Cəmiyyət

Texniki Universitetin rektoru haqda ŞOK İDDİALAR… – Nazirlik MÜDAXİLƏ ETMƏLİDİR…

“Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu son iki ildə universitetimizdə yaranmış acınacaqlı və fəlakətli dərəcəyə çatmış vəziyyət haqqında ürək yanğısı ilə məlumat vermək istəyirik”. DİA.AZ bildirir ki, bu sözlər sözügedən ali təhsil ocağının bir qrup müəllimi adından redaksiyamıza göndərilən müraciətində yer alıb.

Dünən həmin müraciətin birinzi hissəsini təqdim etmişdik: Texniki Universitetin günahı nədir? – MÜƏLLİMLƏR HARAY ÇƏKİR...

İndi isə həmin müraciətin növbəti – 2-ci hissəsini olduğu kimi təqdim edirik:

“Rektor V.Vəliyev AzTU-ya gələn kimi qaynının qızı Pərvanə Allahverdiyevanı gətirib, əvvəlcə hüquqşünas kimi işə qəbul etdi, sonra onun üçün Hüquq sektoru yaratdı, onu Hüquq sektorunun müdiri təyin etdi (guya ki, AzTU hüquq məsləhətxanasıdır), sektora bir çox işçilər qəbul etdi, halbuki, bundan əvvəl AzTU-da cəmi 0,5 ştatda işləyən bir hüquqşünas var idi və kifayət edirdi. İndi rektor V.Vəliyev qaynının qızı Pərvanə Allahverdiyevaya 2600 manat, yəni prorektorlar səviyyəsində maaş təyin edib və bütün universitet bu haqda danışır. Halbuki, universitetin köhnə işçiləri 400-450 manat maaş alırlar, tam ştat kafedra müdiri, elmlər doktoru, professorun maaşı 1300 manat, fəlsəfə doktoru, dosentin maaşı 800 manatdan bir qədər artıqdır. Həmin qızcığaz isə (P.Allahverdiyeva) 3 il əvvəl yalnız bakalavriaturanı bitirib. Müqayisə üçün qeyd edək ki, “Karyera mərkəzinin” müdiri işləyən (və bu yaxınlarda əmrlə işdən qovulan) AzTU-ya texniki peşə məktəbi sistemindən gəlmiş, heç bir elmi dərəcəsi və elmi adı olmayan Aytac Rzayevanın maaşı 1200 manat, “Keyfiyyətin idarə olunması” (???) şöbəsinin müdiri işləyən, heç bir elmi dərəcəsi və elmi adı olmayan Təhminə Yaqubovanın maaşı 1400 manat,

Tədris hissəsi müdiri, ixtisasca ibtidai sinif müəlliməsi olan Qəmər İsayevanın maaşı isə 2000 manat idi. Bu, professor və dosentlər üçün təhqirdir.

Rektor V.Vəliyev özü üçün böyük bir müşavirlər dəstəsi yaradıb, onun 6 müşaviri var, hər birinə də prorektorlar qədər maaş verir. Guya ki, rektor nazirdir, ya prezidentdir ki, bu qədər müşaviri olsun? Əvvəllər AzTU-da ümumiyyətlə rektorun heç bir müşaviri olmayıb. Müşavirlərin əksəriyyəti də iqtisadçı və ya hüquqşünaslardır. Onlar nə bilirlər, texniki təhsil nədir? Məsələn, Elmi işlər üzrə müşavir Fariz Məmmədov iqtisadçıdır. O nə bilir texniki universitetin bu qədər elm sahələrini ki, rektora elmi işlərdə məşvərətçilik etsin? Yeni təsis edilmiş “Rəqəmsallaşma və layihələr üzrə prorektor” vəzifəsinə təyin edilən Rəşad Əliyev də iqtisadçıdır. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə yeni prorektor Kamran Rəsulov da iqtisadçıdır. Ümumiyyətlə, texniki universitetdə prorektorların əksəriyyəti iqtisadçılardır.

Bu iki ildə rektorun özünün gətirdiyi müşavirlər də neçə dəfə dəyişiliblər, yerlərinə yeniləri gəlib. Yəqin ki, onlar başa düşürlər ki, bura onların yeri deyil, rektor isə bunu başa düşmür. Həm də yəqin ki, onlar da rektorun bu qeyri-adekvat davranışları ilə onunla işləyə bilmirlər. Rektorun gətirdiyi iqtisadı işlər üzrə müşaviri Malik Mehdiyev öz qəddarlığı ilə fərqlənirdi və universiteti faktiki olaraq, o idarə edirdi. Ancaq, o da V.Vəliyevlə işləyə bilmədi və çıxıb getdi. Rektorun gətirdiyi Beynəlxalq əlaqələr üzrə müşaviri Sultanova Nigar, Elmi işlər üzrə müşavir təyin etdiyi Rasim adlı şəxs də onunla işləyə bilməyərək, getdilər.

Rektorun 3 fevral 2021-ci il tarixli elmi şura iclasında qəbul etdirdiyi akademik sahədə struktur dəyişiklikləri isə bütün universiteti ŞOK VƏZİYYƏTİNƏ SALDI. Hamı deyir ki, AzTU-da inqilab oldu. Qısa desək, bu şurada rektor bütün prosedur qaydalarını kənara ataraq, çevriliş etdi. Onsuz da elmi şura onun üçün heç bir şeydir, öz sərsəm planlarını həyata keçirmək üçün bir vasitədir. Pandemiya şəraitində elmi şura iclaslarının onlayn qaydada keçirilməsi rektorun özbaşınalığı üçün daha yaxşı imkanlar açıb. İstədiyi qərarı yazır, elmi şura iclasına çıxarır, soruşur – əleyhinə yoxdur ki? Deməli qəbul edildi. Vəssalam. Şura üzvləri də, prorektorlar da vəzifələrini itirmək qorxusundan heç kim etiraz etmir (buna baxmayaraq, bütün prorektorlar vəzifələrindən növbə ilə, tədricən kənarlaşdırıldılar). Elmi şurada istənilən taleyüklü qərarı bir neçə saniyədə müzakirəsiz qəbul etdirir. Nəticədə rektor gün-gündən “cəsarətlənir”. 3 fevral tarixli elmi şura iclasında rektor heç kimin gözləmədiyi halda qəflətən demək olar ki, bütün kafedraların birləşdirilməsi və fakültələrin tərkibinin və adlarının dəyişdirilməsi məsələsini gündəliyə qoydu. Rektor Universitetin akademik strukturunun qlobal şəkildə və kökündən dəyişdirilməsi haqqında qərarı bu haqda təkliflər hazırlamaq üçün yaradılmalı olan komissiyanın təklifləri, heç bir ilkin müzakirə olmadan, fakültələrin fikri nəzərə alınmadan, təlimatda tələb edildiyi kimi, fakültə şuralarının müzakirəsi və qərarı olmadan, bir anda qəbul etdirdi. Demək olar ki, bütün kafedralar iki-iki, üç-üç birləşdirildi və bir-birinə heç bir uyğunluğu olmadan. Məsələn, “İstilik texnikası kafedrası” ilə “Elektrik enerjisi təchizatı” kafedraları birləşdirilərək, adı “Enerji effektivliyi və yaşıl enerji texnologiyaları” (???) adlandırıldı. Fizika kafedrası ilə Elektronika kafedrası (???) birləşdirildi, Kimya kafedrası ilə Ekologiya kafedrası birləşdirildi, Azərbaycan dili və pedaqogika kafedrası ilə İctimai elmlər kafedrası birləşdirildi. Azərbaycan dili müəllimi olan elmlər namizədi, dosent Həbib Mirzəyev birləşdirilmiş Azərbaycan dili, Fəlsəfə və Tarix kafedralarına müdir təyin edildi, halbuki, Fəlsəfə və Tarix kafedraların nümayəndələri olan professorlar Şikar Qasımov və Əyyub Kərimov, tanınmış politoloq professor Qabil Hüseynli kənarda qaldılar. İndi texniki universitetdə nə klassik Fizika, nə Kimya, nə Riyaziyyat kafedrası qaldı. Necə ola bilər ki, texniki universitetdə “İstilik texnikası” kafedrası olmasın??? Təəccüblüdürmü? Yəqin ki!

Kafedraların birləşdirilməsi, fakültə və kafedraların adlarının dəyişdirilməsi və ya birləşdirilməsi məsələləri əvvəlcə fakültə şuralarında müzakirə edilərək, qərar qəbul edilməli,

universitet şurasına protokol şəklində yazılı təkliflər verilməlidir. Kafedraların adları və birləşdirilmə məsələləri kafedra iclaslarında da müzakirə olunmalıdır. Bu qaydaların heç birinə məhəl qoymadan rektor prosedur qaydalarını kobud pozaraq, bu məsələləri bir başa müzakirəsiz AzTU elmi şurasına çıxardı və bir dəqiqədə qarar qəbul etdi. Gözlənilməzlikdən hamı şok vəziyyətinə düşdü, heç kim sözünü deyə bilmədi, çox eybəcər qərarlar qəbul edildi. Bu qərarlar Texniki Universiteti çox eybəcər vəziyyətə salacaq və onun 70 illik tarixinə son qoyacaq, tədris sistemini pozacaq, xaos yaradacaq və artıq yaratmışdır da. Bir vaxtlar 40-dan artıq kafedrası olan universitetdə indi cəmi 21 kafedra qaldı, adları və tərkibləri da heç bir məntiqə sığmayan, qəribə və təəccüblü. Halbuki, AzTU-da şöbələrin və sektorların sayı kafedralardan təqribən 2 dəfə çoxdur, və bakteriya kimi çoxalmaqda davam edir. Bu, kimə və nəyə lazımdır? Yeri gəlmişkən qeyd edək ki, rektor hələ də danışanda kafedra əvəzinə şöbə, fakültə əvəzinə kafedra və s. deyir, bunları ayırd edə bilmir. Belə düşünən adamdan rektor olarmı? Ona yalnız şöbələr lazımdır. O, bu şöbələrlə nə edəcək, tələbə hazırlayacaq? Universitetin əsas vəzifəsi nədir? O, bunları başa düşürmü? Yəqin ki, yox. İndi, qərar qəbul edilən vaxtdan yarım ildən artıq bir vaxt keçəndən sonra məlum olur ki, kafedraları birləşdirməkdən onun məqsədi nə imiş. Binalarda boş otaqlar qazanmaq! O, kafedraları köçürərək, bir yerə yığır ki, universitetdə çoxlu boş yer əldə etsin. Əsasən də onu 1-ci mərtəbələr maraqlandırır. Nə üçün? Qəribə də olsa, şəxsi biznes açmaq üçün! İndi o tez-tez tədris binalarını gəzir, boşalmış yerlərə məhəbbətlə tamaşa edir və yəqin ki, məşhur bir lətifədə deyildiyi kimi fikirləşir: “yəni bunlar hamısı mənimdir?” Yaxın adamlarına dediklərindən məlum olur ki, o, buralarda kiçik biznes üçün ofislər açmaq fikrindədir. İndi o, özünün belə planlarını elmi-tədqiqat institutları yaratmaq ideyası ilə pərdələyir. AzTU-da baş verən qəribə işlərdən biri də universitetin nəzdində “AzTU taksi xidməti”nin yaradılması haqqında elmi şuranın qərarıdır. Elmi şura belə “qərarlar” qəbul edilməsi üçündürmü? Universitetdə taksi xidmətinin yaradılması universitet üçün biabırçılıq deyilmi? Başqa kafedra ilə birləşdirilərək, öz 60 illik yurd-yüvasından qovulan kafedralardan birinin yerində məhz indi taksi xidməti yerləşdirilmişdir. Müəllimlər isə sıxlaşdırılaraq, kiçik otaqlara yerləşdirilir. Bu da onların iş şəraitini görünməz dərəcədə pisləşdirir. Neçə-neçə hörmətli alim, professorlar öz iş otaqlarından məhrum edilmişlər və “sıxlaşdırma” şəraitinə köçürülmüşlər. Hələ bundan sonra da rektor son elmi şura iclasında utanmadan deyir ki, hər müəllimin ayrıca iş otağı olmalıdır. Bundan sonra belə sözlər ironiya kimi səslənir. Ancaq, görünən budur ki, rektor kiçik biznes qurmaq haqqında bu arzularını da real olaraq həyata keçirməyi bacarmır. O, hətta bunu da bacarmır. Bu da hələ ki, kağız üzərində qalmaqdadır.

2020-ci ilin yaz aylarında elmi şura iclasında AzTU-nun nəzdində birdən-birə 6 Elmi-tədqiqat institutu yaradılması haqqında qərar qəbul edildi. Bunların adları da iclasda birdən-birə, heç kimin gözləmədiyi halda açıqlandı. Təsəvvür edirsinizmi, AzTU-dakı kafedralarla, alimlərlə, mütəxəssislərlə, professorlarla məsləhətləşmədən, onlardan xəbərsiz, fakültələrdə müzakirə aparılmadan, fakültə şuralarının qərarı olmadan 6 institut yaradılması haqqında qərar qəbul edildi, yenə də bir neçə saniyə ərzində və heç bir müzakirə və ya çıxışlar olmadan. İnstitutların qəribə adları və istiqamətləri də yalnız rektorun öz “təxəyyülünün” və onun qaynı qızı, 24 yaşlı bakalavr, elmdən və texnikadan çox uzaq olan hüquq sektorunun müdiri Pərvanə Allahverdiyevanın “yaradıcı bakalavr intellektinin” məhsulu idi. Elmlər doktorları, professorlar isə bundan yalnız iclasda xəbər tuturlar və dinməz-söyləməz hamısı “lehinə” səs verirlər. Təsəvvür edirsinizmi, Azərbaycan Texniki Universiteti nə gündədir, nə vəziyyətdədir və daha nə cür vəziyyətlərə düşəcək? V.Vəliyev heç fikirləşmir ki, 6 elmi-tədqiqat institutunun kadr potensialını o haradan toplayacaq, tədqiqatlar hansı laboratoriya bazası ilə aparılacaq (faktiki olaraq, mövcud olmayan laboratoriya bazası ilə) (o, bilirmi ki, texnika sahəsində tədqiqat

aparmaq üçün laboratoriya bazası lazımdır?), hansı tədqiqatlar aparılacaq, qoyulan adlar institutlara uyğundurmu, elmi işlərin sifarişçisi kim olacaq və s. Bütün bu məsələlər onun bilik dairəsindən kənardadır. Yəqin, o elə fikirləşir ki, texnika sahəsində də iqtisadiyyatda olduğu kimi, elmi-tədqiqat işləri otaqda, kağız üzərində yalnız bir kompüterdən istifadə edilməklə aparıla bilər. Bu qərar qəbul edildikdən yarım il sonra, bu ilin sentyabrında isə birdən birə elmi şura qərarının ziddinə olaraq AzTU üzrə əmr çıxdı ki, 6 yox, 7 elmi-tədqiqat institutu yaradılır və tamamilə başqa adlarla. Yəqin ki, əvvəlki adların absurdluğunu ona kimsə başa salmışdı. Amma elmi şurada qəbul edilən qərara uyğun olmayan adlarla əmri o nəyin əsasında, nəyə istinad edərək imzaladı, bu da məlum deyil.

Məlumdur ki, təmir işləri dövlət vəsaiti ilə qaranlıq əməlləri həyata keçirmək üçün ən əlverişli üsuldur. Görünür bu məqsədlə də o, universitetin baş mühasibi vəzifəsinə də öz adamını gətirdi. Cəmi 3 il əvvəl AzTU-da 2 il davam edən çox böyük miqyaslı əsaslı təmir işləri başa çatıb, təmirə milyonlarla manat dövlət vəsaiti xərclənib. Ancaq rektor təzə tikilmiş 8-ci binanın 1-ci mərtəbəsindəki böyük yeməkxananı heç bir ehtiyac olmadan, tamamilə sökdürüb, yenidən tikdirdi. Sonra dedi ki, yenicə əsaslı təmirdən çıxmış 3-cü binada yenə əsaslı təmirə başlayacaq ki, bu binadan hamını köçürüb, guya orada “gənclərin yaradıcılıq mərkəzi” yaradacaq. Bir neçə ay keçəndən sonra isə indi deyir ki, həmin binanı yenidən təmir edib, tələbə yataqxanasına çevirəcək. 8-ci binada böyük yeməkxana olmasına baxmayaraq, indi də fəaliyyətə başlayıb ki, hər tədris binasında həmin yeməkxananın filiallarını və bufetlər açacaq. Bu məqsədlə də auditoriyaların, müəllimlər otaqlarının divarlarını sökdürür, otaqları birləşdirir, auditoriyaları, müəllimlər otaqlarını bufet və yeməkxanalara çevirir (bir universitetdə neçə yeməkxana olmalıdır?). Kənardan biznesmenlər dəvət edir ki, həmin otaqlara gəlib baxsınlar, onları icarəyə götürsünlər, bufet və yeməkxanaları işlədib, hər ay ona haqq versinlər. Həmin bufet və yeməkxanaları rektor və tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli öz aralarında bölüşdürüblər, və bununla əlaqədar aralarında mübahisə də olub. AzTU-da divarları söküb-tikmək, təmir epopeyası isə 6-7 ildir ki, işçiləri yorub və bezdirib. Nə qədər divar söküb-tikmək olar? Buna nə qədər vəsait sərf olunur? Bu pullara laboratoriyalar üçün avadanlıq alınsaydı, mütəxəssis hazırlığına nə qədər faydası olardı. Ancaq, rektorun öz “xırda” iqtisadi maraqları var (elə əvvəlki rektor da belə idi).

Rektorun “fəaliyyətinin” digər sahəsi isə ondan ibarətdir ki, tez-tez əhəmiyyətsiz, kiçik müəssisə nümayəndələrini universitetə dəvət edir, onlarla əməkdaşlıq haqqında müqavilə imzalayır, onlarla birlikdə şəkil çəkdirir və bu haqda məlumatı AzTU-nun internet saytına qoyur ki, baxıb desinlər ki, rektor işləyir, fəaliyyətdədir. Bütün bu müqavilələr isə iki ildir ki, yalnız kağız üzərində qalır, birinin də praktiki davamı və əhəmiyyəti olmayıb. Bizim hesablamalarımıza görə əməkdaşlıq haqqında imzalanmış müqavilələrin sayı 80-ə çatmışdır. Bu, gözə kül üfürməkdən başqa bir şey deyil.

Rektorun daha bir maraqlı fəaliyyət sahəsi universitetin professorlarını və kafedra müdirlərini ucdantutma kafedra müdiri vəzifəsindən və tədrisdən uzaqlaşdıraraq, məsləhətçi-professor vəzifəsinə keçirməkdir. 3 fevral, 2021-ci il tarixli elmi şura iclasında da rektor yenə 5 nəfəri məsləhətçi-professor keçirdi. O, kafedra müdiri olan professorlara təzyiq göstərir ki, əgər məsləhətçi-professor keçirilmə xahişi ilə ərizə yazmasalar, onları ümumiyyətlə universitetdən kənarda qoyacaq. Nəyə görəsə (əslində, məlumdur, nəyə görə), rektor professorların qəniminə çevrilib, doktorları, təcrübəli professorları məqsədyönlü şəkildə təhsildən uzaqlaşdırır, izolə edir, deyir onların hamısını qovacağam buradan. Rektor tez-tez deyir ki, mənə professor lazım deyil, universitetə pul gətirən adam lazımdır. O, professorları, təcrübəli alimləri vəzifələrdən kənarlaşdırıb, onların yerinə təcrübəsiz və bacarıqsız adamları təyin edir ki, ətrafda ondan “ağıllısı” olmasın. Rektor heç bir əsasnamə, qayda-qanun saymır, nə istəyir, onu da edir. Elə hesab edir ki, universitet onun şəxsi bostanıdır. Bundan başqa, AzTU-nun məsləhətçi-professorlar haqqında əsasnaməsində göstərilir ki, bu vəzifəyə yalnız 10 il AzTU-da işləyən professorlar seçilə bilər. O isə buna da məhəl qoymur, bir neçə nəfər 4-5 il işləyənləri də seçdirib, təki onları tədrisdən, real işdən uzaqlaşdırsın. Ən böyük prosedur pozuntusu isə o oldu ki, 3 fevral tarixli şura iclasında rektor məsləhətçi-professor vəzifəsinə seçkiləri açıq səsvermə ilə keçirdi. Bu, vəzifəyə seçkidir və həm universitet haqqında Əsasnaməyə, həm də AzTU-nun məsləhətçi-professorlar haqqında Əsasnaməsinə görə bu seçkilər vəzifəyə seçki olduğundan, gizli səsvermə ilə keçirilməlidir. Bu da çox ciddi pozuntudur və seçkilərin nəticəsi legitim sayıla bilməz”.

DAVAMI VAR…

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir