Ötən yazılarımızın birində qeyd etdiyimiz fikrə yenidən qayıtmaq məcburiyyətindəyik.
Bizim dövlət idarəçiliyində və məhkəmə-hüquq sistemində 2 ziyanlı tendensiya var.
Birincisi odur ki, nazir müavinləri, idarə rəisləri həbs edilir, nazirə isə söz deyən olmur. Məsələn, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev kefindədir, amma müavinləri həbsxanada.
Necə ola bilər ki, uzun illər tabeçiliyindəkilər milyonları talasın, amma sənin bundan xəbərin olmasın. Bu heç bir məntiqə sığan məsələ deyil.
İkinci tendensiya isə odur ki, bu dəfə əksinə olur, 1-ci şəxs, məsələn Əmək və Əhalinin Sosial Müdafiəsi naziri həbsxanadadır, amma onun yaxın ətrafı, müavinləri iş başında. Hətta…
Bəli, Səlim Müslümovun “qara kassası” sayılan, bacısının kürəkəni, nazirlikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olan Fuad Əlizadə öz “şefi”nin həbsindən sonra vəzifəsindən uzaqlaşdırıldı. Və 15 gün sonra Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə rəis təyin olundu.
Bu, axı, necə ola bilər ee..?
Bu adam uzun illər Səlim Müslümovun qara kassası olub, bir çox cinayət əməlləri onun əli ilə törədilib, milyonlar qazanıb. Bu gün Bakıda villaları, mülkləri, obyektləri…
Əslində nazirlə bərabər o da cinayət məsuliyyətinə cəlb edilməli idi. Amma əvəzində ölkənin ən mühüm qurumlarından biri olan DGK-ya vəzifəyə aparılır. Özü də nə vəzifə..?
Maliyyə və Təchizat İdarəsinə rəis vəzifəsinə, yəni komitənin “ürəyi, canı, pulu”.
Bax, buna görə də yuxarıda qeyd etdik ki, istintaq, məhkəmə-hüquq sistemi bizdə fəlakətli vəziyyətdədir.
Cənab Prezident İlham Əliyev bir müddət əvvəl əbəs yerə demədi ki, məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac var.
Görəsən, Səlim Müslümovun cinayət əməllərini araşdıran istintaqçılar görmür ki, cinayətin ucu haralara gedib çıxır, burada cinayətkar şəbəkə var ?
İki nəfər bir quzu oğurlayanda cinayətkar şəbəkə deyirsiniz, dövlətin milyonlarını talananda cinayətkar şəbəkə sözü yadınıza heç düşmür…
Cənablar, Ulu Öndər deyirdi ki, cinayətkar cəzasız qalanda dövlət sarsılır.
Sizin məqsədiniz dövlətin dayaqlarını sarsıtmaqdır ?
Axı, bu Fuad Əlizadə filologiya fakültəsini bitirib, peşəsi ədəbiyyat müəllimidir. Bu adam necə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi, indi isə Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi ola bilər?
Ədəbiyyat müəllimi və maliyyə, təchizat, yox bir kosmonavt…
Söhbət ədəbiyyatdan düşmüşkən, Səlim Müslümovun bir böyük kadrı da ədəbiyyat adamı, şair-qəzəlxandır.
Yəqin ki, söhbətin kimdən getdiyi bəlli oldu. Söhbət uzun illər Səlim Müslümovun “baş vəziri, məsləhətçisi” olan, nazirliyin Aparat rəhbəri Əjdər Ol-dan ( Cəbiyev) gedir.
Yenə ortaya sual çıxır: şair hara, nazirliyin Aparat rəhbəri hara ?
Rəhmətlik şair Şəhriyar ona görə deyirdi ki, Bizdən öndə gedir avropalılar, İşi iş bilənə tapşırır onlar…
Şair getsin şeirini, qəzəlini yazsın.
Amma Əjdər Ol, kaş olmayaydı.
Bəli, şeirlərində guya yetim-yesir üçün göz yaşı axıdan dövrümüzün şairi Əjdər Ol Səlim Müslümovun nazirliyində şəhid ailələrinin, əlillərin, ahılların, yoxsulların, yetim-yesirin pullarını basıb yeyirmiş.
Təsəvvür edirsiniz, bu şair Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru olub.
İndi özünüz düşünün, şair hara, Hüquq Departamentinin direktoru hara ?
Bu şair Əjdər Ol illər uzunu şəhid ailələri, əlillər üçün evlərin tikintisindən, avtomobillərin paylanmasından yüz minlər qazanıb.
Bu adam nazirlikdə təyinatlar, işə götürmək, yeyinti və rüşvət şəbəkəsini idarə edirdi. 150 min manatdan 300 min manata qədər bir neçə adamdan pul alaraq birini TSEK rəhbəri, birini baş həkim, birini komissiya sədri, pensiya təyinatı üzrə şöbə müdiri və digər vəzifələrlə təyin etdirirdi. Hamısı da Səlim Müslümovun əli ilə
Səlim Müslümov nazir vəzifəsini tərk edən kimi yeni nazir Sahil Babayev Aparat Rəhbəri Əjdər Olu vəzifəsindən uzaqlaşdırdı. Amma …
Amması odur ki, bu dəfə Yazıçılar Birliyinin sədri Anar müəllim şairə “krışalıq” elədi və onu ən “yağlı vəzifəyə”, Azərbaycan Ədəbiyyat Fonduna direktor təyin etdi.
Bəli, bu cinayətkar şəbəkə hər yerdə hətta ədəbiyyatda da kök salıb.
Amma bu dəfə yazının girişində qeyd etdiyimiz tendensiya pozuldu və DTX sabiq nazirin “vəzir”i Əjdər Olu həbs etdi. Və ona qarşı CM-nin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsilə ittiham irəli sürülüb.
Deyəsən, yavaş-yavaş Səlim Müslümovun cinayətkar şəbəkəsi üzə çıxır.
Yəqin ki, növbə Fuad Əlizadənindir. //gundelik-baku.com//