Dünyada bir çox gözəl, nəcib peşələr var. Məsələn; həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodlar işlədir, yollar çəkir, körpülər salır. Memarlar binaların və başqa tiklilərin texniki, iqtisadi, funksional görünüşü baxımından planlaşdırılması və tikilməsi işlərini yerinə yetirən şəxslərdir. Onların əsas vəzifəsi tikililərdən öncə yeni memarlıq nümunələrinin yaradılmasından ibarətdir və s. Lakin bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var ki, bu, müəllimlik peşəsidir. Həkim də, mühəndis də, memar da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Ona görə ki, müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Həmçinin bu xəzinəyə inamla daxil olanlar heç vaxt həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər biz bu gün bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə böyük məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq. İnsan cəmiyyətinin əzəli də sonu da müəllim əməyi ilə bağlıdır. Çünki insanlar öyrənə-öyrənə kamilləşirlər. Hər dəfə yeni-yeni kəşflər edərək öz həyatlarını asanlaşdırırlar. Həmçinin müəllim ən şərəfli, ən ülvi, ən uca və ən əsası müqəddəs bir addır. İslam dünyasının ən parlaq simalarından olan İmam Əli (ə)-ın bu deyiminə “Mənə bir hərf öyrədənin köləsi olaram”. diqqət yetirsək görərik ki, din, əqidə, məslək uğrunda ən uca zirvəyə, şəhidlik zirvəsinə yüksələn Həzrəti Əli (ə) onu öyrədənin müəllimin əməyini necə yüksək dəyərləndirib. Və onun müəllimlik peşəsini bu qədər yüksək dəyərləndirməsinin səbəbini anlamaq üçün isə ilk olaraq müəllimlik peşəsinin mahiyyətinə nəzər salmaq lazımdır. Müəllim fəaliyyətinin məqsədi və nəticəsi öyrətməkdir. Bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini və peşə xüsusiyyətlərinin çətinliyini nəzərə almaq lazımdır. Pedaqoji sahədə çalışan hər bir müəllim xüsusi peşə qabiliyyətlərinə malik olmalıdır ki, bunların da sırasında didaktik qabiliyyət, ünsiyyət, təşkilatçılıq, yaradıcılıq və emosional qabiliyyətlər mühim yer tutur. İlk öncə müəllim akademik savada malik olmalıdır. Hərtərəfli və geniş biliyi, dövrünün nailiyyətləri barədə informasiyası, təlimə tətbiq olunan texnikalarla işləmək qabiliyyətləri olmalıdır. Onun şəxsi həyatı, insanlarla rəftarı və ünsiyyəti şagirdləri üçün nümunə olmalıdır. Öz həmkarları və şagirdlərinin valideynləri ilə düzgün və hörmətli münasibətləri olmalıdır.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllimlik çətindir ona görə ki, müəllimlər dövlətin ən qiymətli kapitalı olan insan resursu ilə işləyir. Bu işin çətinliyi də məhz bundadır. Çünki, insan emosional, dinamik və dəyişkən bir varlıqdır. Onlarla işləyərkən müəllim yalnız hazır təlimatlara uyğun şəkildə davrana bilməz. Buna görə də müəllimlər özləri öz işində yaradıcı olmalıdırlar ki, istənilən bir çətin situatsiya yarandığı halda çıxış yolu tapıb, istər təlim prosesini, istərsə də tərbiyə prosesini düzgün məcraya yönəldə bilsinlər. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər.Valideynlə bərabər, bəlkə də, valideyndən daha çox uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək
müəllimlərin üzərinə düşən ağır yükdür. Müəllimlik şərəfli işdir. Çünki, müəllim vətən üçün övlad, cəmiyyət üçün şəxsiyyət yetişdirir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır və bunula yanaşı savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.
Hər kəs bilməlidir ki, onun taleyində müəllimin yeri var. Bu bir həqiqətdir ona görə ki, hər kəsə əlindən tutub əlifabnın ilk hərfini, ən əsası isə müqəddəs “ana” kəlməsini yazmağı, oxumağı həmçinin saymağı öyrədən ilk müəllimini hər zaman xatırlayır. Biz tariximizi, ana yurdumuzun təbiətinin gözəlliklərini o cümlədən xalqımızın dostları və düşmənləri barədə müəllimlərimizdən çox şeylər öyrənmişik. Dəyərli müəllimlərimiz bizə şifahi xalq yaradıcılığının, dastanlarımızın ruhunu aşılayıblar, eləcə də yazılı ədəbiyyatımızın görkəmli nümayəndələrinin: Nizaminin, Füzulinin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, S.Vurğunun, H.Cavidin və digərlərinin əsərlərinin incəliklərini öyrədiblər.
Onu da qeyd etmək lazımdır ki, dünya ölkələrində Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Həmin vaxtdan başlayaraq, hər il 5 oktyabr tarixi Beynəlxalq Müəllimlər Günü kimi bayram edilir. Bu tarix, həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir. Müstəqil Azərbaycanda isə bu tarix ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib. Həmin vaxtdan etibarən hər il ölkəmizdə Beynəlxalq Müəllimlər Günü bu müqəddəs peşə sahiblərinə böyük hörmət və sevgi ilə qeyd edilir. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev hər zaman müəllimlər haqqında da xoş sözlər söyləmişdir. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, hər zaman onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasını diqqətdə saxlayırdı, bu müqəddəs peşə sahiblərinin qayğısına qalırdı. Bu gün Ümummilli Lider siyasi kursunun uğurlu davamçısı cənab Prezident İlham Əliyev də milli təhsilin inkişafına xüsusi diqqət göstərir. Bu gün təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb. Həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi bu ali məqsəddən xəbər verir.
Hər il Prezident İlham Əliyevin yeni tikilən, əsaslı təmir olunan təhsil ocaqlarında olması, orta məktəblərin təmiri və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanışlığı, öz tapşırıq və tövsiyələrini verməsi dövlət başçısının bu sahəni hər zaman diqqətdə
saxlamasının göstəricisidir. Məhz bu inkişafın davamı olaraq, heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün hər zaman olduğu kimi bütün imkanlarını səfərbər edəcək, Vətənimizə layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər.
Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Müəllimlər bizə qətrə-qətrə Vətənə, torpağa sevgi hissini aşılayırlar. Biz məhz müəllimlərin sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıb. Əlbəttə, bütün bunlar ani olaraq baş vermir, çünki nailiyyətlərimizin arxasında müəllimlərimizin illər boyu çəkdikləri böyük və gərgin zəhmət dayanır. Unutmayaq “Gələcək gənclərin, Gənclər isə Müəllimlərin əsəridir”. Elə buna görə də cəmiyyətdə müəllimlik çox şərəfli, müqəddəs peşə hesab olunur. Alim də, sərkərdə də, bir sözlə, həyatda tutduğu mövqedən asılı olmayaraq hər kəs müəllimi qarşısında baş əyir, onu hər zaman xoş duyğularla xatırlayır. Hər birimizə yazmağı, oxumağı, öyrənməyi, düşünməyi öyrədən və ən əsası hər birimizin layiqli bir insan, layiqli bir vətəndaş kimi yetişməyimizdə çox böyük və əvəzsiz xidmətləri olan müəllimlər bayramınız mübarək!
Cavadzadə Seyid Sürayə