Aparılan ixtisarlar və işçilər üçün keçirilən imtahanların heç biri qanuni deyil. İşçilərdən müəyyən ödənişlər üçün əmrlərə imza atıb. Bu, biabırçılıqdır. Sadəcə olaraq işəgötürənin qeyri-rəsmi strukturudur”.
QHT sədrinin sözlərinə görə Azərbaycan Həmkarlar Konfederasiyası və nəzdində olan Həmkarlar İttifaqları özlərini buraxmalı, əvəzində müstəqil bir qurum yaranmalıdır:
“Çünki işçi müdafiəsizdir. Azərbaycan Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən ölkədə Əmək Müfəttişliyi var. O qanunvericiliyin icrasına dövlət nəzarətini həyata keçirir. Əmək Müfəttişliyi heç bir idarə və müəssisədə ərizəni yoxlamır. Bu günə qədər bu struktur da qanunvericiliklə işçinin hüquqlarını qorumur.
Əmək Məcəlləsinin 309-cu maddəsi Həmkarlar Təşkilatına səlahiyyət verir ki, ictimai nəzarəti həyata keçirə bilər. İllərdir bu qurum yalan əmrlərə imza atır, insanları aldadır. İşdə əlillik almış və öhdəsində 5 ailə üzvü olan insanı işdən qovurlar. Həmkarlar Təşkilatı heç bir idarədə işəgötürənin razılığı olmadan sədr seçilə bilməz. Məcburi olaraq işçinin ərizəsi və razılığı olmadan maaşından tutulur. Milyonlarla pul onların maaşından niyə tutulmalıdır? Nə qədər ki, Həmkarlar İttifaqları buraxılmayıb, işəgötürən istədiyini edəcək”.
İşçilərlə əmək müqaviləsi ya yoxdur, ya da yalan sənədlərdir…
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Həmkarlar İttifaqının Sovetdən qalma bir ənənə olduğunu xatırlatsa da, istənilən halda bu qurumun mövcudluğunu əhəmiyyətli hesab edir:
“Həmkarlar İttifaqı işçilərin maraqlarını müdafiə edən bir təşkilatdır. Bu qurumun gücü onun arxasında duran fəhlədədir. Əgər bir qurumda müdir müdaxilə edərək Həmkarlar İttifaqının rəhbərini öz istədiyi kimi kollektivə təzyiq edib dəyişdirə bilirsə, ona Həmkarlar İttifaqının yuxarı orqanı heç nə edə bilmir. Azərbaycanda ənənəvi Həmkarlar İttifaqları işçilərin hüquqlarını 100 faiz müdafiə etməsə də, onun mövcudluğu vacibdir.
O baxımdan ki, işçilərin bir hissəsinə sanatoriya-kurort təşkil edə bilirlər. 10-11 min müəssisədə müdiriyyətlə kollektiv müqavilə bağlanır. Bu kollektiv müqavilə ilə bəzən işçilərin xeyrinə nəsə həll oluna bilir. O yerdə ki, Həmkarlar İttifaqı yoxdur, orada biabırçı vəziyyətdir. İşçilərlə əmək müqaviləsi ya yoxdur, ya da yalan sənədlərdir. Müdiriyyət işçini keyfi istəyəndə işdən kənarlaşdırır. Hesab edirəm ki, bütövlükdə Həmkarlar İttifaqının olması yaxşıdır”.
Özəl sektorda bu qurumun fəaliyyətinin yox dərəcəsində olduğunu vurğulayan hüqüq müdafiəçisi transmilli şirkətlərin Həmkarlar İttifaqları yaratmağa imkan vermədiklərini də dilə gətirib.
“Həmkarlar İttifaqı 200, 100 və ya 50 il bundan əvvəl fəaliyyət göstərmiş həmkarlardan fərqlənir. Artıq bu sahə xeyli zəifləyib. Transmilli şirkətlər bu qurumu bütün dünyada küncə sıxıb. Dövlətin bəzi şirkətlərində – Dövlət Neft Şirkəti, “Azərsu” ASC, “Azərişıq” ASC və s.-də Həmkarlar İttifaqı olsa da, kiçik və orta müəssisələrdə bu qurum ümumiyyətlə fəaliyyət göstərmir.
Yeni tikinti holdinqlərində bu qurum mövcud deyil və kənardan bunu yaratmaq mümkün deyil. Müdiriyyətin razılığı olmalıdır, amma razılıq vermir. Bu isə qanunsuzdur. İşçilərin də Həmkarlar İttifaqına üzv olmaq kimi marağı yoxdur. Çünki maaşlarından 2 faiz tutulur və onları müdafiə effektli olmur”. Dünyada və MDB ölkələrində Həmkarlar İttifaqı böyük böhran keçirir. ABŞ-da işçilərin 7-8 faizi həmkarların üzvüdür. Avropada tətil edən işçilər isə başqa qüvvələrə bağlıdırlar”.
AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov Konfederasiyanın fəaliyyəti ilə bağlı narazılıqların artmasına münasibət bildirib.
O, Konfederasiyanın fəaliyyəti ilə bağlı şikayət və faktları araşdırmağa hazır olduqlarını qeyd edib:“Ötən il pandemiya başlayandan işçilərin ixtisara salınmaması və işdən azad olunmamaları ilə bağlı ilk təşəbbüs irəli sürən təşkilat biz olmuşuq. Həmkarlar İttifaqı ilə bağlı hansısa narazılıq və ya konkret fakt varsa, şikayət edən şəxs bizə müraciət edə bilər. Konkret faktlar üzrə araşdırma aparmağa hazırıq”.
Konfederasiya rəsmisi işçilərin məcburi qaydada Həmkarlar İttifaqına üzvlük iddiası ilə bağlı məsələyə də toxunub.O, deyib ki, heç kəsi Həmkarlar təşkilatına üzv olmaları üçün məcbur etmirlər:
“Bunlar köhnədən gələn söz-söhbətlərdir. Hətta bəzən Həmkarlar İttifaqının üzvlüyündən azad olmaq istəyənlərin müraciətləri olur. Biz buna da normal baxırıq və qəbul edirik. Onu da deyim ki, müəssisədə 7 nəfər yığışaraq Həmkarlar Təşkilatı yarada bilir”.
Məlumat üçün bildirək ki, 28 il əvvəl yaradılmış Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası 17430 həmkarlar ittifaqı təşkilatını və 1 milyon 600 minə yaxın üzvü əhatə edir.
“Həmkarlar İttifaqları” haqqında qanunda deyilir ki, həmkarlar müstəqil qurumlardır, dövlət idarələrinə, siyasi partiyalara, ictimai birliklərə tabe deyil, onlara hesabat vermir, öz rəhbər orqanlarını seçir, geri çağırır və qurultaylar keçirir. Qanun 1994-cü ildə qəbul edilib.
//aktualxeber.az//