Bildiyiniz kimi, xaricdən sifariş etmək üçün Bakıda bir çox karqo şirkətləri fəaliyyət göstərir. Bunlardan biri də “Cargoline” şirkətidir. Bu şirkətlə bağlı bu gün redaksiyamıza artıq ikinci şikayət daxil olub.
Sonxeber.az-n məlumatına görə, şikayətçi Günel Hümbətova və Rəvanə Vəlixanova oktyabr ayında adı çəkilən şirkət vasitəsilə Türkiyə saytlarından biri olan “Trendyol”dan məhsullar sifariş ediblər, amma hələ də bağlamaları təhvil verilməyib.
Şikayətçi Günel Hümbətova bildirir ki, sifarişin şirkətin Türkiyə ofisinə çatmasından artıq 45 gün keçib, amma hələ də məhsullardan heç bir xəbər yoxdur:
“”Trendyol”dan bir neçə məhsul sifariş etmişdim. Karqo şirkəti olaraq da “Cargoline” şirkətini seçmişdim. 15 oktyabr tarixində bağlamalarım şirkətin Türkiyə ofisinə çatdı. Amma 45 gün keçməsinə baxmayaraq, sifarişlərimi mənə təhvil verməyiblər. Ondan sonra başqa karqo şirkətiylə sifariş verdiyim məhsulları artıq əldə etmişəm. Bunlar isə yalan vədlər verirlər. Gah daha 1 həftə gözləməyimizi istəyirlər, “6-cı gün çatacaq” deyib “yola verirlər”. Axırıncı dəfə də həftənin sonu sifarişin təhvil veriləcəyini desələr də, səs-soraq yoxdur. İndi isə zənglərə cavab vermirlər. Sumqayıtda yaşayıram, oradakı ofislərini bağlayıblar. Guya yenisini açacaqdılar, amma açmadılar”.
Şikayətçi Rəvanə Vəlixanova isə qeyd edir ki, tək o yox, bir neçə qohumları da şirkətin “qurban”ı olub:
“700 tl-lik (təxminən 93 manat) məhsulum hazırda “Cargoline” adlı karqo şirkətindədir. Bu sifarişləri 17 oktyabr tarixində vermişdim, 21 oktyabrda isə onların xarici anbarına çatdı. Aradan 40 gün keçib, hələ də heç biri gəlməyib. Amma hər həftə “bu həftə gələcək” deyib aldadırlar. Axırıncı dəfə də dedilər ki, bu həftənin 4-5-ci günləri təhvil verəcəyik. Mən isə inanmıram. Tək mən yox, qohumlarımızdan da bir neçə nəfər sifariş verib və aldadılıb. Dünən Bakıxanov qəsəbəsində yerləşən ofislərinə getmişdim, bağlı idi”.
Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sonxeber.az