Bu gün Bakı şəhərində istismar müddətini bitirmiş yüzlərlə binalarla yanaşı, tikintisi yarımçıq qalmış çox saylı binalara da rast gəlmək mümkündür.
İstismar müddətini bitirmiş binalarda istənilən zaman qəzalar baş verə bilər və yüzlərlə insan qəzadan zərər görə bilər. Eyni zamanda yarıtikili binaların inşasının tamamlanmaması da vətəndaşlara ciddi ziyan vurur. Köhnə və yeni binalarla bağlı məlum problemlərin həlli isə tikinti şirkətlərinin fəaliyyətindən birbaşa asılıdır.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, tikinti şirkətlərinin fəaliyyətinə əlverişli şəraitin yaradılması iqtisadiyyatı gücləndirəcək, həmçinin rəqabət olacaq və qiymətlərdə ucuzlaşma müşahidə ediləcək:
“Bu gün hər hansısa şirkətin iflasa uğraması, yaxud şirkətin ortaqlarının arasında yaranan problemlər nəticəsində tikililər yarımçıq qalıb. Nəticədə ödənişi etdiyi halda vətəndaş öz evinə sahib ola bilmir, kirayədə yaşamalı olur. Əslində bu cür problemli məsələlərin öz həllini tapması bir qədər çətindir. Çünki heç bir şirkət üçün kiminsə yarımçıq qoyduğu binanı gedib tamamlaq maraqlı deyil. Şirkətlə dövlət qurumları arasında olan problemlər vətəndaşlara sirayət etməməlidir. Burada əsas problem nəzarətin zəif olmasıdır. Tikinti şirkəti işə başlayarkən möhürlü və imzalı sənədlər toplayır. Bundan sonra şirkət tikintiyə başlaya bilər. Əgər şirkət bu qədər sənəd toplayırsa, bunun üzərində bir nəzarət olmalıdır.
Əsas problemlərdən biri budur ki, bu gün vətəndaşlar MTK-ya 100-150 min manat pul ödəyir və bunun əvəzində vətəndaşa hər hansı bir zəmanətli sənəd verilmir. Sadəcə alqı-satqı müqaviləsi və maliyyə arayışı verilir. Düzdür, bu, bütün problemli binalara şamil edilmir. Vətəndaşları aldadan şirkətlərin sayı azdır, yaxşı şirkətlərin sayı çoxdur. Şirkətlərə güzəştlərin tətbiq edilməsi isə problemləri müəyyən mənada həll edə bilər. Tikinti şirkətləri müəyyən vergilərdən azad edilməlidir ki, onlar köhnə binaları söküb yerində yeni binalar tikə bilsinlər. Çünki tikinti sahəsi iqtisadiyyatı ayaqda saxlayan bir sahədir və bu sahə inkişaf etdirilməlidir. Tikinti şirkətləri üçün şəffaf bir sistem yaradılmalıdır. Bu, azsaylı sahələrdəndir ki, kənardan ölkəyə pul gətirir. Belə ki, xaricdə yaşayan azərbaycanlılar Azərbaycanda əmlak almaq üçün külli miqdarda pul gətirirlər”.