Redaksiyamıza növbəti şikayət daxil olub.
Sonxeber.az-a edilən şikayət bu dəfə “Ekexpress.az” adlı kargo şirkəti ilə bağlıdır.
Belə ki, şikayətçi Vüqar Mirzəliyev həmin şirkətdən 105 manat dəyərində 3 ədəd məhsul sifariş edib. Bağlamalar şirkətin Türkiyə anbarına çatdıqdan sonra isə müştəriyə zəng edib şirkətlərinin bağlandığını deyiblər.
Şikayətçi bildirir ki, onlar bu barədə nə “instagram”da, nə də saytlarında, ümumiyyətlə heç bir yerdə məlumat verməyiblər:
“24 oktyabr tarixində məhsul onların Türkiyədəki ofisində olub. Mən onlara zəng etdim, mənə “gərək sifariş verməzdiniz, çünki biz bağlanırıq” dedilər. Dedim ki, bu barədə nə saytlarında, nə sosial şəbəkələrdə elan yoxdur. Həmin gündən də hər həftə dediler ki, guya həftənin 6-cı günü bağlamam yola çıxır. Onlara saytda malın “xarici anbardadır” statusunda olduğunu dedikdə isə “saytımızda göstərə bilər, amma malınız yola çıxıb” deyirlər. Ən sonda boyunlarına aldılar ki, yola çıxmayıb.
Belə bir hadisə bizim başımıza başqa kargo ilə də gəlmişdi. Həmin şirkət də bağlanırdı, amma bağlamamızı digər karqoya yönəltdilər, rahat şəkildə aldıq. “Ekexpress” karqosuna da bu təklifi veririk, amma etmirlər. Dərdimizi hara deyək, bilmirik”.
Sonxeber.az olaraq, məsələ ilə bağlı “Ekexpress.az” karqo ilə əlaqə saxladıq. Şirkətin əməkdaşınn sözlərinə görə, müştərilərin sifarişləri bu həftə Bakıya çatacaq:
“Türkiyə anbarımızda olan bağlamalar bu həftənin 6-cı günü, yəni 27 noyabr tarixində artıq Bakıda olacaq. Müştərilər gəlib götürə bilərlər”.