“Baku Steel Kompany” MMC-yə məxsus Poladəritmə zavodunun fəhləsi Babayev Balasər 2014-cü ildə iş başında ağır xəsarət alıb. Ona III qrup əlillik təyin edilib. B.Babayevə sığorta pulu ödənməli olsa da, “Atəşgah” Sığorta məbləği ödəməkdən imtina edir. “Şərq”ə müraciət edən B.Babayev ağır durumda olduğunu, müalicə almaq üçün maddi imkanının yetmədiyini dedi:
– 14 il Bakı Poladəritmə zavodunun fəhləsi olmuşam. 2014-cü ildə minamyot partlaması nəticəsində mən və fəhlə yoldaşım Akif xəsarət aldıq. Akifin gözləri tutuldu, mənimsə sağ qulağımın pərdəsi yırtıldı. Əlillik təyin edilib mənə. III qrup əliləm. Müavinət də alıram. Mənə sığorta pulu da ödənməlidir. Amma “Atəşgah” Sığorta pulu ödəmir. Halbuki, işlədiyim illər ərzində mən sığorta pulu ödəmişəm. 91 min AZN pul toplanıb adıma. Hamısını demirəm, heç olmasa, yarısını ödəsinlər.
B.Babayev sığorta pulu ödənilərsə, daha güclü müalicə ala biləcəyini dedi:
– Yatanda qulağımdan çirkli maye axır. Səsləri yaxşı eşitmək üçün qulağıma mütləq qulaq dibi taxmaq məcburiyyətindəyəm. Onu taxmasam səsləri, sözləri ayırd edə bilmirəm. Həkim mənə deyib ki, Türkiyədə qulaq pərdəsini bərpa edə bilirlər. Türkiyəyə getmək üçün azı 20 min manat pul lazımdır. “Atəşgah” Sığorta illərlə ödədiyim sığorta məbləğinin bir hissəsini qaytarsa, Türkiyəyə müalicə almağa gedə bilərəm. Əziyyətdən də canım qurtarar.
B.Babayev qeyd etdi ki, hazırda zavodda bağban işləyir. Zavod rəhbərliyi onu işdən tamamilə kənarlaşdırmayıb. Lakin aldığı əməkhaqqı müalicə olunmaq üçün yetərsizdir. B.Babayev sığorta şirkətindən illərlə ödədiyi halal pulunu tələb edir.