“Dolanmaq çətindir”, “Aldığım maaş ayın ortasına qədər çatmır”, “Hər ay borca düşürəm”… Bu kimi ifadələri demək olar ki, hər gün eşidirik. Maraqlıdır ki, az məvacib alanlar da, çox məvacib alanlar da ehtiyaclarını tam qarşılaya bilmədiklərini tez-tez dilə gətirirlər.
Gündəlik həyatda rastlaşdığımız, mediada və sosial şəbəkələrdə vaxtaşırı oxuduğumuz xoşagəlməz hadisələrin də çoxu elə bu arqumentlərlə “əsaslandırılır”. “Aldığı maaşla ehtiyaclarını tam qarşılaya bilməyən”lərdən biri elə bu günlərdə videosunun yayılması ilə gündəm olan Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovdur. R.Əzizovun mağazadan oğurluq etməsi barədə görüntülər təəccüb və təəssüf doğurmaqla yanaşı, həm də cavabsız suallara yol açır. Nə üçün o, mağazadan ərzaq almağı deyil, oğurlamağı seçib? Görəsən, doğrudan da pulu olmayıbmı? Həqiqətən o da, digərləri kimi, aldığı maaşla ehtiyaclarını qarşıla bilmir?
R.Əzizovun timsalında aldıqları məvaciblə ehtiyaclarını ödəyə bilməyən ailələrin problemlərini araşdırmaq üçün ailə büdcəsinin düzgün planlaşdırılması və idarə edilməsi mövzusunu işləmək qərarına gəldik.
***
Redaktorun qeydi:
Azərbaycanda əhalinin iqtisadi və sosial durumunu müəyyən edən başlıca amil, təbii ki, gəlir və xərclərin düzgün planlaşdırılmaması deyil. Bir tərəfdə qanunsuz yollarla əldə edilmiş sərvət hesabına komfort içində yaşayan təbəqə, bir tərəfdə öz bacarığı hesabına biznesdən əldə etdiyi gəliri iqtisadi repressiya mexanizmindən qorumaq üçün əlləşib-vuruşan azsaylı iş adamları, digər tərəfdə isə dövlət və ya özəl sektordan aldığı aylıq maaş hesabına dolanmağa çalışan, bəzən hətta pensiya və minimum sosial yardımların hesabına ac qalmamaq, yaşamaq üçün çabalayan həlledici çoxluq… Belə bir şəraitdə ailə büdcəsinin düzgün planlaşdırılmaması problemin yeganə səbəbi ola bilməz.
Lakin hesab edirik ki, hər bir inkişaf etmiş cəmiyyətdə olduğu kimi, Azərbaycanda da bu sosial vərdiş yaranmalıdır, yaranacaq. Bu səbəbdən də ailə büdcəsi amilinə cəmiyyətimizdə hazırkı münasibəti, ona hansı səviyyədə əməl olunmasının durumunu öyrənməyi faydalı saydıq.
***
Mövzu ilə bağlı PressKlub.az-ın suallarını cavablayan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycanda ailələrin çoxu büdcələrini planlaşdırmırlar: “Ailə büdcəsinin planlaşdırılması və idarə edilməsi ilə bağlı xeyli vaxtdır müzakirələr getsə də, reallıq bundan ibarətdir ki, hazırda bununla bağlı vəziyyət ürəkaçan deyil. Bizim ilkin monitorinqlər göstərir ki, ailələrin təxminən 15-20 faizi hər ay ailə büdcəsinin planlaşdırılmasını aparır. Təxminən 30 %-ə yaxın ailə isə ilin müəyyən dövrlərinədək belə planlaşdırmadan istifadə edir”.
V.Bayramov qeyd edib ki, inkişaf etmiş ölkələrdə, o cümlədən Böyük Britaniyada əhalinin 90 %-dən çoxu öz ailə büdcələrini planlaşdırır və ona uyğun olaraq idarə edirlər: “Hətta Britaniyada ailə büdcəsinin planlaşdırılması ilə bağlı Britaniya Statistika İdarəsinin internet səhifəsində xüsusi sayğac var. Vətəndaşlar həmin sayğaclardan istifadə etməklə, o cümlədən, istehlak bazarındakı qiymət artımlarını nəzərə almaqla, büdcə planlaşdırmasını həyata keçirir. Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsi, ailələr tərəfindən büdcənin planlaşdırılması vacibdir. Çünki bu məqam həm də büdcənin daha səmərəli şəkildə istifadəsinə imkan yarada bilər”.
İqtisadçı-ekspert əlavə edib ki, büdcəyə qənaətlə bağlı inkişaf etmiş ölkələrdə bir neçə tövsiyələr var: “Onlardan biri maaş alan günü bazarlıq edilməməsi ilə bağlıdır. Çünki insanlar maaş aldıqları gün daha çox pul xərcləməyə meylli olurlar. Eləcə də insanların ac olanda mağazaya getməsi tövsiyə olunmur. Ac olanda daha çox ərzaq alınır ki, sonradan onların yalnız bir hissəsi faydalı istiqamətdə israf olur. Sözügedən psixoloji məqamlar olduqca vacibdir və buna əməl edilərsə, ailə büdcəsinin yükünü də azaltmaq olar.
Azərbaycanda ailə büdcəsinin planlaşdırılması ideyasının daha geniş yayılmasına ehtiyac böyükdür. Əgər bu baş tutarsa, insanlar öz gəlirlərinə uyğun davranaraq, vəsaitlərini xərcləyə bilərlər”.
***
Ailə büdcəsinin necə tərtib olunması ilə bağlı suallarımızı isə sosioloq Lalə Mehralıya ünvanladıq.
Lalə Mehralı PressKlub.az-a açıqlamasında bildirib ki, ailə büdcəsində yaranan problem gəlirin miqdarında yox, xərclərin düzgün müəyyən edilməməsindədir: “Ailə büdcəsinə 500 manat, 1000 manat, 2000 manat da gələndə bir ailə eyni səviyyədə dolanırsa, demək, problem xərclərin bölüşdürülməməsindən qaynaqlanır. Ailəyə gələn gəlirin bölünməsi əsas şərtlərdən biridir. Büdcə formalaşanda ərzaq, geyim, yol xərcləri və bütün xırda, əlavə xərclərin ayrı-ayrılıqda siyahısı hazırlanmalıdır. Spontan hallar üçün də vəsait nəzərdə tutulmalıdır ki, gözlənilməz bir hadisə baş verəndə əlacsız qalınmasın. Siyahı hazırlanmaqla yanaşı, alınan hər bir şeyə ay ərzində nə qədər, niyə, nə üçün pul xərclənməsi göstərilməlidir”.
Sosioloq hesab edir ki, son aylarda ölkədə baş verən bahalaşma əhalinin vəziyyətinə ciddi təsir göstərib: “Məsələn, əvvəl 13-15 manata normal kərə yağı ala bilirdiksə, indi eyni kərə yağının qiyməti 18-20 manatdır. Bahalaşmanın fonunda isə əməkhaqqı artmadığı üçün təminat problemi baş qaldırıb. Bununla yanaşı, hazırda ailələri qıtlıq yaşamalarının başqa bir səbəbi də vəsaitin düzgün xərclənməməsidir. Misal olaraq, son vaxtlar insanlar kənarda yemək yeməyə, eləcə də kənar yerdən sifariş etməyə adət edirlər. Halbuki sözügedən qida evdə hazırlanarsa, üçqat aşağı qiymətə başa gələ bilər. Eləcə də son vaxtlar insanlar lüzumsuz yerə geyim sifariş etməyə, almağa böyük maraq göstərirlər. Ehtiyac olmadığı qədər paltar alınması da ailə büdcəsinə mənfi təsir göstərir. İnsanlar normal yaşayış şərtlərini bilərsə, ailə büdcəsinə uyğun davranarsa, gəliri düzgün istifadə etmək mümkündür”.
L.Mehralı əlavə edib ki, inkişaf etmiş cəmiyyətlərdə ailə büdcəsi məsələsinə daha ciddi və məsuliyyətli yanaşırlar: “Əksər ailələr bütün xərclərini əvvəlcədən müəyyənləşdirir, hətta istirahət üçün də ayrıca vəsait toplayırlar. Ancaq bunu da deməliyəm ki, onların aldıqları pensiyalar, əməkhaqları ilə bizim aldığımız eyni deyil. Bizdə insanlar yalnız ay sonuna necə pul yetişdirməyi düşünürlər. İstirahət qırağa, spontan xərclər üçün belə ehtiyat saxlamır, büdcə planlaşdırması etmirlər. Bu səbəbdən də müxtəlif problemlər üzə çıxır.
Düşünürəm ki, ailə büdcəsinin planlaşdırılması, idarəedilməsi barədə məlumatların daha davamlı və tez-tez verilməsinə ehtiyac var. Sırf bununla bağlı yeni layihələr işlənməli, işlər görülməlidir ki, əhali pul vəsaitlərini düzgün xərcləmək vərdişlərinə yiyələnsin”. //pressklub.az//