Cəmiyyət

“Məmur balalarının ağzı var, bizimkilərin yoxdur?!” – Ziyalılar vətəndaşların haqlarını tələb edirlər

Ötən əsrin sonlarında mərhum Prezident Heydər Əliyev ölkə vətəndaşlarına, hər biri dörd paydan ibarət özəlləşdirmə çeklərinin verilməsi ilə bağlı fərman imzaladı. Fərmanda sovetdən qalma dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində vətəndaşların fəal iştirakı nəzərdə tutulurdu. Bu fərman böyük coşqu ilə qarşılandı, insanlar kütləvi şəkildə onlara çatacaq vauçerləri əldə etmək üçün növbələrə düzüldülər.

Lakin çox keçmədi ki, bütövlükdə bu proses fərmanda nəzərdə tutulan kimi deyil, formal olaraq təşkil olundu. Əhalinin əksər hissəsi özəlləşdirmə çeklərini “qara bazar”da dəyər-dəyməzinə satışa çıxarsa da, bir qrup insan bu qiymətli kağızları qorudu. Məmur-oliqarxların bəzi işbazların xeyrinə yönələn bu prosesə etiraz olaraq çeklərini satmaqdan imtina edənlər isə 2011-ci ildə bütün şanslarını itirdilər. Məhz həmin ildən çeklərin tədavül müddəti başa çatdı.

Bu gün Azərbaycanda kompleks islahatlar həyata keçirilir. Dəfələrlə bəyan edilib ki, bu instutisional islahatların məqsədi vətəndaşların rifah halını yüksəltmək, onların dövlətin idarə olunması prosesində iştirakını təmin etməkdir. Azərbaycan İnvestisiya Holdiqinin fəaliyyətə başlaması, əksər dövlət qurumlarının Holdinqin tərkibinə verilməsi, gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirməyə çıxarılacağı ilə bağlı rəsmi açıqlamalar bu qəbildəndir.

Bu səbəbdən hazırda cəmiyyətdə gözləntilər yaranıb ki, nəhayət, üzərindən uzun müddət keçəndən sonra haqları pozulmuş yüzminlərlə vətəndaşın hüquqları bərpa ediləcək, özəlləşdirmə çeklərinin tədavül müddəti yenidən artırılacaq.

İndiyədək Azərbaycanın tanınmış simaları – ziyalıları, millət vəkilləri, ictimai-siyasi xadimləri çeklərin tədavül müddətinin artırılması ilə bağlı hökumətə çağırışlar ediblər.

AYNA daha bir neçə ziyalının bununla bağlı fikirlərini təqdim edir.

Tanınmış türkoloq alim, profesor, keçmiş təhsil naziri Firudin Cəlilov yuxarıda qeyd olunan fərmanın olduqca mütərəqqi addım olduğunu deyib: “Lakin sonradan tamamilə gözdən düşdü. Ona görə ki, özəlləşdirmə prosesinin özü düzgün aparılmadı. Məncə, bu məsələdə tələsdilər. Çünki biz yenicə müstəqil olmuşduq. Əhalinin maariflənmə səviyyəsi yüksək deyildi. Çox adam heç bilmirdi ki, bu vauçerləri onlara nəyə görə veriblər. Burada əsas məqsəd sovetlər dövründə qurulmuş müəssisələrdə onların özlərinin, valideynlərinin, dədə-babalarının xidmətlərini qarşılamaq idi. O zavodları, fabrikləri onlar qurmuş, ərsəyə gətirmişdilər. Çox təəssüf ki, əksəriyyət müəyyən işbazların təsirinə düşərək çekləri dəyər-dəyməzinə satdı. Ümumilikdə bu proses olduqca qüsurlu aparıldı”.

Professor hesab edir ki, kimlərin əlində vauçerləri qalıbsa, heç olmasa onların hüquqları bərpa edilməlidir: “Bu, hər bir vətəndaşın hüququdur. Bu haqq pozuldu, imkan vermədilər ki, vətəndaşlar öz mülkiyyət hüququndan istifadə etsinlər. Heç olmasa indi əllərində vauçerləri qalan vətəndaşların haqlarını bərpa etsinlər. O ki qaldı məndə olan çeklərin taleyinə, o dövrdə oğlum bunları satdı. Baxmayaraq ki, mən ona bunu məsləhət görmədim. Belə çıxır ki, zamanla mən yox, o, haqlı çıxdı”.

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov da bu məsələdə vətəndaşların haqlarının tapdandığı fikrindədir: “Məmurlar xalqa xidmət barədə düşünməyə başlamalıdırlar. Çox qəribə vəziyyət yaranıb. Dövlət qərar qəbul edir, vətəndaşların mənafeyini təmin etmək üçün sərəncam imzalanır. Amma məmurlar elə bir oyun oynayırlar ki, vətəndaşlar hamısı qalır kənarda. Yeyən də onlar olur, dağıdan da. Necə ki, böyük Məmməd Araz deyirdi: “Sənə gələn, səndən ötən nəydi belə? Səndən ötüb qardaşına dəydi belə?”. Son qoymaq lazımdır belə şeylərə. Prezident gecə-gündüz çalışır, torpaqlarımızı azad edir. Xalqın rifahı naminə dayanmadan işləyir, bu məmurlar isə oğurlayırlar. Bu, nə deməkdir, ay məmurlar: Belə çıxır sizin övladlarınızın ağzı var, bizim balalalarımızın ağzı yoxdur?!”.

Xalq artisti özəlləşdirmə çekləri ilə bağlı təcili qərar qəbul edilməsini vacib olduğu düşüncəsindədir: “Bəzi qudurğan məmurlar ölkəni özlərinin var-dövlət məkanına çeviriblər. O zaman mənə şəhərin mərkəzində evimin əvəzində çeklər təklif etdilər. Yaxşı ki, razılaşmadım. Yoxsa indi qapı-qapı gəzirdim. Yüzminlərlə vətəndaşın vauçerləri əllərində qalıb. Təcili olaraq onların haqları bərpa edilməlidir. Mən bir ziyalı olaraq buradan ölkə rəhbərliyinə müraciət edirəm. Qalib xalqın nümayəndəsiyik, imkan verməyək ki, vətəndaşlarımızın hüquqları pozulsun. Bu kimi hallara son qoyaq. Yığışdıraq belə şeyləri”.

YAP-ın tanınmış üzvlərindən, professor Şahlar Əsgərov da vətəndaşların probleminin həll edilməli olduğu qənaətindədir: “Bizə məxsus özəlləşdirmə çeklərini saxlamamışıq, o zaman satdıq onları. Üzərindən 25 ilə yaxın zaman keçib. Arada fikirləşirəm ki, kaş satmazdım. Amma biz keçmişə yox, gələcəyə baxmalıyıq. Bu gün Azərbaycanda kompleks islahatlar həyata keçirilir ki, bu islahatların yeganə məqsədi əhalinin rifah halını yüksəltməkdir. Təbii ki, qanunun imkan verdiyi formada bu məsələ öz həllini tapmalıdır. İnanıram ki, tapacaq da”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir