Siyasət

Məhkəmələr apelyasiya və kassasiya şikayətlərini kağız daşıyıcıda qəbul edir? – RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Mülki Prosessual Məcəlləyə dəyişikliklə əlaqədar olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə apelyasiya və kassasiya şikayətləri yalnız elektron qaydada həyata keçirilməlidir. Lakin bununla bağlı müəyyən suallar hələ də qalmaqdadır.

Vəkil Nərmin Əliyeva bildirib ki, bir müddət öncə elektron qaydada apelyasiya şikayət versə də, katib ona zəng edərək şikayətin həm də kağız daşıyıcıda təqdim olunmasını istəyib. Deyib ki, əks halda şikayət qəbul olunmayacaq: “Bilmək istəyirəm ki, bu nə dərəcədə doğrudur? Ümumiyyətlə, kompüterdən istifadə etməyi bacarmayan və vəkillə müqavilə bağlamağa imkanı olmayan vətəndaşa güzəşt edilirmi?”.

Məsələ ilə bağlı e-huquq.az-a açıqlama verən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev şikayətlərin yalnız elektron qaydada verilməli olduğunu və bununla bağlı qanunvericilikdə hər hansı güzəştin nəzərdə tutulmadığını vurğulayıb.

“MPM-in 10-1.3-cü maddəsində göstərilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Eyni zamanda MPM-in 10-1.5-ci maddəsində göstərilir ki, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Yəni, bu qanun katibin də şikayəti kağız daşıyıcıda tələb etməsini qadağan edir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir