“AKKORD”LA SUBPODRATÇI ŞİRKƏTLƏR ARASINDA ÇƏKİŞMƏ – Zakir Qaralov şirkətin rəhbərliyinə qayıdıb və…
Uzun müddət Azərbaycanda ən böyük tikinti layihələrinin icrasını həyata keçirərək, dövlət büdcəsindən milyardlarla manat pay alan, paytaxtda və iri şəhərlərdə çoxlu sayda yaşayış kompleksləri, qeyri-yaşayış binaları tikib sataraq külli miqdarda qazanc götürən, ancaq gördüyü işlərin bir çoxu keyfiyyətsiz çıxdığı üçün bazardakı mövqelərini itirən “Akkord” Şirkətlər Qrupu nüfuzunu yenidən özünə qaytarmaq uğrunda hərəkətə keçib.
Bu barədə “AzPolitika.info”-ya daxil olan məlumatda bildirilir ki, Ağstafa-Qırmızı Körpü avtomobil yolunun çəkilişi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elan etdiyi tenderdə “Akkord” şirkəti “ən cəlbedici” təkliflə iştirak edib və tenderi qazanıb. Daha sonra isə yolun tikintisinin icrasına başlanılıb.
Ancaq şirkətin, işə başlayandan az sonra, öz öhdəliklərini pozduğu bildirilir. Belə ki, yol tikintisi tenderini qazanmaq üçün “Akkord” SHB, “Elit”, “United”, “Projekt Centr” kimi şirkətləri də subpodratçı kimə işə cəlb edib. Onlar da üzərlərinə düşən işi həyata keçirməyə başlayıblar. Ancaq bir müddətdən sonra subpodratçılara gördükləri işlərin müqabilində ödəniş dayandırılıb.
“Hazırda“Akkord” subpodratçı şirkətlərə pul ödəməkdən tamamilə imtina edir. Şirkətin rəhbərliyinə yeni gətirilən, vaxtilə vergi cinayətlərində adı hallanan Vüqar Süleymanov ən müxtəlif bəhanələrlə, bəzən isə təhdidlərlə bağladıqları müqavilələrin şərtlərinə əməl etmir”, – məlumatlı mənbə bildirir.
O da qeyd olunur ki, “Akkord” rəhbərliyi ilə ən ciddi qalmaqal Türkiyənin HDS şirkəti arasında yaranıb: ““Akkord” HDS şirkətindən tikinti materialları sifariş edib və Türkiyə şirkəti də ilkin materialları göndərib. Ancaq göndərilən malın dəyəri – 200 min avro ödənilmədiyindən, HDS materialların ardının göndərilməsini dayandırıb”.
Məlumata görə, “Akkord”un özündə də ciddi problemlər yaşanır. Belə ki, şirkət əməkdaşları 4 aydır əməkhaqqı ala bilmir.
Ancaq bütün bunlara baxmayaraq, şirkət rəhbərliyinin heç nədən çəkinmədiyi, hətta hər kəsə hədə-qorxu gəldiyi vurğulanır.
Qeyd edək ki, bir müddət öncə “Akkord”un eyni variantı Gürcüstanda da tətbiq etdiyi haqda məlumat yayılmışdı. Belə ki, Gürcüstanda bir sıra layihələr həyata keçirən şirkətin fəaliyyətindəki qanunsuzluqlar şikayətlər əsasında bu ölkənin hüquq-mühafizə və məhkəmə orqanlarının araşdırma mövzusu olmuşdu.
Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, “Akkord” tenderdə iştirak və sənədlərin qaydaya salınması üçün M.Avalişvili və N.Natsvlişvili adlı şəxslərlə konsaltinq müqaviləsi imzalayıb.
“Bu şəxslər öz qrupları ilə lazımi işləri görüb, “Akkord” 145 milyon larilik iki tenderi qazanıb. Müqaviləyə uyğun olaraq, konsultantlara ödənilməli olan 1 milyon 450 min larinin (tenderdə udulan məbləğin 1%-i) verilməsindən imtina edilib. Əvəzində “Akkord” Bakının Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, guya öz əməkdaşı, Biznes İnkişaf Şöbəsinin müdiri Elmir Babayevin konsaltinqlərlə müqaviləyə imza atmaq hüququnun olmadığını bildirərək, onlarla müqaviləyə xitam verdirməyə nail olmuşdu” – məlumatda bildirilirdi.
Ancaq Tiflis Şəhər Məhkəməsinin Mülki Kollegiyası Nəsimi Rayon Məhkəməsinin qərarını tanımamış və prosesi davam etdirmişdi.
İndi isə vəziyyət bir qədər fərqlidir. Bütün məhkəmə prosesləri Azərbaycanda keçirilir və burda “Akkord” rəhbərliyinin hansısa məhkəmədən qərar almaqda, onu “tanıtdırmaqda” problem yaşamayacağını düşünməyə əsas verir.
Qeyd edək ki, uzun illərdir “Akkord” şirkətinin sahibi kimi sabiq baş prokuror Zakir Qaralovun adı çəkilir. Vəzifəsindən azad edildikdən sonra Qaralovun şəxsən şirkətin idarəetməsini həyata keçirməyə başladığı bildirilir.
İddia edilir ki, “Akkord”un rəhbərliyi məhz Zakir Qaralovun keçmiş statusu və hazırkı əlaqələrinı güvənərək, subpodratçıları məhkəməyə verəcəyi, müqavilələrinin ləğv ediləcəyi, hətta bu vaxta qədər ödənilən məbləği geri tələb edəcəyi ilə təhdid edib.
Yazıda qeyd olunanlarla bağlı “Akkord”Şirkətlər Qrupunun da mövqeyini işıqlandırmağa hazırıq.
“AzPolitika.info”