Manşet

“Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik” – Ərdoğan

“Bu gün qardaşım İlham Əliyevlə görüşdə iqtisadi sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat və Qarabağın inkişafı ilə bağlı layihələrdə mövcud durumu və gələcəyə dair planları dəyərləndirmək imkanı qazandıq. Hamısından öncə isə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çıxardığımız əlaqələrimizi necə daha irəliyə apara biləcəyimizi müzakirə etdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, tək millət, iki dövlət olmanın verdiyi ortaq şüur və ruhla hərəkət edirik: “Azərbaycan bölgənin gerçək potensialının reallaşmasına mane olan işğalı şanlı zəfəri ilə sona çatdırdı. İllərdir, həyata keçirilməyən BMT Təhlükəsizlik Şurasının qərarını özü həyata keçirdi. Vəziyyət bu gün davamlı sülhün təmin olunması və gözlənilən normallaşma yönündə durum heç olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməsi gərəkdir. Biz bölgədə davamlı sülh və ətraflı normallaşmaya tərəfdarıq. Bu coğrafiyadan keçəcək avtomobil və dəmiryolları təkcə Azərbaycan və Türkiyə deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İqdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək. Bu prosesdən İran, Gürcüstan, Ermənistan daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edəcək. Xülasə, bu layihələr kimisə kənarda qoymaq deyil, layihəyə daxil etmək üçün üçündür”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir