Cəmiyyət

«Binanı 2 ilə təhvil verəcəyik» deyən şirkətin BİNALARI 5 İLDİR YARIMÇIQ QALIB – SAKİNLƏRDƏN ŞİKAYƏT

Paytaxtın tikinti sektorunda qayda-qanun yaratmaq üçün görülən tədbirlərə və tikinti şirkətlərinin rəhbərlərinin çoxsaylı həbslərinə baxmayaraq bəzi şirkətlərin intizamsızlığı və öhdəliyin yerinə yetirməməsi davam edir.

FED.az xəbər verir ki, belə şirkətlərdən biri «İnşaat Konstruksiyaları» MMC-dir. Şirkətin pilot layihə əsasında 2017-ci ildən tikintisinə başladığı və 2 ilə başa çtadıracağı vəd edilən bina indiyədək hazır deyil.

2017-ci ildə Bakının Nizami rayonu, Mehdi Abbasov 2538 ünvanındakı yataqxananın sakinlərinə elan edilib ki, onların yataqxanası söküləcək və yerində yeni bina inşa ediləcək. Nizami rayon icra hakimiyyətinin və «İnşaat Konstruksiyaları» MMC-nin nümayəndələri işlərin tezliklə başa çatacağını və sakinlərin yeni mənzillərə köçəcəklərini bildirib. Ona qədər isə sakinlər kirayədə qalmalıdırlar pulunu tikinti şirkəti ödəməlidir. «İnşaat Konstruksiyaları» MMC-nin vədinə inanan sakinlər indiyədək buna peşmandırlar.

Onlarla belə ailə FED.az-a müraciətlərində həm evlərinin hazır olmamasından, üstəlik son tez-tez kirayə haqqının da kəsilməsindən şikayətlənirlər.

Şikayətçi Munis Abbasov FED.az-a bildirib ki, binanın tikintisinə 5 il əvvəl başlansa da, indiyədək başa çatmayıb, halbuki işlərin 2019-cu ildə bitəcəyi vəd edilmişdi. Şikayətçiləri – binanın gələcək sakinlərini təkcə tikintinin ləngiməsi narahat etmir.

İşlərin səliqəsiz vəı plansız aparılması da gələcək sakinləri hiddətləndirib, onlar ümumilikdə inşa edilən binanın və mənzillərin bərbad vəziyyətdə olduğunu bildirirlər: «Hər blokda 2 lift olmalı halda, bunlar 1 lift quraşdırıblar. Binanın içərisi də təmirsizdir. Pilləkənlərin kənarları, binanın önü, tunellər bərbad vəziyyətdədir, qaz çəkilməyib, mənzillərin pəncərəsi yoxdur, su sayğacları hələ indi – 5-ci ildə qoyulub. Təsəvvür edin ki, mənzildə havalandırma sistemini səhv olduğuna görə başqa yerə çəkiblər, köhnə yarıq isə hələ də qalır. Oradan da qonşunun evinə asanlıqla keçə bilərsən. Yəni belə biabırçı vəziyyət yaranıb».

«Bizə deyir ki, sabah pəncərələri gətirəcəklər. Baxırıq gəlməyib, soruşanda da deyir ki, pəncərə-qapını səhv gətiriblər»-deyə başqa bir şikayətçi, Səadət Məmmədova bildirir.

«80 nəfər sakin onun sözünə inanıb razılaşdı»

FED.az – ın məlumatına əsasən, sözügedən bina pilot layihə əsasında Nizami Rayon İcra Hakimiyyətinin icazəsi ilə 2017-ci ildən inşa olunur. Sökülən evlər Dövlət Neft Şirkətinin ailəvi yataqxanası olub.

«İnşaat Konstruksiyaları» MMC-nin baş direktoru Rəsul Əhmədov, şirkətin təsisçisi isə Rauf Əliyevdir.

Sakinləri ən çox əsəbiləşdirən odur ki, 2017-ci ildə bu bina ilə eyni vaxtda qonşuluqda başqa bir tikinti şirkətinin inşa etdiyi 2 il ərzində tikilib istifadəyə verilsə də, «İnşaat Konstruksiyaları» MMC-nin binaları indiyədək başa çatmayıb.

Şikayətçilər bildirir ki, vaxtilə layihə başlayanda Nizami icra hakimiyyətindən Tariyel adlı şəxs onlara (bina sakinlərinə) deyib ki, bina Nizami İcra Hakimiyyətinin balansında tikilir, dövlətin proqramıdır, biz burada zəmanətçiyik, evlərinizi tərk edin: «Onun sözünə inanıb 80-ə yaxın sakin evini-eşiyini tərk edib kirayələrə yerləşdi».

Şikayətçi İlhamə Məmmədovaa bildirir ki, onlara vəd edilən mənzillər 3 ilə yaxındır ki, ləngiyir: «2 illik bağlanan müqaviləyə görə biz 2019-cu ildə evimizdə olmalıydıq. Amma 5 ildir hazır deyil, özümüzü işə salmışıq, öz evimiz ola-ola qalmışıq başqa evlərdə».

Şikayətçi Səadət xanım da deyilənləri təsdiqləyir: «Rahatca evimizdə problemsiz yaşayırdıq, indi qalmışıq yollarda. Sakin olaraq tələb edirəm ki, mənzilimiz müqavilədə yazıldığı kimi təhvil verilsin».

Sakinləri hiddətləndirən digər məsələ, tikinti şirkətində normal məlumat ala bilməmələridir. Səadət xanım deyir ki, işlərə nəzarət edən Sabir adlı şəxsdən məlumat mümkün deyil: «Onun qəbuluna getmişdim, sualımıza minnətlə cavab verir, deyir ki, binanın nə vaxt hazır olacağını bilmirəm».

«Kirayə haqqını da müsibətlə verirlər»

Digər problem, sakinlərə vəd olunan kirayə haqlarının vaxtında ödənilməməsidir. Razılaşmayag görə, şirkət tikinti dövründə sakinlərin kirayə haqlarını da qarşılamalıdır, kirayə haqqı ayda 250-350 manat arasında dəyişir. Amma sakinlər bildirir ki, son vaxtlar bu ödənişlər də verilmir.

«Kirayə haqqını da müsibətlə verirlər, gərək dava-dalaş salasan ki, pulunu vaxtında verələr. Bizi Tağı müəllim (icra hakimiyyətinin nümayəndəsi) arxayın etdi ki, narahat olmayın, hər şey nəzarətdə olacaq. İndi yanına gedəndə bizə elə cavab verir ki, qapıdan qovsa, ondan yaxşıdır».

İcra hakimiyyəti: «Tikinti şirkətində böhran vardı, pulu ödəyə bilmirdi»

Problemlə bağlı FED.az-a açıqlama verilən Nizami Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Elsevər Süleymanov bildirib ki, kirayə ödənişləri olunmayan hər bir sakin bank çıxarışları ilə müraciət etsə, məsələni araşdırıb həll etmək olar: «Vətəndaşlar banka yaxınlaşıb 2021-ci ilin yanvarından oktyabrına kimi olan çıxarışı istəməlidir. Biz çıxarışlar əsasında aydınlaşdıra bilərik ki, həqiqətən bu şirkət onlara nə qədər ödəniş edib və nə qədər borcu qalıb. Sakin siyahını və bank çıxarışını təqdim etsə, biz məsələnin nə yerdə olduğunu bilib tədbir görəcəyik. Binanın tikintisi yekunlaşana kimi bu məsələdə vətəndaşın ödənişlə əlaqəli problemini həll etmək bizim məsuliyyətimizdir».

İcra hakimiyyətinin nümayəndəsi təsdiqləyib ki, «İnşaat Konstruksiyaları» MMC əvvəllər də sakinlərə 3-6 ay kirayə haqqı ödəməyib: «Biz bu məsələni araşdırdıq, sakinə borcu olan şirkət aylıq haqları ödədi. Gecikmə də tikinti şirkətində yaranan böhranla bağlı idi».

«Tikintinin gecikməsinə bizim səlahtiyyətimizə aid deyil»

Maraqlıdır ki, icra hakimiyyətinin nümaynədəsi tikintidə olan problemlər barədə sualları cavablandıra bilməyib. Pilot layihələrin rayon icra hakimiyyətləri ilə birlikdə həyata keçirildiyini nəzərə alanda bu yanaşma qəribədir.

Şirkətin nümayəndəsi gizlənir: «Səhv düşmüsünüz, həmin adam deyil»

Dövlət qurumunun nümaynədəsi tikintidə gecikmənin səbəbini şirkətin özündən öyrənməyi məsləhət görüb, hətta «İnşaat Konstruksiyaları» MMC şirkətinin Sabir adlı səlahiyyətli şəxsinin telefonunu da verib. Amma bu nömrəyə cavab verən şəxs dərhal Sabir olmadığını, nömrənin səhv yığıldığını bildirdi. Yeri gəlmişkən, sonradan məlum oldu ki, nömrə düzgün yığılıb, sadəcə şirkət əməkdaşları sakinlərə o qədər yalan vədlər verib onları aldadıb və indi də çoxsaylı şikayətlə üzləşiblər ki, sakinlərlə danışmaqdan gizlənirlər.

Veb axtarışın nəticəsində bina haqqında məlumat (https://remart.az/yasayis-kompleksleri/insaat-konstruksiyalari-mtk) əldə edib tikintisi davam edən əraziyə getdik. Nizami rayonu, Mehdi Abbaasov 2835. Nizami rayonu 62 saylı tam orta məktəbin qarşısında tikilən 17 mərtəbəli (sakinlər bildirir ki, onlara binanın 15 mərtəbəli olacağı deyilmişdi) binada tikinti işləri gedirdi. Girişin sol tərəfində tikintisi 2 ilə yekunlaşan rəngli bina, qarşıda tikintisinə yeni başlanılan yarımçıq bina və sağ tərəfdə tikintisi 5 ildir davam edən məlum binaydı. Tiknitinin qarşısındakı lövhəyə inansaq, işlər hələ 2 il əvvəl başa çatmalı idi:

Tikintinin başlama tarixi 10.08.2017, bitmə tarixi: 10.08.2019».

«İnşaat Konstruksiyaları»nın Yasamalda da yarımçıq binası var

Tikinti ərazisində Sabir adlı iş icraçısını tapıb üzə çıxarmaq mümkün olsa da, yenə də şikayətlərə cavab vermədən uzaqlaşdı. Şirkət nümayəndəsi şikayətlərə cavab vermədiyindən məsələni bir qədər də araşdırırıq və məlum olur ki, «İnşaat Konstruksiyaları» MMC-nin Yasamalda da tikib başa çatdıra bilmədiyi binası var.

Həmin bina Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında (keçmiş «Kaktus» restoranının yaxınlığında) yerləşir. «İnşaat Konstruksiyaları» MMC-nin rəhbərliyi şirkətin baş ofisini də burada «gizlədib».

«Buradan qəti ev almayın»

Binaya gəldikdə məlum olur ki, Yasamaldakı binanın tikintisi 2016-cı ildən başlanıb və hələ baş çatmayıb. Yenə eyni mənzərə təkrarlanır: yarımçıq tikili, binanın qarşısında narazı sakinlər, cavab verməkdən yayınan işçilə. Sakinlərdən biri elə buradan ev almaq istədiyimi zənn edib bunu etməməyə məsləhət görür: «Qızım, buradan qəti ev almayın, biz də almışıq, illərdir peşmanlığını çəkirik».

«Şikayətçilərin əlindən içəri girib qapını arxadan bağlayıblar»

Başqa bir xanım sənəd götürməyə gəlsə də, şirkətdən onunla görüşmək istəmirlər: «Gəlmişəm mühasibdən evimin sənədini götürüm, baxın, qapını bağlayıb yuxarı mərtəbədə gizləniblər. Yanan işığı görürsənmi? Ordadırlar, qorxurlar, bu qədər sakin içəri keçsin».

Şərifzadə küçəsindəki binanın iş icraçısı Filman adlı şəxs də mətbuatın adını eşidən kimi uzaqlaşmağa üstünlük verir.

Binadan şikayət edənlərdən biri israrla bildirdi ki, burada mənzillərdən bir neçəsi təkrar satılıb: “Bunun onlara problem yaradacağına görə tikintini bilərəkdən uzadırlar. Bu barədə «Youtube»də də çəkiliş var, baxa bilərsiniz».

Mövzunu diqqətdə saxlayacağıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir