Cəmiyyət

TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir? – HƏQİQƏTƏN DƏ…

Artıq üç ildir ki, ölkə əhalisi qapalı yerlərdə tibbi və parça maskalardan istifadə edir. Baxmayaraq ki, oktyabr ayının əvvəlindən etibarən, xüsusi karantin rejiminin tətbiqində bir sıra yumşalmalara gedilmiş, ictimai nəqliyyat vasitələrinin həftəsonları fəaliyyətinə icazə verilmişdi. Bunlarla yanaşı,cibsoyan, mərdimazar, qara karantin günlərindən bu yana “xatirə” qalan maskalar hələ də “vətəndaşların sağlamlığını qorumağa” davam edir.
Mən hələ 190 manat sosial yardımı almağa gedərkən, maska taxmadığı üçün yolda saxlanılıb, cərimələnən sakinləri demirəm. Onlar da ayrı bir tragikomediyanın mövzusudur. Bizim bu gün yaşadığımız isə konkret və bir mənalı desək, əsl komediyadır.

Hələ karantin günlərinin yeni-yeni başladığı zamanlarda tibbi maskalardan istifadəni məcburi hesab edən Operativ Qərargah nümayəndələri və onların təmsil etdikləri aidiyyatı qurumlar – TƏBİB və Səhiyyə Nazirliyi bu gün maska ilə bağlı hər hansısa qərar vermə səlahiyyətlərinin olmadığından bəhs edirlər. Bir zamanlar ölkə gündəmini adı və “operativ” fəaliyyəti ilə zəbt etmiş TƏBİB-in keçmiş İdarə Heyətinin sədri Ramin Bayramlı və yenə həmin TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva tibbi maskalardan istifadənin hava, su kimi vacibliyindən, zərurətindən bəhs edirdilər. İndi onlardan biri cəmiyyətimizin heç bir zaman layiq görmədiyi postundan istefa verərək, uzaqlaşmağı bacardı. Digərinin fəaliyyəti isə davam edir.

Sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin “qeybə” çəkildiyi dövrdə Onu “pakrivat” etməyə çalışan TƏBİB-in Mətbuat Xidməti ilə əlaqə saxladım. Bildirildi ki, TƏBİB yalnız xəstəxanalarda müalicə işinin təşkilinə nəzarət edir və maskaların istifadəsi ilə bağlı hər hansısa qərar vermə səlahiyyətinə malik deyil: “Hər hansısa tədbirlərin tətbiqi ilə bağlı qərar TƏBİB tərəfindən verilmir. TƏBİB tibbi qurumdur və sırf xəstəxanalarda müalicə işinin təşkili ilə məşğuldur. Ümumiyyətlə, siz epidemioloji vəziyyətlə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayın” – deyə TƏBİB-dən bildirildi.

Ardınca, Səhiyyə Nazirliyinin Mətbuat Xİdməti ilə əlaqə saxladım. Xidmət rəhbəri Elvin Hacıyev ölkədəki epidemoloji vəziyyət haqqında müəyyən məlumat verdikdən sonra bildirdi ki, tibbi maskaların zərurəti ilə bağlı qərarı Səhiyyə Nazirliyi verməyib: “Maskaların ləğvi barədə qərarı yalnız Operativ Qərargah deyə bilər. Orada bütün dövlət qurumları təmsil olunur, onu ancaq Qərargah açıqlaya bilər. Bütün qərarlar orda verilir. Maskaların istifadəsi ilə bağlı suallarınızı Operativ Qərargahla müəyyənləşdirin. Bu sualların ünvanı oradır” – deyə Səhiyyə Nazirliyindən bildirilib.

TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahın “bel sütunu” olmalarına baxmayaraq, məni yenə də digər dövlət qurumlarının da daxil olduğu Operativ Qərargaha yönəltmələri, artıq məndə belə bir fikir formalaşdırdı ki, yəqin Operativ Qərargahdan da Kənd Təsərrüfatı Nazirliyinə, və ya Müdafiə Nazirliyinə, ya da aidiyyatı olmayan hər hansısa dövlət qurumuna yönləndiriləcəm.

Operativ Qərargahın brifinqində əsasən, DİN-nin, Prezident Administrasiyasının, Səhiyyə Nazirliyinin və TƏBİB-in nümayəndələrinin iştirakını nəzərə alsaq, çox güman ki, maskaların istifadəsi ilə bağlı zəruri qərarı DİN, yaxud Prezident Administrasiyası vermir. Bu barədə onları məlumatlandıran, bu təklifi həmin qərargahın nümayəndələrinə “təlqin” edən iki tibbi qurumdan biridir. Ümumiyyətlə, hər iki tibb qurumu – TƏBİB və Səhiyyə Nazirliyi də maskaların istifadəsinin zəruriliyi barədə hər hansısa açıqlama, ifadə bildirmədilər. Bu sualı eşidən kimi, məni növbəti quruma yönləndirməyə cəhd etdilər.

Aidiyyatı qurumlarla apardığım sorğudan gəldiyim ümumi nəticə və sual ondan ibarət oldu ki, keçən ilin mart ayında xüsusi “canfəşanlıq” və operativliklə maskaların istifadəsini zəruri hesab edən, taxmayanlara cərimələrin tətbiq olunmasını təklif edən Operativ Qərargah və onun operativlikdən uzaq nümayəndələri nə üçün indi bu sual qarşısında qarın ağrısına düşürlər? İndi-indi ortaya çıxmağa cəhd edən Səhiyyə Nazirliyinin və TƏBİB-in Operativ Qərargahdakı “operativ”liyi nədən ibarətdir? Sağlamlıq simvolundan soyğun, cibdoldurma, büdcəyığma alətinə çevrilən maskalar nə zaman həyatımızdan birdəfəlik çıxıb gedəcək? İctimai nəqliyyatın həftəsonu fəaliyyətinin dayandırılmasının pandemiyaya qarşı heç bir xeyrinin olmadığını, əksinə, sıxlığa, psixoloji gərginliyə, xüsusi aqressiyaya səbəb olduğunu böyük səbr sahibi olan cəmiyyətimiz aylar sonra bu qərarı verənlərin qalın qabırğasından keçirə bildi. Nəhayət, anlaşıldı ki, bu, yersiz və məntiqsiz qərar heç də xəstəliyin qarşısını almır.

Bu gün təqribi olaraq, yenə eyni mənzərə ilə qarşı-qarşıyayıq. Ölkə əhalisinin böyük bir qismi vaksinasiyadan keçib. Buna baxmayaraq, vaksin olan da, olmayan da qapalı yerlərdə, ictimai nəqliyyatda maskadan istifadə etməli olur. Hər ikisi də maskadan istifadə etmədiklərinə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimələnirlər. Ona tapşırılan əmri layiqincə yerinə yetirməklə mükəlləf olan polis əməkdaşlarını bu operativlikdən, peşəkarlıqdan uzaq qərarların zəruri tətbiqi ilə bağlı vətəndaşlarla, sakinlərlə üz-üzə qoyanlar nə zaman maskalarla bağlı qərarlarındakı məntiqsizliyi, uyğunsuzluğu dərk edəcəklər? Nə zamana qədər raminbayramlılar gəlib, getməlidir ki, hər yenilikdə növbəti yanlış qərarların üzəri açılsın, məntiqsizliklər ortadan qaldırılsın?

Təbii ki, Zaman ən böyük müəllimdir və haqlının, doğrunun nə olduğunu, necə olduğunu, kim olduğunu sonunda göstərir. Ancaq həmin o Zamanın öz müəllimliyini isbat edincəyə qədər cərimələrdən dolayı cibimizdə bir qara qəpiyin qalmayacağı da acı reallıqdır…

Mətin Şükürlü, Bizimyol.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir