Naxçıvanın hazırda həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədovun məhkəmə istintaqı zamanı cəmi iki il ərzində təkcə sürücülük vəsiqəsinin və avtomobil nömrələrinin satışından 4,5 milyon manat rüşvət aldığı məlum olub.
Zirveyolu.info qafqazinfo-ya istinadən xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsində 2015-2017-ci ilin 6 ayı ərzində sürücülük vəsiqəsi verilmiş 12 060 nəfər və avtomobilinə qeydiyyat nişanı verilmiş 20 773 nəfər vətəndaşdan qeyri-rəsmi qaydada bir həftədə 38 000 manat alınaraq Əhməd Əhmədova verilib.
Qeyd edilən müddət ərzində Ə.Əhmədov bu prosesdən ümumilikdə 4 milyon 560 min manat miqdarda rüşvət alıb.
Həmin şöbənin Texniki Müayinə Mərkəzində 2015-2017-ci ilin 6 ayı ərzində 29 626 minik, 5 686 avtobus və yük avtomobilinə texniki baxış keçirilib. Bu avtomobillərin sürücülərindən dövlət rüsumundan əlavə pul alınaraq cəmi 499 238 manat rüşvət alıb.
İdarənin kamera otağına baxış zamanı sürət həddini aşaraq kameralara düşən 915 avtomobil haqqında qeyri-rəsmi uçot aparılıb, həmin sürücülərdən 7 ay ərzində 83 070 manat pul toplanaraq nazir Əhməd Əhmədova verilib.
Təhlükəsiz şəhər video-nəzarət kameraları yol hərəkəti qaydalarının pozulmasına nəzarət işinə cəlb olunub, hər gün 20 yol hərəkəti üzrə qayda pozuntusu aşkar edilib. Bu qayda pozuntularına görə 2015-2017-ci ilin 6 ayında vətəndaşlardan qeyri-rəsmi şəkildə 240 000 manat pul toplanaraq sabiq nazirə rüşvət qismində verilib.
Nazirliyin Pasport, Qeydiyyatı və Miqrasiya Şöbəsində təcili pasport almaq istəyən vətəndaşlar üçün adi qaydada sənədləşmə aparılıb, dövlət rüsumu banka ödənildikdən sonra həmin vətəndaşlardan əlavə nağd qaydada qeyri-rəsmi pul alınıb. Bu yolla vətəndaşlardan toplanan 312 242 manat pul Ə.Əhmədova rüşvət kimi verilib.
2014-2017-ci illərdə daxili işlər orqanlarının pensiya yaşına çatmış 98 əməkdaşının iş yeri yüksək dağlıq şəraitə görə vəzifə maaşına əlavələr hesablanan strukturlara və yüksək maaşlı vəzifələrə dəyişdirilib. Həmin vəzifələrdə 1 ay işlədikdən sonra yüksək əmək haqqı ilə pensiyaya çıxıblar.
Daxili İşlər Nazirliyinin yüksək maaşlı vəzifələrə dəyişdirilmiş 17 nəfər orta və böyük rəis heyətinin hər birindən 8 000 manat, 81 nəfər sıravi və kiçik rəis heyətinin hər birindən isə 3 000 manat, ümumilikdə 379 000 manat qeyri-qanuni pul toplanaraq Əhməd Əhmədova verilib.
Əhməd Əhmədov Naxçıvan DİN-ə işə qəbul olanlardan 3 milyon rüşvət alıb.
Belə ki, polis nəfəri vəzifələrinə xidmətə qəbul zamanı onların hər birindən 8-10 000 manat, yol patrul xidməti inspektoru vəzifəsinə işə qəbul zamanı onların hər birindən 15-22 000 manat, nazirlik və ona bilavasitə tabe olan qurumlara kiçik inspektor vəzifəsinə xidmətə qəbul zamanı hər birindən 10 000 manat, böyük rəis heyəti vəzifəsinə xidmətə qəbul zamanı 15-18 000 manat, orta və böyük rəis heyətinə irəli çəkilmə zamanı 1 500 manat pul alaraq xidmətə qəbul ediliblər.
Bununla bağlı, işə qəbul olunan şəxslərdən ümumilikdə 3 milyon manat pul toplanaraq Ə.Əhmədova rüşvət olaraq verilib.
Sabiq nazir Əhməd Əhmədov bu yollarla 01 yanvar 2015-ci ildən 01 iyul 2017-ci ilədək olan dövrdə vətəndaşlardan ümumilikdə 9 milyon 73 min 550 manat külli miqdarda rüşvət alıb.
Qeyd edək ki, sabiq nazir Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.