Sosial

Bir-iki günün şirkətləri tenderlərdə hansı yolla qalib gəlir? – HƏQİQƏTƏN DƏ…

Azərbaycanda keçirilən əksər tenderlərdə təcrübəsiz, yenicə yaranan şirkətlərin qalib gəlməsi ənənəsi məmur müdaxiləsindən qaynaqlanır və bu addım vergi xidmətindən yayınmaq, izi itirməyə hesablanıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov deyib. Ekspertin sözlərinə görə, tenderlərdə yeni yaranan şirkətlərin qalib gəlməsi ənənəsi iki səbəbdən qaynaqlanır:

“Dövlət Satınalmaları Haqqında” Qanunda qeyd edilir ki, satınalma prosesində qalibin qiymətləndirilməsi zamanı şirkətin təcrübəsi nəzərə alınmalıdır. Amma təcrübədən görürük ki, əksər hallarda qanunvericiliyin bu bəndi pozulur, heç bir təcrübəsi olmayan, 3 gün, 10 gün və ya bir ay bundan qabaq yaranan şirkətlər tenderlərin qalibi olurlar. Belə situasiyanın yaranmasına əsasən iki amil səbəb olur.

Dövlət satınalmalarında məmurlar birbaşa olaraq prosesə müdaxilə edirlər. Onlar müdaxilə yolu ilə təcili şəkildə tender ərəfəsi özlərinə bu və ya digər dərəcədə aid olan şirkətlər yaratmaqla, prosesə qoşulur və tenderdə qalib elan olunurlar.

Digər tərəfdən, bu tendensiya vergi və izləmə prosesiylə bağlıdır. Vergi xidmətinin diqqətindən yayınmaq və izi itirmək üçün 2-3 ildən bir yaranan şirkətlər ləğv olunur və əvəzində yeni adda şirkətlər meydana çıxır. Adətən vergi orqanları 3 və daha çox illik fəaliyyətləri yoxlayır”.

Başqa bir tərəfdən, iqtisadçıya görə, medianın, vətəndaş cəmiyyətinin prosesi izləmələrindən qaçan məmurlar da izi itirmək üçün belə edirlər:

“Bir şirkət yaradıb, onları idarə etdikləri qurumların satınalmalarına salır, növbəti dəfə isə başqa adda şirkət yaradırlar ki, hansısa ciddi ittihamlarla üzləşməsinlər. Belədə, görüntü yaradırlar ki, guya tenderin qalibi başqa şirkətlər olur. Əslində isə burada maraqlı tərəf bir nəfərdir. Məmur şirkətin adını dəyişərək prosesi bu şəkildə müəyyən qədər mürəkkəbləşdirir”.

Belə halların qarşısını almaq üçün həmsöhbətimizə görə, qanunvericiliyə dəyişiklik edilməlidir:

“Qanunvericilik səviyyəsində müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır. Spesifik fəaliyyət sahələrində yaranan yeni şirkətləri başa düşmək olar. Amma digər istiqamətlərdə tenderin qalibi olmaq üçün şirkətin ən azından 1 ildən çox təcrübəyə malik olması əsas götürülməlidir. Digər tərəfdən, bir şirkətin satınalmalarda ümumi iştirak payı 30 faizdən çoz olmamaqla limit tətbiq olunmalıdır. Dövlət satınalmalarına nəzarət funksiyasını həyata keçirən İstehlakçıların Hüquqlarının Müdafiəsi və Antiinhisar Siyasəti Agentliyi, Hesablama Palatası, Maliyyə Nazirliyi kimi qurumlar bu məsələdə diqqətli olmalıdır. Şirkətin qalib olmasının ciddi əsasları olmalıdır. Proses ciddi şəkildə izlənilməlidir. Bu məsələyə yuxarıdan baxış dəyişməlidir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir