Cəmiyyət

“Lukoil”un yatırımlarında siyasi çalarlar axtarmaq lazımdırmı? – TƏHLİL

Rusiyanın “Lukoil” şirkəti Azərbaycanın enerji sektorunda payını sürətlə artırır. Xatırladaq ki, ötən il SOCAR və “Lukoil” arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb. “Lukoil” bu yataqlarda fəaliyyətini genişləndirmək istiqamətində işlər aparır.

Bundan başqa, ötən ay BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25%-ni “Lukoil”a satıb. Böyük Britaniya nəhəngi geoloji-kəşfiyyat dövründə AYDH hasilatın pay bölgüsü haqqında sazişinin (HPBS) operatoru olaraq qalacaq. Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları belə olacaq: SOCAR-ın Ortaq Neft Şirkəti – 50%, BP – 25% və “Lukoil” – 25%. Bu sövdələşmənin Azərbaycan hökuməti tərəfindən təsdiq olunduqdan sonra 2021-ci il 1 iyul tarixindən qüvvəyə minməklə, bu ilin dördüncü rübündə başa çatacağı gözlənilir.

“Lukoil”in prezidenti Vahid Ələkbərov bildirib ki, rəhbərlik etdiyi şirkətin BP və SOCAR-ın layihəsinə qoşulması Rusiya və Azərbaycanın enerji sahəsində beynəlxalq əməklaşlığın inkişafı ilə bağlı milli maraqlarına uyğundur: “İnanıram ki, tərəfdaşların topladığı bütün elmi və texniki ehtiyatlar Abşeron yarımadasının dayaz sularındakı bu perspektiv sahənin işlənməsinə təkan verəcək”.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə Britaniya şirkətinin Abşeron yarımadasının Dayazsulu Hissəsi layihəsindəki payını yarısını satmaq qərarını belə əsaslandırıb:

“Biz qərarlaşdırmışıq ki, bu layihədə 25% pay saxlayaq. Bu bizə imkan verəcək ki, öz investisiya potensialımızı Azərbaycanda bərabər bölüşdürək və strategiyamıza uyğun olaraq biznesimizin digər sahələrinə də əsaslı xərclər yönəldə bilək. Həm də biz, əvvəlki kimi, layihənin geoloji-kəşfiyyat dövrü üçün operator olaraq qalırıq. Bu da bizə layihədəki mühüm mövqeyimizi saxlamağa imkan verir və “Azəri-Çıraq-Günəşli” layihəsində (30,4%) və “Şahdəniz”dəki (28,8%) iştirak mövqeyimizə də uyğundur”.

“Lukoil” şirkəti AYDH-dən sonra Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağındakı payını da artırıb. Rusiya təmsilçisi Malayziyanın “Petronas” şirkətinin “Şahdəniz”dəki 15,5% payının alınması haqqında müqavilənin imzalandığını elan edib. Məlumata görə, sövdələşmənin dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edəcək.

Xatıladaq ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Vahid Ələkbərov bildirib ki, Azərbaycan və Türkmənistanın birgə layihəsi olan “Dostluq” yatağında da pay almaq, hətta layihənin operatoru olmaq istəyir:

“Dostluq”la bağlı məsləhətləşmələr aparılır, hökumətlərarası razılaşma hazırlanır. Biz operator olmaq istəyirik, nə qədər paya sahib olacağımızı isə hələ bilmirik”.

Mütəxəssislərin fikrincə, “Dostluq”da 50 milyon ton neft ehtiyatı var.

Rusiya şirkəti təkcə Xəzərin Azərbaycana aid hissəsində fəaliyyətini genişləndirməklə kifayətlənmir. Bu günlərdə yayılan xəbərə görə, şirkətin prezidenti V.Ələkbərov Qazaxıstan prezidenti Qasımcomərd Tokayevlə “Ak Orda” yatağının müştərək istismar edilməsi ilə bağlı razılığa gəlib.

Maraqlıdır, Rusiya nəhənginin Xəzərdəki yataqlarda payını sürətlə artırması nə ilə bağlıdır? Bu, sırf kommersiya maraqları ilə bağlıdır, yoxsa, siyasi çalarlar da axtarmaq lazımdır?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “pressklub.az” saytının sualına cavabında bildirdi ki, 1994-cü ildən Azərbaycanla əməkdaşlıq edən “Lukoil” şirkətinə payın satılmasında qeyri-adi bir şey axtarmağa ehtiyac yoxdur:

“İstər “Azəri-Çıraq-Günəşli”, istər “Şahdəniz”, istərsə digər layihələr olsun – biz görmüşük ki, 90-cı illərdən bu tərəfə paylar alınıb-satılır, bir şey gedir, onun yerinə başqası gəlir”.

Ekspert əlavə etdi ki, bəzi iri şirkətlər daha miqyaslı layihələrə maraq göstərirlər:

“Kəşfiyyat layihələrində operatorun öz payını digər şirkətə satması professional dildə risklərin bölünməsi adlandırılır. Adətən neft sektorunda belədir ki, altı kəşfiyyat quyusundan biri məhsuldar olarsa, yaxşı hal hesab edilir”. //pressklub.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir