Nürəngiz Bəşirova Beyləqan Mərkəzi Xəstəxanasının direktoru təyin edildikdən sonra xəstəxanada həkimlərə qarşı ciddi intizam yaratmağa başladı. Yəni, ilk həftələr heç bir həkim vətəndaşdan müayinə üçün ödəniş tələb etmirdi. Mərkəzi xəstəxanada baş verən bu yeniliklər həqiqətəndən çox sevindirici hal idi. Lakin rayon vətəndaşlarının bu SEVİNCİ çoxda uzun çəkmədi. Bir müddət sonra hər şey tərsinə döndü və rüşvətlə bağlı vəziyyət indi daha da pisləşib.
Hazırda Beyləqan rayon Mərkəzi Xəstəxanasında vəziyyət acınacaqlı durumdadır. TƏBİB və Səhiyyə Nazirliyi rəsmiləri qəfil Beyləqan Mərkəzi Xəstəxanasına gəlsələr, o zaman özləri hər şeyin canlı şahidi olarlar.
Belə ki, hazırda Beyləqan Mərkəzi Xəstəxanasında xaos hökm sürür. Çünki, Nürəngiz Bəşirova və “yeni komandası” Mərkəzi Xəstəxanada elə bir sistem yaradıblar ki, həkim otaqlarından tutmuş bütün müayinə otaqlarına qədər hər yerdə bilinməyən səbəblərdən kortəbii növbələr yaranıb. Vətəndaşlar bir sənəd üçün yaxud kiçik bir müayinə üçün saatlarla gözləməli olur. Bu isə əhali arasında ciddi narazılığa səbəb olur.
Səhifəmizə verilən məlumata görə Nürəngiz Bəşirovanın başı “kadr islahatları”na qarışıb. Bu “islahatlar” isə daha çox kənd tibb məntəqələrinin yoxlanılması və hər məntəqədə üzə çıxarılan nöqsanlardır. Deyilənə görə, Nürəngiz Bəşirova kənd tibb məntəqələrində üzə çıxarılan nöqsanlara görə məntəqə müdirlərini ciddi şəkildə sıxma-boğmaya salıb.
Bundan başqa xanım direktor xəstəxanada adı olub özü olmayan bir xeyli “işçi”ni işdən çıxardaraq onların yerinə yeni “ölü canları” təyin edib. Xəstəxanadakı iş yerlərinin qiyməti 2500-4500 manat arasında dəyişdiyi deyilir. Yeni işə təyin edilənlərdən hesabı isə Nürəngiz Bəşirovanın Xocavənddən özü ilə gətirdiyi baş mühasib əvəzinin aldığı qeyd olunur.
Beyləqan xəbərlərinə verilən məlumata görə, Nürəngiz Bəşirova ötən gün xəstəxanada keçirilən iclasda bəzi həkim və tibb işçilərini hədələyərək onlara açıq şəkildə deyib ki, onun arxasında TƏBİB sədri Ramin Bayramlı dayanır və heç kəsdən qorxmur.
Qeyd edək ki, korrupsiya ittihamı ilə bir neçə dəfə işdən çıxarılan Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi Nürəngiz Bəşirovanın Beyləqan Mərkəzi Xəstəxanasına baş həkim təyin edilməsi müəmmalı hadisə kimi qarşılanmışdı. İddiaya görə, Nürəngiz Bəşirovanın qardaşı ilə TƏBİB sədri Ramin Bayramlı arasında dostluq münasibətləri mövcuddur. Nürəngiz Bəşirovanın Xocavənd xəstəxanasının baş həkimi vəzifəsindən Beyləqana rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə “transfer” edilməsi üçün 60 min manat xərc çəkdiyi deyilir.
Xatıqladaq ki, bu gün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı əməliyyat tədbirləri nəticəsində bir neçə baş həkimin həbs olunması barədə rəsmi məlumat yayılıb. Onların arasında FHN-in Modul Tipli Hospitalının baş həkimi də var. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin səhiyyə sistemi ilə bağlı antikorrupsiya əməliyyatlarının davam edəcəyi bildirilir.
Mənbə: “Beyləqan xəbərləri” səhifəsi
P.S. Qarşı tərəf kimi adı çəkilən şəxsin münasibətini ictimailəşdirməyə hazırıq. //kaim.az//