Cəmiyyət

Eyni ərazini müxtəlif adamlara satdı, daha sonra… – NARAZILIQ!

Abşeron rayonunun 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində 2,96 ha torpaq sahəsinə sahiblənmiş şəxs ərazini hissələrə bölərək, qanunsuz olaraq müxtəlif şəxslərə satmaqda ittiham olunur. İddialara görə, sözügedən şəxs eyni ərazini 4-5 nəfərə satmaqdan belə çəkinmir.

Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 14.03.2008-ci il tarixli, 237 nömrəli sərəcamına əsasən, Əliyev Taleh Nizami oğlunun adına 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində 2,96 ha torpaq sahəsi ayrılıb. Əldə etdiyimiz sənədlərdən aydın olur ki, Taleh Əliyev torpaqla bağlı bütün səlahiyyətlərini notarial qaydada qardaşı Coşqun Əlizadəyə ötürüb.

Şikayətçi olan vətəndaşlar iddia edirlər ki, aldıqları torpaq sahəsi təkcə bir şəxsə deyil, eyni zamanda dörd-beş şəxsə də satılıb. Belə olan halda, onlar nə torpaq sahəsini, nə də verdikləri pulu geri qaytara bilirlər.

Bu hadisədən məlumatlı olduqdan sonra ortaya maraqlı suallar çıxır. Görəsən, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Taleh Əliyevə torpaq sahəsi hansı məqsədlər üçün ayrılıb ki, o, daha doğrusu qardaşı Coşqun Əlizadə həmin torpaq sahəsini satışa çıxarıb? Ümumiyyətlı, həmin 2,96 ha torpaq sahəsinin təyinatı nədir?…

Bu suallara cavab axtarmazdan öncə, dəyərli oxucuların diqqətinə çatdıraq ki, məlum torpaq sahələrinin alqı-satqısı yalnız bir notariat ofisində – Bakı şəhəri 11 saylı Notariusda həyata keçirilib. Bu baxımdan, şikayətçilər iddia edir ki, Coşqun Əlizadənin bütün qanunsuz əməllərinə 11 saylı Notarius ofisinin xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu şərait yaradıb. Yəni dolayısı ilə onlara qarşı dələduzluq əməlində İ.Məmmədovun da əlinin olduğu bildirilir.

Qeyd edək ki, Əlizadə-Məmmədov “cütlüyü”nün qanunsuz əməllərindən zərər çəkən şəxlərdən biri Yeni Suraxanı qəsəbəsində yaşayan Cahangirov Valeh Məhəmməd oğludur. O, “Hürriyyət”in redaksiyasına gələrək, Coşqun Əlizadə tərəfindən aldadıldığını bildirib. Valeh Cahangirovun sözlərinə görə, Bakı şəhər 11 saylı Notarius ofisində C.Əlizadədən aldığı torpaq sahəsinə dair etibarnamə sonradan ondan xəbərsiz ləğv edilib:

“Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayıram. Taksi fəaliyyət ilə məşğulam. Yəni kəndin hamısını tanıyıram. Açıq desək, kim nə işlə məşğuldursa, bilirəm. Həmin ərazidə torpaq satanlardan biri də Coşqun Əlizadədir. Çox imkanlı adamdır. Həmin ərazidə bütün torpaqlar etibarnamə ilə alınıb. Kənd təsərrüfatı xarakterli olmasına baxmayaraq, həmin torpaqlarda evlər tikilib. Mən də orda torpaq almışam və ev tikmişəm. Mənə də sözügedən ərazini təklif edən Əlizadə Coşqunun adamı Elçin Cəfərovdur. O dedi ki, bu ərazinin sotunu 2000 manatdan satırıq. Daha sonra Coşqun Əlizadə ilə əlaqə saxladıq. Telefon əlaqəsində ona bildirdim ki, pulu faizə götürmüşəm… Mənə pul verən adam da demişdi ki, pul verilməsi üçün girov qoymaq lazımdır. Coşqun Əlizadə mənə narahat olmamağımı dedi.

Daha sonra Elçin Cəfərov sənədimi məndən alıb, Coşqun Əlizadəyə apardı. İki-üç gündən sonra Coşqun Əlizadə zəng etdi ki, Bakı şəhəri 11 saylı Notariusa gəlim. Notariusda 4 sot torpaq etibarnamə ilə Əlizadə Coşqunun adından mənə verildi. Üstündən 7 ay keçəndən sonra mənə dedilər ki, notariusda mənim sənədim yoxdur. Ləğv olunduğunu bildirdilər. Məsələdən xəbər tutduqdan sonra 11 saylı Notariusa getdim, dedim ki, əgər etibarnamə ləğv edilirsə, vətəndaşa xəbər verilməli, ən azından evinə məktub göndərilməlidir. Amma məndən xəbərsiz etibarnamə ləğv edilib”.

Valeh Cahangirov iddia edir ki, bir çox vətəndaş da eyni üsul ilə Coşqun Əlizadə tərəfindən aldadılıb. Şikayətçi 11 saylı Notarius ofisinin xüsusi notariusu İlqar Məmmədovun da Coşqun Əlizadə ilə əlbir olduğunu vurğulayıb:

“Coşqun Əlizadə iddia edir ki, ödədiyim pul ona verilməyib. Mənim kimi çox adamları belə aldadıblar. Ödənişi etdiyim adam da ortalıqda yoxdur. Bunlar hamısı bir-birlərilə əlbirdirlər. Ərazi üzrə polisə müraciət etdim. Polislə əraziyə gəldim. Polis müvəkkili Coşqun Əlizadəyə zəng edib əraziyə çağırsa da, o, gəlməkdən imtina etdi. Əgər mən pul verməmişəmsə, necə olur ki, Coşqun Əlizadə 11 saylı Notariusa mənimlə birgə gəlir və mənə etibarnamə verilir?! Bakı şəhəri 11 saylı Notarius idarəsi qanunsuzluq edir. Məndən xəbərsiz etibarnamə ləğv edilib. Coşqun Əlizadə notarius idarəsi ilə əlbirdir. Müxtəlif şəxslərin etibarnaməsi də ləğv edilib.

Rəsmi olaraq polis idarəsinə də müraciət etmişəm. Polis idarəsində Coşqun Əlizadədən şikayətin çox olduğu bildirilib. Amma işimə düzgün qaydada baxılmır. Hara şikayət edirəm, bir-birlərinin üzərinə atırlar”.

Bu hadisədən məlumatlı olduqdan sonra maraqlı suallar ortaya çıxır: görəsən, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Taleh Əliyevə torpaq sahəsi hansı məqsədlər üçün ayrılıb? Ümumiyyətlı, ona ayrılmış 2,96 ha torpaq sahəsinin təyinatı nədir?…

O da maraqlıdır ki, həmin torpaq sahələrinin “alqı-satqısı” Bakı şəhəri 11 saylı notariusda həyata keçirilib. Yəni 11 saylı Notarius İdarəsi qanunsuz olaraq eyni ərazini dörd-beş şəxsə etibarnamə ilə verilməsinə vəsilə olub.

Məsələ ilə bağlı hüquqşünas Bəhruz Bayramovıa da danışdıq. Onun sözlərinə görə, eyni ərazi beş nəfərə etibarnamə ilə verilirsə və həmin şəxslərə bunu “alqı-satqı” kimi rəsmişləşdirirlərsə, bu, özlüyündə dələduzluq əməlidir:

“Pay torpaqları satıla bilər. Çünki xüsusi mülkiyyətdi. Amma icra hakimiyyətləri tərəfindən pay torpaqları ayrıla bilməz. Torpaq islahatı haqqında qanuna əsasən, pay torpaqları müəyyən olunur. Amma bu şəxsin adına isə İcra hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılıb. Bu torpaqlar kənd təsərrüfatı təyinatlı ərazilərdir. Əgər orda fərdi yaşayış evi tikilirsə, bu, qanunsuzdur. Orda ev tikmək, cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən, cinayət məsuliyyəti yaradır. Əgər torpaq sahəsinin çıxarışı varsa, satıla bilər. Torpaq sahəsinin təyinatını dəyişdirmək üçün isə Nazirlər Kabinetinin müvafiq qərarı lazımdır. Digər tərəfdən, etibarnamə ilə satmaq alqı-satqı sayılmır. Etibarnamə sadəcə istifadə üçün verilir. Yəni torpaq sahəsi ilə bağlı müəyyən səlahiyyətlər verilir. Etibarnamə verə bilər. Amma eyni ərazini beş nəfərə etibarnamə ilə verirsə və həmin şəxslərə bunu “alqı-satqı” kimi rəsmişləşdirirlərsə, bu, özlüyündə dələduzluq cinayətidir”.

Əmlak Məsələri üzrə Dövlət Komitəsindən “Hürriyyət”ə bildirilib ki, torpaqın alqı-satqısı yalnız notariusda alqı-satqı müqaviləsi əsasında aparılır. Komitədən o da qeyd edilib ki, vətəndaşlar belə vəziyyətdə hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət etməlidir:

“Ola bilsin ki, vətəndaş hüquqi məsələ ilə bağlı kifayət qədər məlumata malik deyil. Torpaqın alqı-satqısı yalnız notariusda alqı-satqı müqaviləsi əsasında aparılır. Dediyiniz vətəndaşın da bölgü sxemi olmalıdır. Əgər torpağı etibarnamə ilə satırsa, bu, dələduzluq ola bilər. Çünki etibarnamə müəyyən müddətə verilir. Bundan əlavə, etibarnamə verən şəxs istədiyi vaxt etibarnaməni ləğv etdirə bilər. Ola bilsin ki, bu şəxs hansısa vətəndaşların hüquqlarının bilməməsindən istifadə edərək, eyni ərazini müxtəlif şəxslərə etibarnamə ilə satıb. Torpağı satan şəxs sabah torpağı etibarnamə ilə veriyi adamın adından çıxardaraq, digər bir şəxsə etibarnamə ilə verə blər. Vətəndaşlar belə vəziyyətdə hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət etməlidir”.

Günlərdir ki, bu məsələyə Abşeron rayon İcra Hakimiyyətindən də münasibət öyrənməyə çalışdıq. Lakin cəhdlərimiz boşa çıxdı. Görünür, rayon icra hakimiyyətinin rəsmi saytında qeyd edilən əlaqə nömrəsi ya formal xarakter daşıyır, ya da əlaqə telefonlarına cavab verməli olan növbətçi vəzifəsindən sui-istifadə edərək iş yerində olmur.

Məsələ ilə bağlı redaksiya adından Ədliyyə Nazirliyinə ünvanladığımız müraciətə cavab olaraq bildirilib: “”Notariat haqqında” Qanunun 32-ci maddəsinə əsasən notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir. Ünvanladığımız müraciətin cavabında o da qeyd edilib ki, notariat hərəkətləri barədə məlumatlar məhkəmə, istintaq və təhqiqat orqanlarının icaraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar həmin orqanların yazılı sorğuları, vəkilə isə onun yazılı sorğusu və orderi əsasında verilir”.

Mövzunu daha da geniş araşdırmaq üçün Baş Prokurorluqla əlaqə saxlamağa çalışsaq da təəssüf ki, ünvanladığımız digər sorğular kimi, bu da cavabsız qaldı. Çox təəssüf ki, media ilə bu dövlət qurumu arasında “qalın divarlar” mövcuddur. Bu da informasiya təhlükəsizliyi üçün problem deməkdir.

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir