Cəmiyyət

Vüqar Behbudovla Vüqar Səfərlinin FƏRQİ VARMI?

“Keçmiş KİVDF -nin keçmiş rəhbəri Vüqar Səfərlinin və dəstəsinin cinayət işi ilə bağlı korrupsiya faktları açıqlandıqca, dəstənin “ay atası” (biz müsəlmanıq, “xaç atası” nədir? -M. B. ) Əli Həsənovun da qazamata yolu açılmaqdadır. Təqsirləndirilən dəstə üzvləri, şahidlər göstərişlərin, qanunsuzluqların başında Prezidentin keçmiş köməkçisinin dayandığını bildirirlər”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Əli Həsənov təkcə ofisini “super” qiymətə icarəyə verməkdə deyil, həm də tikinti materiallarının super saxtalığından milyonlar qazanmaqda suçlanır. Laminatı parket , kağız “oboy”u parçanın əvəzinə vurub, bahalı parket, parça “oboy” qiyməti ilə hesablayan işbazlara Vüqar Səfərli hər şeyin Prezident (köməkçisinin) nəzarətində olduğunu deməklə, cinayətkar saxtalıqdan sığortalandıqlarına əminlik yaradıb . Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi bu əminliyi şübhə altına alandan iş böyüyüb və məhkəmədə araşdırılır.

Qarabağ qaziləri və şəhid ailələrinə tikilən evlər də saxta materiallardan yararlanılmasına və rüşvətlə bölünməsinə görə “jurnalist evləri”ndən nəinki geri qalır , əksinə, çox irəlidədir. Təsəvvür edin, ƏƏSMN -in sifarişi ilə əlillər üçün 2009-cu ildə Nərimanov rayonunda tikilən evin adi pandüsü, kanalizasiyası, lifti, həyəti belə yoxdur, iç divarın hündürlüyü ən azı 2,70 metr əvəzinə, 2,50 metrdir! (?) 2 il qabaq Nizami rayonu, Çobanzadə küçəsində tikilən evi qazla təchiz etmək bilərəkdən unudulub. Mənzil bölgüsündən heç danışmağa dəyməz. “Jurnalist evləri”nin eybəcər bölgüsünü Vüqar Səfərli necə həyata keçiribsə, adaşı Vüqar Behbudov , eldə deyildiyi kimi, bir çömçə artığı ilə edib. Təsəvvür edin, hələ də, 2 ildir, bu evdən mənzil alanların adları açıqlanmır. Açıqlansa, axı, ehtiyacı olmayan villa yiyələri keçmiş-indiki deputat – məcburi köçkün “qazi”lərin , “viza polisləri”nin mənzillərin açarlarını gizlin əldə etmələri bəlli olacaq. Rüşvət, korrupsiya o həddə çatıb ki, əlində məhkəmə qərarı olan 1-ci dərəcəli Qarabağ qazisi Vüqar Behbudovun qərarı ilə mənzildən qıraqda saxlanılıb. Özbaşınalığa baxın, VÜQAR BEHBUDOVUN RÜŞVƏT , KORRUPSİYA QƏRARI MƏHKƏMƏ QƏRARINDAN, KONSTİTUSİYADAN DA ÜSTÜN İMİŞ! Qazinin Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin 161 “qaynar xətti”nə 2 il qabaqkı şikayətinə 09.09.2021-ci ildə -2 il sonra “operativ “qaynarlıqla” baxan idarənin müstəntiqi Rəşad Məmmədov hələ də -2 aydır qəbul etdiyi (edibsə -M.B .) qərarını verməkdən imtina edir. Müstəntiqin fikrincə, məhkəmə qərarlarının icra olunmaması korrupsiya predmeti deyil, korrupsiya idarəsi konkret rüşvətlə bağlı şikayətləri araşdırır. Vüqar Səfərlinin və dəstəsinin işində də konkret rüşvət faktı yoxdur, nə əcəb korrupsiya faktına görə iş başlanılıb? Belə çıxır, jurnalistlərə tikilən evlər evdir, qazi və şəhid ailələrinə tikilənlər ev deyil? Gerçəkdə elə qazilərə ev əvəzinə zirzəmi, daxma tikilməsi korrupsiyasına hüquqi qiymət verilməsi prokurorluq orqanlarının görəvidir.

Vüqar Səfərlinin Prezidentin keçmiş köməkçisi Əli Həsənovun göstərişi ilə korrupsiyaya meydan verdiyi vurğulanır, bəs Vüqar Behbudov mənzil rüşvətxorluğunda kimə arxalanır? ƏƏSMN -in bilgisində Vüqar Behbudovun 2008-ci ildən DSMF sistemində, 2011-ci ildən ƏƏSMN -də sosial proqramlar , xidmətlər şöbəsinin müdiri görəvlərində olduğu, hazırda Sosial Xidmətlər Agentliyinin sədri , ehtiyatda olan zabit olduğu göstərilib. Yəni 10 ildən çoxdur Vüqar Behbudov qazi və şəhid ailələrinin mənzil təminat(sızlığ)ının həyata keçirilməsinə cavabdeh məsul şəxsdir. Amma nə məhkəmədə cavabdeh kimi borclu edilsə də , üzərinə qoyulan öhdəliyi rüşvətsiz icra edir, nə də vəzifə borcunu yerinə yetirir. O ki qaldı, “ehtiyatda olan zabit” olmasına, bu da saxta bilgidir. Vergiyığma xidməti hərbi xidmət sayılmır, Vüqar Behbudov ehtiyatda olan zabit yox, “ehtiyatda” olan xüsüsi rütbəli şəxsdir. Zabit adını vergiyığan adı ilə aşağılamaq , ən azı, saxtalıqdır.

Demək istədiyimiz odur ki, istər jurnalistlərə tikilsin, istər əlillərə, ev evdir. Və onun tikintisində, bölgüsündə saxtalıq hər iki halda cinayət məsuliyyəti yaradır. Vüqar Səfərlini dama basıb, Vüqar Behbudovu “dama qaldırmaq”, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələbi ilə uzlaşmır”.

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Dia.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir