Son zamanlar İran-Azərbaycan münasibətlərində yaranan gərginlik sosial şəbəkələrə də sirayət edib. Məsələn, “Facebook”-un Azərbaycan seqmentində qonşu ölkənin xüsusi xidmət orqanlarının, yaxud dini mərkəzlərinin təsiri altında olduğu şübhə doğurmayan profillərdən eyni tezislər əsasında təbliğat aparılır.
Bu təbliğat bilavasitə Azərbaycan Respublikasına qarşı yönəlməklə yanaşı İran rejiminin bölgədəki iddialarını tərənnüm edir. Vətəndaşlar “sionist rejimə qarşı din qadaşlığı”, “müsəlman həmrəyliyi” şüarları altında mübarizəyə dəvət edilir. Bu zaman din amilindən xüsusilə geniş istifadə olunur və bu zaman İranda vaxtı ilə dini təhsil almış şəxslər ön plana çıxarılır.
Qeyd edək ki, Azərbaycanda xaricdə dini təhsilə icazə verilməsinə qarşı narazılıqlar zaman-zaman gündəmə gəlib. Deputatlar, ilahiyyatçılar və siyasətçilər gənclərimizin xaricdə, xüsusən də İranda dini təhsil almasına qadağa qoyulması təşəbbüsü ilə çıxış ediblər. Çünki bu, hansısa məqamda ölkənin milli təhlükəsizliyinə təhdid yarada bilər.
Xatırladaq ki, Azərbaycanda dövlət xətti ilə xaricdə dini təhsil almaq mümkün deyil. Öz hesabına, yaxud müxtəlif digər vasitələrlə, yollarla təhsil alanların da diplomları Təhsil Nazirliyi tərəfindən tanınmır. Azərbaycanda İlahiyyat İnstitutunda, Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsində və dini kolleclərdə, mədrəsələrdə dini təhsil verilir.
Qeyd edək ki, dövlətin təhsil müəssisələrində dini təhsil pulsuzdur, bu ixtisaslar üzrə ali məktəblərə qəbul balları da simvolikdir. Burada təhsil alanlar geyimlə və ərzaq məhsulları ilə də təmin olunurlar.
Hökumətin xaricdə dini təhsillə bağlı qadağaları cəmiyyət tərəfindən də dəstəklənir. Təhsil eksperti Kamran Əsədov “AzPolitika.info”ya problemi şərh edərkən deyib ki, Azərbaycan dünyəvi dövlətdir və burada din dövlətdən ayrıdır. Bununla belə, ölkəmiz mürəkkəb coğrafiyada yerləşdiyindən dövlət hər zaman din məsələsini diqqətdə saxlayıb.
K.Əsədov xatırlatdı ki, təxminən 3 min nəfərə yaxın azərbaycanlı dini təhsilini xaricdə alıb: “Bu səbəbdən də aidiyyatı qurumlar ölkədə dini təhsil müəssisələrinin yaradılmasına qərar veriblər. Ölkədə Bakı İslam Universitetində(2018-ci ildən İlahiyyət Universiteti adlanır-red.) təxminən 3850, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində isə 819 nəfər təhsil alıb. Bununla belə, bu təhsil bəzən dinin təməl strukturu olan sülhpərvərlik və tolerantlıq modellərindən kənar olub. Bunun acı nümunələri dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da müşahidə edilib”.
Ekspertin sözlərinə görə, xaricdə təhsil alanların sayının çox olması ölkədə dini təhsil sahəsində problemlərin miqyasından xəbər verir.
“Son 25 ildə yüzlərlə şəxsin Səudiyyə Ərəbistanında, minlərlə gəncin İranda, bundan əlavə çoxlu sayda vətəndaşımızın Suriyada, Misirdə, Liviyada, Pakistanda, Malaziyada, Dağıstanda və Türkiyədə dini təhsil alması diqqətdən yayına bilməz. Bu ölkələrdə dini təhsil alanların çoxluğu Azərbaycanda oturuşmuş din təhsilinin olmamasından xəbər verir”,-deyə K. Əsədov vurğulayıb.
Ekspert qeyd edir ki, kişilərlə yanaşı, qadınlar arasında da savadlı, zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə malik ilahiyyatçıların yetişdirilməsinə ehtiyac var.
Millət vəkili Fazil Mustafa “AzPolitika.info”ya bildirib ki, xaricdə dini təhsil məhdud səviyyədə olsa da nəzərdə tutulmalıdır. Onun sözlərinə görə, məsələyə fərdi qaydada yanaşılmalıdır.
Deputat əlavə edib ki, başqa ölkələrdə din adı altında Azərbaycan əleyhinə casus yetişdirən şəbəkələr var və onların fəaliyyəti bəllidir: “Elə ölkələr və təhsil ocaqları var ki, oradan hansısa təhlükənin gəlmə ehtimalı çox azdır. Yalnız savadlı din xadimləri çox olarsa, cəmiyyətin cahilliyə yuvarlanmasının və dinin siyasiləşməsinin qarşısını almaq olar”.
F.Mustafa qeyd edir ki, yalnız yerli təhsillə kifayətlənmək doğru deyil. İlahiyyat İnstitutunun maddi-texniki bazasını daha da gücləndirmək, dost ölkələrdən mütəxəssislər dəvət edərək, təhsilin keyfiyyətini yüksəltmək olar.
“Başqa ölkələrdən idarə olunan, ruhanilərə töycü ödəyən dindar anlayışını cəmiyyətimiz qəbul etməməlidir. Hər kəs öz inancını qorumalı, layiqincə yaşamalı, xarici ölkələrin siyasi təlimatlarının din pərdəsi altında icraçısına çevrilməməlidir. Bu gün ölkəmiz üçün ən ciddi təhlükə bu sferadan gəlirsə, hamımız bu təhlükəyə qarşı refleksimizi gücləndirməliyik. Dini maarifçilik işi çox bərbad vəziyyətdədir, kütlə qarşısına çıxaracaq ilahiyyatçıların sayı çox azdır. Ona görə də bu sahədə təhsilli insanların sayı çoxalmalıdır ki, ölkəmizi və insanlarımızı cəhalətin qurbanına çevirmək mümkün olmasın”, – deyə deputat vurğulayıb.
Heydər Məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev “AzPolitika.info”ya açıqlamasında deyib ki, onun özü Azərbaycanda təhsil alıb, Bakı İslam Universitetininin məzunudur. İlahiyyatçının sözlərinə görə, Azərbaycanda təhsil alaraq, minə yaxın məsciddə çalışan vətəndaşlarımız var: “Düşünürəm ki, ölkədəki ali təhsil müəssisələrində din təhsili yetəri qədər tədris olunur”.
Rüfət Qarayev hesab edir ki, xaricdə dini təhsili faciəli hal kimi qəbul etmək də düzgün deyil: “Çünki müxtəlif ölkələrdə təhsil alıb ölkəmizə qayıdaraq, öz vətəninə, millətinə layiqli xidmət edən din xadimlərimiz çoxdur. Amma bu təhsil mütləq dövlətin nəzarəti altında olmalıdır. Əgər dini təhsil alanlar başqa ölkələrin maraqlarına deyil, öz dövlətimizə xidmət edəcəklərsə, bunu dəstəkləmək olar. Yoxsa, xaricdə təhsil alan şəxs həmin ölkənin ideologiyasının təbliğatını aparacaqsa, bunun tam əleyhinəyəm”.
İlahiyyatçı təklif edir ki, orta məktəblərdə din dərsi tədris olunsa, belə problemlər yaşanmaz: “Din insanların ehtiyacıdır. Bu gün insanların xaricdə təhsilinə icazə verilməsə də, onlar internet vasitəsilə müxtəlif ölkələrin din xadimlərinin xütbələrini, söhbətlərini dinləyə bilirlər. İnsanlarımıza ali və orta məktəblərdə dini təhsil verilərsə, onlar yad qüvvələrin təsiri altına düşməzlər”.
Bu sahədə xarici təcrübəyə gəldikdə, əksər ölkələrdə dini və hərbi təhsilə ya ölkə daxilində, ya da müttəfiq dövlətlərdə icazə verilir. Çünki din, ideologiya kimi məsələlər istənilən ölkənin təhlükəsizliyi baxımından olduqca böyük yükə və əhəmiyyətə malikdir.