İqtisadiyyat

Pandemiya ilə bağlı yumşalmalardan sonra bahalaşma gözlənilirdi – GƏLİŞMƏ

Karantin rejiminin yumşaldılması Bakıda kommersiya obyektlərinin satış qiymətinin bahalaşmasına səbəb olub. “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, sentyabr ayında Bakıda kommersiya obyektlərinin qiyməti 3,70 faiz bahalaşıb. Kommersiya obyektlərinin bir kvadratmetrinin orta qiyməti 3420 manat təşkil edib.

Sentyabr ayında 452 kommersiya obyekti satışa çıxarılıb. Lakin sentyabr ayında kommersiya obyektlərinin icarə qiyməti ucuzlaşıb. Belə ki, ötən ay bu obyektlərin icarə qiyməti 4,85 faiz ucuzlaşıb.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov “Şərq”ə açıqlamasında vurğulayıb ki, post-pandemiya dövründə bahalaşma təkcə bizim ölkəmizdə deyil, dünyanın digər ölkələrində də müşahidə edilir. Onun sözlərinə görə, bu da əslində su üzərində sabun köpüyünə bənzəyən bir tendensiyadır:

“Nəzərə alın ki, xeyli müddət iqtisadiyyat, subyektlər, satıcılar, alıcılar, sahibkarlar, istehlakçılar məhdudiyyətlər basqısı altında qaldı. Bütün məhdudiyyətlər aradan götürüldükdən sonra birdən-birə açıq fəaliyyət müstəvisinə qədəm qoydular. Nəticədə bir tərəfdən istehlakçı tələbi güclü şəkildə, yəni fontan bir formada ortaya çıxdı. Lakin bunun qarşılığında onu ödəyə biləcək istehsal, yəni təklif ortaya çıxa bilmədi. Nəticədə iqtisadi fəaliyyət sahələri üzrə xidmətdə, ticarətdə güclü qiymət artımları üçün zəmin yarandı və bu da ardıcıl xarakter daşımağa başladı”.

Ticarət obyektlərinin qiymətlərinin artmasına gəldikdə isə iqtisadçı-ekspert qeyd edib ki, bu, iqtisadi aktivliyin, iqtisadi fəallığın pandemiyadan sonrakı dövrdə birdən-birə bir sıçrayış formasında canlanması ilə əlaqədardır:

“Bilirsiniz ki, 2020-ci ildə uzun müddət bütün sahələr üzrə iqtisadi fəaliyyət məhdudlaşdırıldı, yəni məcburən dövlət və hökumət tərəfindən basqı altında saxlanıldı. Pandemiya sovuşmağa başlayarkən, yəni bu ildən etibarən bu məhdudiyyətlər hamısı aradan götürüldü. Nəticədə isə uzun müddət basqı altında qalan iqtisadi aktivlikdə birdən-birə sıçrayış formasında canlanma nümayiş edildi və bu tendensiya hələ də özünü göstərməkdədir. Bunun təsiri nəticəsində də həm istehlak bazarında bahalaşma yarandı, həm də müvafiq istehsal ticarət və xidmət sahələrindəki obyektlərin qiymətlərində artım nəzarə çarpdı”.

P.Heydərov hesab edir ki, bunlar müvəqqəti bir tendensiyadır:

“İqtisadiyyat öz əvvəlki normal inkişaf tempinə qayıtdıqdan sonra bütün bu artımlar səngiyəcək. Hesab edirəm ki, növbəti ildə kommersiya obyektlərinin satış qiymətləri, icazə haqları nəinki artacaq, əksinə, hətta ucuzlaşacağının belə şahidi olacağıq. Bunun üçün biz müəyyən bir mərhələni keçməliyik. Hansı ki, bu mərhələ pandemiyadan sonrakı dövrdə post-pandemiyaya qədər olan vəziyyətə qayıdışı əhatə edən bir keçid mərhələsidir. Həmin keçid mərhələsində bu cür müvafiq iqtisadi zərurətdən, tələblərdən irəli gəlməyən tendensiyaların da ortadan qalxacağının şahidi olacağıq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir