Cəmiyyət

Zərər çəkmiş evlər nə üçün bərpa olunmur? – NARAZILIQ!

Müharibədə zərər çəkmiş evlərin bərpasına bu ilin yanvar ayından başlanılıb.

Yenicag.az xəbər verir ki, evlərin bir çoxu təmir olunsa da, hələ də təmir olunmasını gözləyən xeyli sayda yaşayış yerləri mövcuddur.

Ağdam rayon məcburi köçkünlər üçün salınmış Səfərli qəsəbəsində 44 günlük müharibə zamanı 33 evə zərər dəyib. Məsələ ondadır ki, həmin 33 evdən yalnız 11-i təmir olunub. Digərləri isə olduğu kimi qalır. Bundan əlavə zərər dəymiş evlərə min manat pul ödənilməli olduğu halda, Səfərli qəsəbəsindəki zərər dəyimiş evlərə həmin pul da verilməyib.

Səfərli qəsəbəsində müharibə nəticəsində zərər görmüş evlərdən biri də Məmmədov Cavanşir Mustafa oğluna aiddir. Cavanşir Məmmədov bildirir ki, onun evini 3 dəfə çəkib, dəymiş zərəri hesablayıblar, ancaq təmir üçün gəlməyiblər:

“5 oktyabr 2020-ci il tarixdə evimizin qarşsına mərmi düşdü. Mərminin qəlpələri dəmir listlərdən çəkilmiş hasarı yararsız hala saldı. Bundan əlavə evin giriş qapısı, pencərələr yararsız hala düşdü. Evdə bir neçə yerdə dərin çatlar da əmələ gəlib”.

Ev sahibinin sözlərinə görə, dövlət qurumları ayrıseçkilik edir:

“Qəsəbəmizdə 33 evə zərər dəyib, ancaq onun cəmi 11-ni təmir ediblər və yalnız onlara min manat dəyərində pul veriblər. Hətta elə evlər var ki, bizim evdən az zərər görmüşdü onlar təmir edilib, mənim evim yox. 3 dəfə müxtəlif qurumlardan gəlib, yazıblar, 2 dəfə də çəkiliş apararaq qeydiyyata alıb, dəymiş zərərin miqdarını çıxarıblar. Bütün qurumlar gəlib ümid verib, gedir, bir daha geri dönmür. Qurumlara etibar etmədiyimiz üçün evləri özümüz də təmir etmirik ki, sonra yalan danışdığımızı boynumuza qoyacaqlar. Ən son bir ay əvvəl gəlib çəkib, söz verdilər ki, problem həll olacaq, onlardan hələ də xəbər yoxdur.

Nə o verilən pul, nə də təmir xərci heç bir məmurun cibindən çıxmır. Dövlət müharibə edib, dövlət də müharibənin fəsadlarını aradan qaldırmaq üçün pul ayırıb. Məmurlar niyə vətəndaşları narazı salır anlamaq mümkün deyil“.

Qeyd edək ki, bərpa və təmir-tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir