Cəmiyyət

9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

Bayraq bir ölkəni, bir təşkilatı, bir quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda qəhrəmancasına şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.

Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Müasir Azərbaycan Respublikasının üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Üçrəngli bayraq həmin dövrdən 1920-ci ilin aprel ayınadək dövlət bayrağı statusuna malik olmuşdur. Üçrəngli Dövlət bayrağı yetmiş ildən sonra yenidən 1990-cı il noyabrın 17-də Naxçıvanda dalğalanmışdır. Bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilmiş və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını yenidən bərpa etmişdir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan dövlətinin ideoloqu olan Əli bəy Hüseynzadə irəliyə sürmüşdü.

Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Milli bayrağımızdakı göy rəng – türkçülüyü, qırmızı rəng – müasirliyi, yaşıl rəng isə – islam ideologiyasını ifadə edir.

Üçrəngli bayraqdan istifadə qaydaları Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadəsi qaydaları haqqında qanunla tənzimlənir. Bu qanun 8 iyun 2004-cü ildə qüvvəyə minib. Qanun layihəsi 12 maddədən ibarətdir. Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Eləcə də Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına çox böyük hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür.

1957-ci ilin mayın 28-də SSRİ-nin ən güclü vaxtında Cahid Hilaloğlu və Çingiz Abdullayev adlı iki soydaşımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız Qalasının üzərinə sancırlar.

Azərbaycan Respublikası 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilib. Bu gün həmin təşkilatın Nyu-Yorkdakı igamətgahının qarşısında dünyanın 180-dən artıq müstəqil dövlətin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır. Bu da Azərbaycan Respublikası üçün çox sevindirici bir haldır.

Xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Prezidentimiz İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur. Açılış mərasimində çıxış edən cənab Prezidentimiz İlham Əliyev demişdir: “Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir”. Və bu həqiqətən belədir, çünki Bayraq Meydanı Bakının bir mədəniyyət və siyasi bir mərkəzidir. Ona görə ki, Dövlət Bayrağı Meydanı Bakının ən əzəmətli guşələrindən biri kimi ictimaiyyətin daimi ziyarət yerinə çevrilib. Azərbaycan dövlətinin xalq üçün qurub yaratdığı Bayraq Meydanı xarici turistlərin də diqqətini cəlb edir.

162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Həmçinin Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Ali Baş Komandanımızın illər öncə söylədiyi fikirlər artıq gerçək olub. Çünki Cənab Prezidentimizin qətiyyəti, səbri və rəşadətli Azərbaycan ordusuna komandanlığı ilə biz 44 günlük şanlı “Vətən Müharibəsi” ilə illərlə işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edə bildik. Möhtəşəm üçrəngli bayrağımız artıq Qubadlıda, Laçında, Zəngilanda, Kəlbəcərdə, Şuşada və bütün Qarabağımızda dalğalanır.

Və bu gün Azərbaycan Respublikası üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə çox böyük qürur və inamla irəliləyir.

Müxbir: Cavadzadə Seyid Sürayə

 

 

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir