Avazı yaxşı gəlir, oxunan “Quran” olsa: bu dəfə quru vəddən qabağa gedə biləcəyik? – NƏ BAŞ VERİR?
Azərbaycanda turizm layihələrinə qrant ayrıla bilər. Bu, Milli Məclisin payız sessiyasında müzakirə ediləcək “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında nəzərdə tutulub. Məlumata görə, bu dəyişikliyin əsas məqsədi ölkədə turizm sahəsinin inkişafına nail olmaqdır.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev AYNA-ya deyib ki, Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində zəruri addımlar atılıb: “Bu sahə ilə məşğul olan şəxslərdən lisenziya tələbinin ləğv edilməsi bu sahədə çalışan sahibkarların qarşısında yeni imkanlar açıb. Düzdür, koronavirus pandemiyasından ən çox zərərçəkən sahə də turizm oldu. Dünyada, o cümlədən Azərbaycanda həyata keçirilən karantin sərtləşmələri bu sahənin uzun müddət fəaliyyətsiz qalması ilə nəticələndi. Belə bir vəziyyətdə turizm sektorunu yenidən dirçəltmək, sahibkarların bu sahəyə olan marağını bərpa etmək üçün müəyyən addımlar atılmalıdır”.
Deputatın sözlərinə görə, “Turizm haqqında” qanun layihəsində bir çox məqamlar öz əksini tapıb: “Yeni tənzimləyici mexanizmlərin təqdim edilməməsi turizm sənayesi subyektlərinin fəaliyyətinin dövlət nəzarətindən kənarda qalmasına və nəticədə bu sahədə istehlakçıların hüquqlarının pozulması hallarının artmasına səbəb olub. Başqa sözlə desək, qüvvədə olan qanun özündə mövcud reallığa uyğun olmayan anlayışları, prinsip və vəzifələri ehtiva edir və turizm bazarında ümumilikdə lazımi tənzimləyici təsirə malik deyil. Bu səbəbdən qanunun yenilənməsinə ciddi ehtiyac var. Milli Məclisin payız sessiyasında qanun layihəsi müzakirə olunacaq”.
“Ölkəmizdə turizm layihələrinə qrant ayrılması da qanun layihəsində nəzərdə tutulub. Lakin bu, hələ yekun deyil. Yəni, belə bir müddəanın qanunda əks olunması istisna edilmir. Turizm kifayət qədər strateji bir sahədir və bu səbəbdən dövlət müxtəlif istiqamətlərdən sektorun inkişafına dəstək göstərməyə çalışır”, – deyə Quliyev vurğulayıb.
“Ege Travel” turizm şirkətinin direktoru, turizm eksperti Mikayıl Mirzəzadə isə ölkə turizminin inkişafı ilə bağlı deyilənlərlə razılaşmır: “Bu sahədə kifayət qədər problemlər var. Eyni zamanda, “Turizm haqqında” qanun layihəsində boşluqlar mövcuddur. Bütün hallarda yeni qanun layihsinin qəbul edilməsi müsbət addımdır. Lakin bu qanun da öncəki qanun kimi işlək olmayacaqsa, sahibkarların mənafeyini qorumayacaqsa, bu dəyişikliklər də faydasız olacaq. Məlum olduğu kimi, koronavirus pandemiyasından ən çox zərər görən sahə məhz turizm oldu. Faktiki olaraq bu sektor iflic vəziyyətinə düşdü. Lakin müvafiq qurumlar, xüsusən Dövlət Turizm Agentliyi bu istiqamətdə ciddi adımlar atmadı”.
Ekspert qeyd edib ki, Azərbaycanda turizm obyektləri əsasən məmur oliqarxiyasının nəzarətindədir: “Hansı daşı qaldırırsansa, altından məmurlar çıxır. Düzdür, onlar öz adlarına bunu rəsmiləşdirmirlər. Lakin bu sahədən az-çox məlumatı olan hər kəs bilir ki, həm yerli, həm də əcnəbi turistlərin üz tutduğu əsas turistik məkanlar məmur oliqarxiyasına aiddir. Bu sahədə inhisarçılıq mühiti hökm sürdüyünə görə, baş verən dəyişikliklər də onların maraqlarına xitab edir. İlk növbədə bu sahədə olan neqativ hallar aradan qaldırılmalıdır. Əks halda heç bir dəyişiklik bu sahənin inkişafına yol açmayacaq”.
“Turizm layihələrinə qrant ayrılması ilk baxışdan çox mütərəqqi addımdır. Bu günə qədər müxtəlif dövlət qurumları fəaliyyət göstərdiyi sahələrin inkişafı üçün qrantlar ayırıb. Kiçik bir araşdırma aparsaq, görərik ki, bu qrant layihələri həmin sahələrin inkişafına gətirib çıxarmayıb. Yalnız özlərinə yaxın müəyyən şəxsləri bu yolla maliyyələşdiriblər. Yaxşı olardı ki, turizm layihələrinin maliyyələşdirilməsi zamanı bu kimi hallar baş verməsin. Lakin bunun əksinin olacağı, qrant layihələrinin obyektiv şəkildə qiymətləndiriləcəyi inandırıcı deyil”, – deyə Mirzəzadə fikrini yekunlaşdırıb.