Hacı Qalib kimdir ki, qanunlara meydan oxuyur? – 40 İLİN “ZAVMAQI” VƏ 10 İLİN SOVXOZ DİREKTORU…
“Bircə onu deyirəm ki, ağıllı olsunlar. Hacı Qaliblə Bilgəhdə belə məkrli oyun qurmaq heç kimin bacaracağı iş deyil… O adamlar gözlərini bir daha yaxş-yaxşı açıb, kiminlə üz-üzə dayandıqlarını görsünlər, anlasınar, qansınlar…”
Bunu 2015-2020-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü olmuş, çoxlarının Allahşükür Paşazadənin qudası kimi tanıdığı Qalib Salahzadə mətbuata son müsahibəsində deyib.
Bundan əvvəlki müsahibəsində də sözügedən sabiq millət vəkilinin “Polisi çağırıb dindirirəm…”, “Bilgəhdə mənim razılığım olmadan kim aksiya keçirə bilər?… mənə dedilər ki, hacı, biz nə edək? Mən də dedim ki, gedin nə istəyirsiz eləyin” kimi birmənalı qəbul edilməyəcək və sanki Bilgəh və ətraf ərazilərin sahibi qismində açıqlamaları oldu.
“Azərbaycanda elə bir dövlət qurumu yoxdur ki, Hacı Qalib Salahzadənin mənə qarşı cinayət törətdiyindən xəbərsiz olsun. Qalib Salahzadə Bilgəh qəsəbəsində özünü balaca padşah sayır, Azərbaycan qanunlarını da qəbul etmir. Mənim özəl torpağımı zəbt edən zaman o, deputat idi.
Təsəvvür edin ki, torpağımı zəbt edib bu gün deputat olan oğlu Əliabbas Salahzadənin həyat yoldaşı Xatirə Allahşükür qızının adına çıxarış almışdı. Bu gün həmin çıxarış ləğv olunub. Amma Qalib Salahzadə, onun deputat oğlu Əliabbas Salahzadə, onun həyat yoldaşı Xatirə Allahşükür qızı mənim özəl torpağımdan çıxmırlar, məni də illərdir ki, özəl torpağıma buraxmırlar. Torpağımla bərabər dənizə gedən, dövlətin çəkdiyi yolu da zəbt ediblər. Əmlak Komitəsindən heç bir əsası olmayan çıxarış almaq da bunlar üçün su içmək qədər asan idi. Əlimdə Azərbaycanın Konstitusiya Məhkəməsinin qərarı var ki, torpaq mənimdir. İllərdir ki, həmin qərar icra edilmir”. Bunu isə Hacı Qalibin “Bilgəhdə mənəm, Bağdadda kor xəlifə” şıltaqlığının qurbanı olan Azərbaycan vətəndaşı Seymur Quliyev deyir.
Qalib Salahzadənin Bilgəhdə və ətraf ərazilərdəki hegemonluğundan əziyyət çəkən təkcə Seymur Quliyev deyil, belə vətəndaşların sayı və onların qaldırdıqları məhkəmə iddiaları olduqca çoxdur. Ancaq indiyə qədər soruşan olmayıb ki, bu adamın bəzən qoçuluq həddinə çatan bu qədər özbaşınalıqlarına, qanun, dövlət, vətəndaş tanımamasına kim haqq verib? Hansı xidmətlərin sahibidir axı bu adam?
Bəlkə Qarabağ savaşlarında qəhrəmanlıqlar edib, savaşıb, ailəsindən həmin müharibələrdə şəhid olanlar olub, malını, canını bu savaşda fəda edib? Bəlkə, Elşad Abdullayevin bazara çevirdiyi saxta təhsilli ABU-nun diplomu ilə ali savadlı olan və bu gün Milli Məclisdə oturan oğlu Qarabağda hansısa misilsiz qəhrəmanlıqlar, böyük xidmətlər göstərib? Yaxud Qalib Salahzadənin özü Azərbaycanı bütün dünyada tanıdan hansısa elmi kəşflərin, ədəbi əsərlərin, incəsənət incilərinin, musiqilərin və s. yaradıcısıdır, dahi şəxsiyyətdir də, xəbərimiz yoxdur? Axı nə edib, hansı xidmətlərin sahibi olub bu adam?
Bu suala ən yaxşı cavabı elə son müsahibəsində Qalib Salahzadənin özü verib. Jurnalistin onun maddi imkanları ilə bağlı sualına cavab verən Salahzadə deyib: “40 il “zavmaq”, yəni mağaza müdiri olmuşam, 10 il də sovxoz direktoru işləmişəm…” Vəssalam!
Bəli, budur hörmətli Həcinin “xidməti”, “həyat və mübarizə yolu”, ən əsası isə var-dövlətinin mənbəyi – 40 il “zavmaq”, 10 il sovxoz direktoru! Və belə çıxır ki, bu “karyera” onun özünü Bilgəhin padşahı hesab etməsinə və ölkə qanunlarını, ondan heç nəyi ilə əskik olmayan ayrı-ayrı ölkə vətəndaşlarının hüquqlarını ayaq altına atıb tapdamasına kifayət edir.
Əlavə edək ki, Q.Salahzadə həm də Bilgəh Bələdiyyəsinin sədri olub, ancaq müsahibəsində bu vəzifədə qazandığı pullardan danışmayıb və deməyib ki, bu, nə qədər “yağlı” vəzifə imiş ki, özü deputat olan kimi cəmi 21 yaşlı oğlu Əliabbas Salahzadəni öz yerinə seçdirib…
Bilgəh də daxil olmaqla, Bakı kəndlərində Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə, dövlətçiliyinə misilsiz xidmətlər göstərmiş sonsuz sayda böyük, dahi şəxsiyyətlər yetişib və indidən sonra da yetişəcək. Ancaq onların heç biri özünü bu cür aparmayıb, heç biri bu adam qədər özündənrazı, saymazyana davranışalara yol verməyib, qanuna, dövlətə, vətəndaşa qarşı hörmətsizlik etməyib. Heç biri özünü az qala kriminal avtoritet yerinə qoymayıb. Sözümüz bütün bunlara yol verən səlahiyyətli şəxslərədir – əgər bu adam kriminal avtoritetdirsə, qanunları tanımırsa və bu məmləkətdə qoçuluq zəmanəsi hökm sürürsə, o zaman bu, rəsmi səviyyədə elan olunsun və hamı da işini bilsin. Yox, əgər hamı kimi sıravi vətəndaşdırsa, qanunlara hörmət etməyə məcbur edilsin və kimsənin haqqına girməsin.
İş o yerə çatıb ki, adam Konstitusiya Məhkəməsinin qərarını belə vecinə almır və icra etmir! Axı, bu adamın bu cür meydan oxuması heç bir əndazəyə sığmır – nə qanuna, nə insan haqlarına, nə dövlət maraqlarına , nə də dinə! Və inandırıcı deyil ki, Q.Salahzadənin bütün bu davranışlarına sadəcə, Allahşükür Paşazadənin qudası olduğu üçün göz yumulur. Görünür, ortada başqa mətləblər də var…
Hacı Qalibin son müsahibəsindən daha bir “şedevr”: “Prezident xarici mətbuata müsahibə verəndə qərəzli suallar ünvanlayan pis jurnalistləri televizordan sillələyirdim…”
Yaxud, daha biri: “Mən 40 il pul qazanmışam. Mənim parlamentdən aldığım məvacibə ehtiyacım olmayıb axı. Bütün qaydalara, qanunlara əməl edərək on illərlə mağaza sahibi işlədən adamın deyirsiz pulu olmasın?…”
Adam sanki həmsöhbətini və oxucunu ələ salır. Qayıdıb soruşan lazımdır ki, “bütün qaydalara, qanunlara əməl edərək (!) on illərlə mağaza işlədən adamın Azərbaycan reallığında oliqarxlara bərabər pulu, var-dövləti necə ola bilər axı?”
Bir də ki, ümumiyyətlə bu cür “zavmaq” təfəkkürlü adamların parlamentdə nə işi ola bilərdi? Təəssüf ki, parlamentimizdə buna oxşar təfəkkürə malik deputatlar həmişə olub və indi də var…
Bütün bu qeyd edilənlərin hüquqi tərəflə yanaşı bir də mənəvi və həmçinin dövlətçilik, dövlət siyasəti tərəfi var. Belə çıxır ki, Bakı kəndlərində söz, nüfuz sahibləri missiyasını əsl ziyalılar, mədəniyyət, incəsənət, elm xadimləri yox, elmdən, müasir dünyagörüşündən uzaq yarıkriminallar, məlum yolla var-dövlət sahibi olanlar daşımalıdır. Bircə sual yaranır – axı, niyə?
“AzPolitika.info”