Cəmiyyət

“Azəriqaz”ın Cəlilabad ÇİLƏSİ DAVAM EDİR – NARAZILIQ!

“Azəriqaz” İstehsalat Birliyi ilə bağlı neçə illərdir ki, problemlər bitib tükənmək bilmir.
Qazın qiymətlərini qaldırırlar, amma xidmətin səviyyəsi günbəgün aşağı düşür. Rayonlarımız qazla normal təmin olunmur, ona görə də meşələrimizi odun kimi kəsib-doğrayıb yandırırılar. Bu da olur ekologiya məsələsi.
Kasıb, imkansız ailələrin qaz problemi olsa da imkanlı adamlar üçün belə bir problem mövcud deyil. Nəinki problem, hətta vəzifəli şəxslər qazdan gen-bol istifadə edirlər.
Təsəvvür edirsiniz, nazirlərin, komitə sədrlərinin, icra başçılarının “parnik”ləri- istixanaları var. Yayda, qışda, payızda tərəvəzlər yetişdirib milyonlar qazanırlar. Və..
Həmin məmurların qaza olan borcu kasıb təbəqə kimi 5-10 manat deyil ee, 100 min, 200 min manatdır.
Bax, neçə illərdir ki, Azəriqazın durumu belədir.
Neçə dəfə Azəriqaz-ın rəhbərliyi dəyişib. Əlixan gedir, Vəlixan gəlir, amma vəziyyət düzəlmir ki, düzəlmir.
Neçə illər qəzetlərin manşetini belə bir başlıq bəzəyirdi:
Qaz ver, Əlixan, qaz ver…
Söhbət Azəriqaz-ın sabiq baş direktoru Əlixan Məlikovdan gedirdi.
Yaxşı Əlixan getdi, indi də Ruslan gəlib. Bəlkə nəsə dəyişib ?
Ən dəhşətlisi odur ki, yeni baş direktor Ruslan Əliyev kənardan gəlməyib, neçə illərdir ki, bu sahədə müxtəlif vəzifələrdə işləyib, yəni problemi bilir.
Bəli Ruslan Əliyev aşağıdakı vəzifələrdə çalışıb.
2009–2013-cü illər — Azəriqaz İstehsalat Birliyində Energetika və Mexanika şöbəsinin rəisi vəzifəsində çalışıb.
2013–2015-ci illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun əməyin mühafizəsi üzrə müavini vəzifəsində çalışıb.
2015–2019-cu illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun satış və istismar üzrə müavini vəzifəsində çalışıb.
2019-ci ildən Azəriqaz İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilib və hal-hazıradək həmin vəzifədə çalışır.
Gördünüzmü, Ruslan müəllimin qaz vurub qazan doldurmağını.
Yaxşı sən qaz vurub qazan dolduracaqsan, bəs Cəlilabadın qaz üzünə həsrət qalan adamları neyləsin, Ruslan müəllim ?
Bəli, yazıda təqdim etdiyimiz videodan aydın olur ki, Cəlilabadln rayon mərkəzindən 400 metr aralıda yerləşən və 10 ildən artıq bu ərazidə yaşayan yüzlərlə ailə qaz üzünə həsrət qalıb. Hansı ki, qaz xətti həmin ərazidən 150-200 metr aralıdan keçir.
Sakinlər deyir ki, pulla odun almaqdan bezmişik, hamımız kasıb insanlarıq.
Sakinlər onu da deyir ki, odun alverçiləri meşələrdə ağac-kol-kos qoymayıb qalsın. Sakinlər yeməyi həyətdə odunla bişirir, çaylarını odunla qaynadırlar.
XXI əsrdə bu mənzərəni görmək biabırçılıqdır, vallahi.
Biabırçılıqdan başqa, bu kasıb və imkansız təbəqə odun almağa pulu haradan alsın ?
Sakinlər deyir ki, axı bu evlərdə sabahın əsgərləri, qaziləri böyüyür. Qışda bu uşaqlar soyuqdan donurlar, normal yaşaya bilmirlər.
Sakinlərdən biri deyir ki, bir oğlum Murovda, o biri oğlum Şuşada döyüşüb, ailəmiz isə qazsız qalıb.
Sakinlər dəfələrlə yuxarı orqanlara, müvafiq dövlət qurumlarına müraciət etsələr də, ya cavab ala bilmirlər, ya da cavab olur ki, yaxın gələcəkdə düzələcək.
Görəsən, yaxın gələcək nə vaxt gələcək ?
Ərazidə yaşayan Aprel qazisi Prezident İlham Əliyevə müraciət edərək qazla bağlı kömək istəyir.
Söz indi sizindir, cənab Ruslan Əliyev.
P.S Amma insaf naminə qeyd etməliyik ki, Cəlilabad rayonunda hər hansı bir qaz idarəsi müdirinin səhvi, cənab ASC rəhbəri Ruslan müəllimin ayağına yazılır. Elə hallar olub ki, məcbur qalıb Ruslan müəllimin mobil telefonuna zəng açmışıq. Məsələlər anında həllini tapıb. Onu da qeyd etməliyəm ki, yerlərdə bəzi idarə rəhbərlərinin səriştəsiz fəaliyyəti ucbatından yuxarı instansiyalar haqqında mənfi rəylər yaranır. 
//gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir