Siyasət

Tovuzun Şamlığında İBTİDAİ ŞƏRTLƏR… – NARAZILIQ!

“Ətraf kəndlərə qaz xətti çəkilib, mavi yanacaqla təmin olunub, baxmayaraq ki, o kəndlərə gedən ana xətt bizim kənddən keçir, bizim kəndi qazlaşdırmayıblar.

Qış qapıdadır, ötən il bir maşın odun 400 manata satılırdı, bu il qiyməti 450 manata qaldırılıb.

Tovuzun Şamlıq kəndi Böyük Qışlaq ərazi nümayəndəliyinə aiddir.

“Ətraf kəndlərə qaz çəkilib, bizim kəndə yox…”

Kənd sakinləri Meydan TV-yə danışırlar ki, ərazi nümayəndəliyinə daxil olan kəndlərin bir qismi qazlaşdırılsa da, bir qismində hələ də kəndlilər evlərini odunla isidir: “Sovet hakimiyyəti vaxtı həm bizim, həm də qonşu kəndlərdə qaz olub. Ancaq Sovet hakimiyyəti dağılandan sonra digər sahələrdə olduğu kimi mavi yanacaqdan da əziyyətlərimiz başladı. 30 ildir ki, evlərimizi odunla qızdırırıq, yeməyi, çayı ocaqda hazırlayırıq. Son illərdə qonşu kəndlərə qaz xətti çəkildi, ana xətt gəlib bizim kəndin aşağı tərəfindən keçir, qonşu kəndlərə uzanır. Ana xətt kəndin aşağı tərəfindən keçdiyinə görə gözdən pərdə asmaq üçün kəndin həmin tərəfindəki 2-3 evə qaz verilib. Kasıb kənddir, dağ kəndidir, qış fəsli tez düşür, çox sərt keçir. Odun çox bahadır, ala bilmirik”.

“10 gün əvvəl yola çınqıl tökdük, amma…”

Sakinlər deyir, qış aylarında vəziyyət daha da acınacaqlı olur. Qaz olmadığına görə evlərdə elektrik cihazlarından istifadə olunur, bu isə elektrik naqillərində qısaqapanmalara səbəb olur və hər an yanğın təhlükəsi yaranır. Daha bir problemsə yollarla bağlıdır: “Kəndimizin yolları da bərbaddır, Kənddə yas, toy məclisləri olanda yığışıb, 10-20 manatdan toplayıb yolların çala-çuxur hissələrinə çınqıl tökürük ki, gələn qonaq yolda qalmasın, maşını xarab olmasın. Sonuncu dəfə yola 10 gün əvvəl çınqıl tökdük. Ancaq nə faydası… Leysan oldu, gördüyümüz iş də hədər getdi, su yuyub çınqılları apardı, yerində yenə əvvəlki dərin çuxurlar qaldı. Çünki bu, vətəndaşın görəcəyi iş deyil, bu işlər hökumət tərəfindən daha geniş, keyfiyyətli şəkildə görülməldir”.

Kənddə tibb məntəqəsi də yoxdur. Yuxar Qışlaq ərazi nümayəndəliyinə daxil olan 20 kəndin bircə poliklinikası var ki, o da sakinlərə normal xidmət göstərmir. Dağ kəndində yaşayan sakinlər tibbi yardım almaq üçün rayon mərkəzinə yol qət etməli olurlar.

“Evlər boşalıb, hamı kənddən didərgin düşüb”

“65 evdən vur-tut 15-20 evin qapısı açıqdır. Hamı qapısına qıfıl vurub, çıxıb gedib. Çoxu ya rayon mərkəzinə, ya da Bakıya, digər rayonlara üz tutub. İnsan burda necə yaşasın – qaz yox, yol yox, normal tibb xidməti yox, iş yox, dolanışıq yox… Hər ailənin 20-25 sot torpağı var, kartof əkir, vəssalam… Bununla dolanışıq təmin etmək olar? Belə davam etsə, hələ yaşayış olan evlərin də vaxt gələcək, qapısından qıfıl asılacaq. Bu vəziyyəti yaradansa məmurlardır. Kəndə baxmırlar, kəndlini insan yerinə qoymurlar”.

Tovuz Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Tovuzun kəndlərinin qazlaşdırılması işləri davam edir. Bu yaxınlarda rayonun Əlibəyli və Yuxarı Öysüzlü kəndlərini mavi yanacaqla təmin edən və istismar müddəti başa çatmış borular yenilənib.

Bununla da sərhəd bölgəsində yaşayan 2700 abonentin qaz təchizatı yaxşılaşdırılıb. Buna qədərsə rayonun Hunanlar, Əhmədabad kəndlərinin mavi yanacaq problemi həll olunub: “Bu işlər növbəli şəkildə görülür, Böyük Qışlaq Sovetliyinə daxil olan kəndlərin çoxu qazlaşdırılıb, Şamlıq kəndinin də yaxın illərdə qazlaşdırılması plandadır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir