Cəmiyyət

Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasında xəstələr seçim qarşısında qalırlar – müayinə, yoxsa müalicə…

Bəzi pasiyentlər iddia edirlər ki, bu tibb müəssisəsində təyin olunan bütün çoxsaylı və lazımsız müayinə və təhlillərdən keçdikdən sonra xəstənin artıq dərman almağa belə pulu qalmır

Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlət tərəfindən müəyyən edilmiş əsas prioritet istiqamətlərdən biridir. Ölkə rəhbərliyinin və birbaşa prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Sevindirici haldır ki, bu proses təkcə paytaxt Bakıda deyil, həmçinin rayon və bölgələrimizdə də sürətlə gedir. Digər tərəfdən də ölkənin Səhiyyə sistemində həyata keçirilən önəmli kadr islahatları ayrı-ayrı tibb müəssisələrinin işində dönüş yaradılmasına yeni imkanlar açır.

Lakin bütün bu mütərəqqi proseslərin və dinamik inkişafın fonunda təəssüflər olsin ki, hələ də bəzi səhiyyə müəəssisələrinin köhnə qaydalarla işləməyə davam etdiklərini müşahidə edə bilirik. Aydındır ki, istənilən bir müəssisənin işində dönüş yaradılması bilavasitə bu müəssisəyə rəhbərlik edən şəxsin öz işinə münasibətindən də çox asılıdır. Əgər müəssisənin rəhbəri məsuliyyətlidirsə, dövlət tərəfindən onun və rəhbərlik etdiyi kollektivin qarşısında qoyulmuş tələb və vəzifələri düzgün qiymətləndirə bilirsə və ən əsası, çalışdığı sahədə dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləyirsə, bu zaman bütün işlər də qaydasında olacaq. Əks halda isə…

Etiraf olunmalıdır ki, bu gün baş həkim Hafiz Abdullayevin rəhbərlik etdiyi Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasının fəaliyyətində müşahidə olunan bəzi neqativ hallar da bu müəssisənin ölkəmizin səhiyyə sistemində gedən ümumi inkişafla, həyata keçirilən müasirləşdirmə və təkmilləşdirmə yönümlü islahatlarla ayaqlaşdığını söyləməyə imkan vermir. İlk növbədə diqqəti çəkən xoşagəlməz məqamlardan biri budur ki, xəstəxananın otaqları (palatalar) demək olar ki, tam təmirsiz bir vəziyyətdir. Halbuki, bu məqsədlər üçün dövlət tərəfindən Gəncənin bütün digər tibb müəssisələri kimi, 2 saylı Birləşmiş Uşaq xəstəxanasına da kifayət qədər vəsait ayrıldığı məlumdur. Bəs görəsən belə olan halda xəstələr, həm də xəstə uşaqlar niyə təmirsiz və şəraitsiz otaqlarda qalmalı və müalicə almalıdırlar?

Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasının fəaliyyətilə bağlı yaranan və bu müəssisənin əksər pasiyentlərini narahat edən suallardan biri də müayinə prosedurları ilə bağlıdır. Aydındır ki, hər hansı bir xəstənin düzgün müalicə olunması üçün ilk növbədə onun müəyyən müayinələrdən keçməyi, bəzi analizlər verməyi tələb olunur. Bu müayinələri də həkim təyin etməlidir. Əlbəttə ki, məqsədyönlü şəkildə. Razıyam, bu sətirlərin müəllifi tibb sahəsi üzrə mütəxəssis deyil, bununla belə düşünmürəm ki, həkimə qulaq ağrısı ilə müraciət edən xəstənin ağ ciyərlərinin rentgen müayinəsi və yaxud da deyək ki, təngnəfəsliyi olan birinin kəllə beyninin tomoqrafiyası lazım olmuş olsun (bu müqayisələr sözgəlişi istifadə edilib – red.). Bu gün Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasına müraciət edən xəstələr də həkimlər tərəfindən həddindən çox müayimə və analizlərin təyin oluduğundan narazıdırlar. Bəzi hallarda bu müayinələrin açıq-aşkar lüzumsuzluğu heç kimdə şübhə doğurmasa da uşaqlarının səhhətindən əmin olmaq istəyən valideynlərin əksəriyyəti buna etiraz edə bilmirlər. Həkimlər isə bu həssas məqamdan istədikləri kimi yaralanırlar. Nəticədə isə, maliyyə vəsaitləri tükənmiş bəzi valideynlər artıq müalicə prosesini “axsatmalı” olurlar. Bəzi dərmanlar ixtisara salınır, bəziləri gecikdirilir, bəziləri də daha ucuzları ilə əvəz edlir ki, bütün bunlar da uşaqların tam sağalmasını ləngidir və ya ümumiyyətlə sual altına qoyur.

Ümid edək ki, Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasının baş həkimi Hafiz Abdullayev də bu sətirləri oxuyacaq və göstərilən nöqsanların aradan qaldırılması yönümündə lazım olan təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edəcək.

Yenikirpi.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir