Cəmiyyət

Ekspert Təhsil Nazirinə QARŞI… – “İdarə edə bilmir“

Ötən gün isə Bakı şəhərindəki 189-190 saylı orta məktəbin direktoru Ceyran Quliyevanın səsyazısı yayılıb. Səs yazısından məlum olur ki, məktəbin rəhbəri müəllimlərə toplanmalı olan “fond pulu”nun gecikdiyini xatırladıb və açıq şəkildə təzyiq göstərərək bu işi tezləşdirməyi tapşırır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) mediaya faktı təsdiqləyib və hazırda bununla bağlı araşdırma aparıldığını bildirib.

Məlum hadisədən sonra məktəblərdə “fond pulu”nun yığılması problemi yenidən aktuallaşıb. İctimai diqqət bu məsələyə yönəlib.

Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib ki, Təhsil Nazirliyi Bakı məktəblərində müəyyən ayrı-seçkiliyə yol verir:

“Məktəblərdə hər hansı bir adla pul toplanması qanunvericiliyə ziddir. Yalnız Müəllim-valideyn assosiasiyalarında üzvlük haqqı ola bilər. Assosiasiya məktəbin maliyyə-təsərrüfat işlərinə maddi yardım göstərir.

Son günlər sosial şəbəkədə aktual müzakirəyə gəlincə, Təhsil Nazirliyi konkret olaraq Bakı məktəblərində müəyyən ayrı-seçkiliyə yol verir. Arxası hansısa məmura bağlı olan məktəb direktorları müxtəlif bəhanələrlə pul toplayır. Təhsil Nazirliyi də həmin şəxslərə toxuna bilmir”.

Ekspertin sözlərinə görə, 189-190 saylı orta məktəbin direktoru Ceyran Quliyeva haqqında tədbir görülməyəcək:

“Bu hadisə bir aydır ki, baş verib. Amma indi ortaya çıxıb. Görünən odur ki, tədbir görə bilməyəcəklər. Həmin direktorun “arxası” var .

Ümumən xaricdə oxuyub deyə təhsillə heç bir bağlılığı olmayan şəxslərin bu sahəyə rəhbər gətirilməsi təhsilə misilsiz dərəcədə ziyan vurub.Vəziyyəti düzəltmək üçün təhsillə bağlı olan insan nazir təyin olunmalıdır”.

E.Qafarov qeyd edib ki, Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin idarə olunmasına nəzarət edə bilmir:

“Bu kimi hallar məktəbərdə “n” qədərdir. Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi problemlər qarşısında acizdir. Onların aradan qaldırılması artıq onilliklər tələb edir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir