Eks deputat Cümşüd Nuriyevin qənaətinə görə, Fransa və ABŞ-ın Azərbaycandakı səfirlərinin Şuşaya səfər etməməsinin arxasında həmin dövlətlərin maraqları durur. Belə ki, ABŞ Ermənistanı Rusiyanın siyasi təsir dairəsindən çıxartmağa çalışır.
Bununla yanaşı, Fransa da erməni lobbisinin maraqlarından çıxış edir. Makronun bu addımını qarşıdan gələn seçkilərlə də izah etmək olar.
Bizim.Media-ya özəl açıqlamasında politoloq həmçinin bildirib ki, hər iki ölkənin Azərbaycandakı səfirlərinə Qarabağa səfərdən yayınmaq tapşırığı verilib.
Şuşaya səfər etməyən səfirlərin siyahısı təkcə ABŞ və Fransadan ibarət deyil:
“Qarabağda rus sülhməramlılarının olmasına baxmayaraq, Rusiyanın da ölkəmizdəki səfiri işğaldan azad olunan bölgəyə səfər etmir. Bir-birini sevməyən dövlətlər olsa da, onların Qafqaz maraqları kəsişdiyi üçün öz mənafelərinə uyğun olaraq davranırlar. Bu, onlar üçün təbii sayılsa da, bizim üçün ədalətin, haqqın tapdanması kimi dəyərləndirilməlidir.
Amma bütün hallarda özünü demokrat adlandıran ABŞ və Fransanı da gördük. Bu gün ABŞ prezident seçkilərində haqqı tələb edənlərin həbsi ilə məşğuldur. Minlərlə insanın həbsindən söhbət gedir.
Fransada isə Makron hakimiyyətə gələndən “sarı jiletlilər” meydandadır. Dünyaya demokratiya dərsi keçməyə çalışan Fransa bu gün də küçələrdə onları döyür.
Sadəlövh olmamalıyıq. ABŞ və Fransadan ədalət gözləmək ən azından sadəlövhlükdür. Lakin Azərbaycan dövləti özünə lazım olan məlumatları əldə etdi. O mənada ki, Fransa ilə ABŞ-ın tutduğu mövqe azərbaycanlıların yadından çıxmayacaq”.