“İnsan özünə təsəlli verməsə yaşaya bilmir. Bəzən qəzada kiminsə uşağı ölür, yas yerlərinə gedirəm, eşidirəm deyir: “Heç olmasa meyiti ələ gəldi, filankəs qəzada daha pis duruma düşmüşdü”. Əslində isə ölüm ölümdür, bundan o tərəfi
yoxdur. Təsəllidir də, olmasa, insan ölər. Mən də təsəlli ilə yaşayıram. Deyirəm, camaat küçədə qalır, mənim yenə evim var. Amma əslində ev demək olmaz, xəstəlikdir. Hamımızı xəstə salıb”.
Ucarın Qarabörk kəndinin sakini Aygül Həsənova belə deyir. Həyat yoldaşını 9 il öncə xəstəlikdən itirən Aygül 2 qızını tək böyüdür. Deməsinə görə yarı ac, yarı tox, birtəhər dolanırlar:
“Yoldaşım uzun müddət xəstə yatdı. Vardan-yoxdan çıxdıq, bir ümid qapı-qapı xəstəxanaları gəzdik. Olan-qopanı xərclədik, xilas edə bilmədik, getdi. Yaxşı ki, təzə ailə quranda qohumların verdiyi və alınan qızılların satışından əldə etdiyimiz pulla torpaq almışdıq. Yoldaşım öləndən sonra çətinliklə, təkbaşıma bu evi tikdim. Ev demək olmaz, daxmadır. Kirayələrdən bezmişdim, çarəm yox idi. Mühəndis deyiləm, usta deyiləm, başım çıxmır. Ortaya çıxan budur. Bir-iki il yaxşı oldu, zamanla tək daş hörgünün fəsadları üzə çıxdı. Zirzəmi su ilə doldu, divarlar nəmləndi və ev çürüməyə başladı. Onunla bərabər də biz – mən və qızlarım”.
Aygül Həsənova deyir ki, qızlarında da, özündə də yel xəstəliyi (revmatizma) var. Havalar azca soyuyan kimi dizlərinin, sümüklərinin ağrısından gecələr yata bilmirlər:
“Nə qədər soba yandırsam da, ev qızmır. Bu azmış kimi 2 ildir tavandan su damır. Yağış yağanda vedrə, vanna, qab-qacaq hamısı yerə düzülür. Uşaqlara da deyirəm ki, yatağın üstündən yerə düşməyin. Yatağın üstündə yeyir, orada yatır, dərslərini hazırlayırlar”.
Aygül Həsənovanın konkret işi yoxdur. Ailə ünvanlı sosial yardımla dolanır. Bir də yayda kənddə yaşayanların xalılarını, yorğan-döşəyini yuyur, sırıyır:
“Qışda işləmirəm, iş olmur. Çətinliklə dolanırıq. Vallah, mən sonuncu dəfə nə vaxt təzə paltar geyindiyimi unutmuşam. Özümün aldığım ümumiyyətlə, olmayıb. Toyumda kimlərsə nələrsə almışdılar, vəssəlam. İnsanların verdiklərini geyinirəm. Narazı deyiləm, olsun, ancaq ev dərdinə dözə bilmirəm. Təmir, şərait bərbad olsa, dözmək olar. Rütubət, tavanın deşik olması, zirzəmiyə su toplanması artıq problemdir, bizi xəstə salıb. Heç bilmirəm ki, problemdən çıxış yolu nədir”.
Aygül problemi necə həll edəcəyini bilmədiyi üçün yerli qurumlara, hətta birinci xanım Mehriban Əliyevaya da yazıb, kömək istəyib.
Deyir: “Aşağı faizli kredit versələr də, razıyam. Ancaq 1000 manat götürmək üçün 50 sənəd tələb edilər. Ev tikmək üçün lazım olan pulu yəqin heç verməzlər də”.
Belə olanda da çarə qalır yardım istəməyə:
“Qızlarıma normal həyat bəxş etməyə çalışıram. Bacardığım da budur. Tikdiyim ev suyun içindədir. Üstəlik, aldığım yeməyə, kommunallara güclə çatır. Bir qəpik artıra bilmirəm ki, ev üçün nəsə edim. Heç etməklə də deyil. Bəlkə də
sökülüb yenidən tikilməlidir. Bir daşdan hörülüb, ərazi şoranlıq və nəmişlikdir”.
Şikayətçi deyir ki, problem təkcə rütubətlə bitmir. Zirzəmi su olduğundan döşəmənin altından müxtəlif həşaratlar da çıxır:
“Hətta yayda evin altında ilan da olur. Əlimdən gələn nəsə yoxdur. Qızlarımın birinin 11, digərinin 13 yaşı var. İstəyirəm ikisini də oxudum. Əllərində sənətləri, peşələri olsun. Öz ayaqları üstündə dursunlar. Özüm nə gün görmüşəm ki?! Olmadı belə, oldu elə. Daim özlərini dolandıra bilsinlər. Yaxşı oxuyurlar, amma hamı müəllim yanına gedir. Mən onları göndərə bilmirəm. Elə orta məktəbdə nə keçirlər, odur”.
Ana qız uşağı böyütməyin çətin olduğunu deyir: “Geyimi, saç şampunu, xırda istəkləri çox olur”.
“Yaxşı geyinən görürlər, istəyirlər, nə bilim, tələbləri çoxdur. Birini alanda, digərini ala bilmirəm. Deməyim odur ki, yaşamaq çətindir. Bir tərəfdən də ev dərdi, əldə də yox, çox çarəsizəm”.
Aygül Həsənova yayda döşəyin birini 10 manata çırpır, 15 manata yuyur. Deyir ki, bölgədə bu işi ən ucuz o görür. Belə edir ki, sifarişi çox olsun:
“Bir düşünün, evi təmir etdirmək üçün mən nə qədər döşək yumalıyam? Olsa, edərəm, amma o qədər olmur. Revmatizmaya görə həkimə getməyə belə pul tapmırıq. İldə bir neçə dəfə silirəm, təmizləyirəm, elə eyni şeydir, kiflənir, göyərir. Ailəmin də elə imkanı yoxdur ki, kömək etsin. Qardaşımın biri fəhləlik edir, digəri ruhi xəstədir. Atam İkinci Dünya Müharibəsində ayaqlarını itirmişdi, öldü, anamın gözü görmür. Bir bacım var, o da xadimədir. Budur mənim ailəm. Kömək edənim yoxdur. Hamı öz başını güclə dolandırır. O evin işığı bu evə düşmür”.
Ucar Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəraitsiz evlərlə bağlı tez-tez müraciət alırlar. Ancaq belə durumlarda vətəndaşa kömək edəcək büdcələri yoxdur. Azərbaycanda aztəminatlı ailələrin mənzillə təmin olunması üçün bəzi prezident sərəncamları, fərmanları var. Ancaq bura ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələri, təbii fəlakət zamanı evləri qəzalı duruma düşən insanlar daxildir. Qanunla təbii fəlakətdən zərər çəkmiş evlərin təmiri ilə yerli icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarından ibarət birgə komissiya məşğul olur. Bir də Prezidentin Fərmanı əsasında 2016-cı il
aprelin 11-də Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaranıb. Agentlik ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə yaradılıb.
Ancaq agentlik bu 5 il ərzində əsasən, böyük şəhərlərdə – Bakı ətrafında, Sumqayıtda, Gəncədə, Lənkəranda güzəştli mənzillər tikib. Hələlik bu agentliyin fəaliyyəti əhalinin daha ehtiyaclı, kasıb yaşadığı Aran rayonlarını, eləcə də daha kiçik şəhər və rayonları əhatə etmir. İqtisadçı Natiq Cəfərli deyir, qəzalı mənzil məsələsi ilə bağlı bir problem də odur ki, Azərbaycanda sığorta mədəniyyəti formalaşmayıb. Heç kim əmlakını sığortalamır:
“Hökumət də bu problemi həll etməyə çalışdı, ancaq bacarmadı. İcbari sığorta ilə bağlı müəyyən qərarlar oldu, amma təəssüf ki, həyata keçirmək mümkün olmadı. Ona görə də əsasən regionlarda insanların qəzalı vəziyyətə düşən mənzillərinin hansı formada kompensasiya edilməsi ilə bağlı mexanizm yoxdur. Nəticədə
problemin həlli qalır icra strukturlarının insafına. Bəzən problem ictimailəşirsə, yaxud ev şəhid, qazi ailələrinə aiddirsə, kömək edilir, yoxsa heç nə edilmir”.
“Hansı ölkələrdə sığorta formalaşıbsa, belə hallarda dövlət ödənişlərin böyük hissəsini öz üzərinə götürür. Türkiyədə belə bir qayda olub, uğurlu nəticələnib. Digər bir məsələ isə bizdə qeyri-qanuni tikili anlayışının olmasıdır. Bu da absurddur, çünki hüquqi cəhətdən izahı olmayan anlayışdır. Beynəlxalq hüquqa və Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi qərarlarına görə vətəndaş hansısa tikilidə uzun illər yaşayır və kommunal xidmət ödəyirsə, tikiliyə mülkiyyət hüququ yaranır. Bizdə isə bu problemdir. İnsanlardan su, işıq, qaz ödənişləri alırlar, ancaq evini qanunsuz hesab edirlər. Bu da həllini tapmalı olan ciddi məsələdir”.
Meydan TV