Cəmiyyət

AMEA-nın Fiziologiya İnstitutunda qanunlar niyə saya salınmır? – İLGİNC FAKTLAR

Azərbaycan Milli Elmlər Akademiyasının bəzi İnstitutları üçün 2021-ci il o qədər də düşərli olmadı.İlin lap əvvəlindən Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovun, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovun, baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərovanın vəzifələrindən azad edilmələri barədə məlumat yayıldı. Üstündən bir neçə ay keçdikdən sonra Hesablama Palatasının açıqlamasında Fizika İnstitutunda baş verənlərin səbəbi bəlli oldu. Sən demə, İnstituda ciddi maliyyə və qanun pozuntularına yol verilirmiş.

Sanki bu maliyyə və qanun pozuntuları Milli Elmlər Akademiyasının təkcə Fizika İnstitutunda baş verirmiş. Dövrü mətbuatın yazdığına görə 2019-cı ilin dövlət büdcəsində 88 milyon 671 min manat Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və onun tabeliyində olan müəssisələrin saxlanılmasına xərclənib. Elə bir o qədər sonrakı illərdə ayrılıb. Həmin milyonların təyinatı üzrə xərclənib-xərclənmədiyini Fizika İnstitutu üzə çıxardı. Amma bu o demək deyil ki, Akademiyanın digər İnstitutlarında hər şey qaydasındadır. Təbii ki, bütün bunlar ciddi yoxlamalardan sonra bəlli olar. Milli Elmlər Akademiyasının institutlarında kimin necə işlədiyi də onda görünər.

Aktualinfo.org Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə institlarında dövlət satınalmalarının təşkili, tender və kotirovka sorğularında şəffaflığın təmin olunması ətrafında araşdırmalar aparmışdır. Milli Elmlər Akademiyasın Dendralogiya İnstitutunda baş verənlər barədə ötən yazıların birində geniş məlumatlar vermişdik. Bu yazıda isə Akademiyanın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda baş verənləri diqqətinizə çatdırmaq istərdik.

İnstitutda günümüzün tələblərinə cavab verən nə kimi tibbi-bioloji tədqiqatların aparıldığı barədə məlumatımız olmasa da, burada qanunlara yanaşılan biganəlikdən xəbərimiz var. Fiziologiya İnstitutunda nə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun, nə də KİV haqqında Azərbaycan Respublikası Qanununun tələblərini saya salan yoxdu. İnstitutda tender prosedurları “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmadan, gizlin şəkildə keçirilir. Yəni, son illər İnstitut tərəfindən keçirilmiş kotirovka sorgularınının nəticələri barədə məlumatlar bilərəkdən gizlədilir. Sözügedən kotirovka sorguları barədə İnstitutun Tender Komissiyasına ünvanladığımız sorğu məktubuna da cavab verilmədiyinə görə qərara aldıq ki, İnstitutun direktoru Ulduz Həşimova aşağıda qeyd etdiklərimizə şəxsən aydınlıq gətirsin.

Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları aşağıdakılardır:

Yumşaq inventarın alınması üzrə 24.09.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mətbəə məhsullarının alınması üzrə 17.09.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Sair torpaq, tikili və avadanlıqların alınması üzrə 01.09.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Tikinti və avadanlıqların cari təmiri üzrə 30.08.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Maşın və avadanlıqların alınması üzrə 27.08.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

İstehlakyönlü müxtəlif xidmətlərin alınması üzrə 27.08.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Maşın və avadanlıqların alınması üzrə 23.07.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dəftərxana və təsəsrrüfat mallartının alınması üzrə 23.07.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

İstehlakyönlü müxtəlif xidmətlərin alınması üzrə 23.07.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

O cümlədən, müxtəlif malların alınması və xidmətlərin görülməsi üçün 2020-ci ildə elan olunmuş 9 kotirovka sorğusunun nəticələri barədə.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri barədə məlumatları gizlətmiş, müqavilələrin bağlanması barədə heç bir məlumat verməmiş, ayrılan vəsaitlər barədə məlumatları açıqlamamışdır. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Fiziologiya İnstitutu tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin aşagıdakı tələbləri kobud şəkildə pozulmuşdur.

10.1. Satınalan təşkilat satınalma prosedurları haqqında aşağıdakı məlumatların göstərildiyi hesabatı tərtib edir:

10.1.1. satın alınan malların (işlərin və xidmətlərin) qısa təsviri;

10.1.2. tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti;

Xüsusilə qeyd etmək istərdik ki, 2019-2020-ci illərdə Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun Tender Komissiyasının keçirdiyi kotirovka sorğuları barədə dövlət satınalmalarının rəsmi internet portalının bazasında heç bir məlumat yerləşdirilməyib. Bunun da səbəbləri var. Müqavilə bağlanılan şirkətlərin kimə yaxın olduğu bəlli olmasın deyə bu addımlar atılıb. Həm də, alınan malların və görülən xidmətlərin qiymətləri şişirdilib burada.

Qalır bir məsələ. Görəsən bütün bunlardan İnstitutun direktoru Ulduz Həşimovanın xəbəri varmı. Təbii ki, var. Əldə etdiyimiz məlumatlara görə bir aydan sonra 70 yaşı tamam olacaq biologiya üzrə elmlər doktoru işə çox az-az hallarda çıxır. Kotirovka sorğularının keçirilməsini isə İnstitutda yaxın adamlarına həvalə edib. Cavabdeh şəxslər isə direktorun etimadından sui-istifadə edərək bildikləri kimi iş görürlər. Qanunları belə saya salmadan.

Aktualinfo.org

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir