Cəmiyyət Manşet

Məktəblərin İMİCİ: təhsil, yoxsa bayrampulu?.. – AKTUAL

Nazirlər Kabinetinin qərarına əsasən, pandemiya şəraiti ilə əlaqədar uzun müddətdir distant formada davam etdirilən tədris prosesi yenidən əyani formaya keçirildi. Belə ki, sentyabrın 22-dən Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində sentyabrın 29-dan isə digər siniflər və ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olundu.

Amma məktəblər açılar-açılmaz valideynlərin şikayətləri, köhnə problemləri də özü ilə bərabər gətirdi. Sosial şəbəkələrdə narazılığını dilə gətirən valideynlər orta məktəblərdə fondpulu, süpürgəpulu, müəllimlərə hədiyyə və s. kimi məsələlərin həllini tapmamasından narahatdırlar. Ümumilikdə isə orta məktəblərin təhsil ocağı kimi əvvəlki imicini qoruya bilməməsi, təhsil prosesinin də bu səbəbdən məktəblərin əhatəsindən çıxıb, daha çox kurslara, repetitorlara istiqamətlənməsi cəmiyyəti narahat edən məsələlərdən birinə çevrilib.

Bəs məktəblərin imicini necə bərpa etmək olar?

Valideynlərin orta məktəblərdəki rüşvət narazılığı ilə bağlı Modern.az olaraq Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat katibi Cəsarət Valehov saytımız vasitəsilə valideynlərə müraciət edərək, neqativ hallar barədə nazirliyi məlumatlandırmağa çağırıb:

“Valideynlər tərəfindən məktəbdəki hər hansı qanunsuz hallarla bağlı müraciət olarsa, mütləq Təhsil Nazirliyi araşdırıb, tədbir görür.Tədris ili başlayan kimi orta məktəblərimizdə təchizat tam təmin olunur. Təsərrüfat avadanlıqları, təhsil vəsaitləri, marker, silgi və s. kimi kiçik əşyalar avqust ayından başlayaraq məktəblərə paylanıldı. Orta məktəblərin təminatla bağlı heç bir problemi olmamalıdır. Biz çox qısa müddətdir ki, əyani tədrisə başlamışıq, məktəbdə nəyinsə çatışmaması mümkünsüz haldır. Əgər nə isə lazımdırsa, məktəb rəhbərliyi rayon təhsil idarəsinə, Bakı Şəhər Təhsil İdarəsinə, Təhsil Nazirliyinə müraciət edir, onların ehtiyacları ödənir. Valideynlərdən də şikayət və müraciət daxil olduğu halda müvafiq addımlar atılır”.

Müəllimlər günü ilə bağlı rüşvət tələb edilməsi məsələsinə gəlincə, C. Valehov bu haqda məktəblərə xüsusi xəbərdarlıq edilmədiyini bildirib:

“Amma hər zaman biz deyirik ki, qərar qərardır. Məktəblərdə qeyri-qanuni yolla valideynlərdən nə isə istəmək, pul yığmaq qəti qadağandır.

Valideynlərə isə məsləhət görürük ki, əgər hər hansı neqativ halla qarşılaşıblarsa, nazirliyin “Qaynar xətt”inə, müxtəlif əlaqə vasitələrinə müraciət etsinlər”.

Sabiq deputat, professor Şahlar Əsgərov orta məktəblərin əvvəlki imicinin bərpa olunması ilə bağlı şəxsi düşüncələrini paylaşıb. Professor düşünür ki, bunun üçün hər məsələdə yaxşı nümunə olan məktəbləri irəli çəkmək, təbliğ etmək, digər təhsil ocaqlarındakı mənfi halları birbaşa nazirin diqqətinə çatdırmaq lazımdır. Neqativ məsələlərlə gündəmə gələn məktəbləri tənqid etmək lazımdır:

“Sabah müəllimlər günüdür. Tənqiddən öncə yaxşı müəllimləri təbrik edirəm, rüşvətxor və pis müəllimlərə təbriklərimi çatdırmayın. Məktəblərdəki rüşvətin bir ara kökü kəsilirdi, amma indi yenə də görürsən ki, hansısa icra başçısının, məmurun bacısı, həyat yoldaşı məktəb direktoru qoyulur. Bunlara son qoymaq vacibdir. Yaxşı, işinin peşəkarı müəllimləri, pedaqoqları, idarəçiləri məktəblərə rəhbər qoymaq lazımdır.

Tənqidi düşüncə dövləti əhəmiyyət kəsb edir, ictimai marağı şəxsi maraqdan qorumaq üçündür. Biz yaxşı məktəbləri, yaxşı müəllimləri, yaxşı direktorları tərifləyib, tamam əks mövqedə olanları tənqid etməliyik. Neqativ hallar dilə gətirilmədikcə, məktəblərimizdə daha da çoxalır”.

Ş. Əsgərov Sumqayıtda yerləşən Texniki Təbiət elmləri Gimnaziyasını digər orta məktəblərə nümunə göstərib:

“Bu il 54 məzunu olan məktəbin qəbul imtahanlarında göstərdiyi ortalama nəticə 608 baldır. Azərbaycan təhsilinin ümumi nəticəsinə görə şagirdlərin gostərdiyi ortalama bal isə 300-dən də aşağıdır. Bu kimi məktəbləri nümunə göstərmək, nəticələri aşağı olan məktəbləri tənqid etmək lazımdır.

Təhsil Nazirliyinin yanında 202 saylı orta məktəb yerləşir. Həmin məktəbin nəticələrini Sumqayıtda yerləşən adını çəkdiyim gimnaziya ilə müqayisə edin. Nazirlik öz “əlinin altında” yerləşən orta məktəbdəki qüsurları görə bilmirsə, ucqalardakı təhsilə, cəmiyyətə necə nəzarət edəcək?”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir