Əmək Müfəttişliyi nə üçün 17 min işçisi olan “Veysəloğlu” Şirkətlər Qrupunda yoxlamalar aparmır? – VİDEO
Şirkət rəhbərliyi media ilə problemlərini “fiziki yolla” həll etməyə çalışır ?
Elmi-texniki tərəqqi özü ilə bərabər xeyli problemlər də gətirir. Daha doğrusu, yaxşı məqsədlər üçün nəzərdə tutulmuş vasitələrdən kimlərsə öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə edir.
Təkcə, son 15-20 ildə sosial şəbəkələrin insanlar üçün yaratdığı problemləri göz önünə gətirin.
İnsanlar bir-birini sosial şəbəkələrdə necə şantaj edir, bir-biri barəsində necə kompramat toplayır və daha nələr.
Elmi-texniki vasitələr bəzi məmurlar, iş adamları, biznesmenlər üçün əla fürsət, vasitə olub.
Biz görmüşdük ki, kimsə onun barəsində yazılan məqalə ilə bağlı təkzib tələb edər, ən pis halda məhkəməyə müraciət edib hüquqi müstəvidə problemin həllini istəyər.
Düzdür, son illər ərzində “fiziki yolla” problemi çözməyə çalışan məmur-biznesmen nümunələrini də görmüşük.
Ancaq məmurun, yaxud biznesmenin media ilə problemini çözməsi üçün xaker hücumlarından istifadə etməsi, yaxud “atak” təşkil etməsi, bir sözlə, kiber hücumlar son illərin acı nümunəsidir.
Amma istəsək də, istəməsək də bu mövcuddur.
Tez-tez imkanlı şəxslərin media orqanlarına qarşı bu cür hücumlarının şahidi oluruq.
Bu bəlkə də çoxlarına adi məsələ kimi gələ bilər. Amma…
Əmması odur ki, media orqanı informasiya vasitəsidir. Və informasiya təhlükəsizliyi milli təhlükəsizliyin çox vacib komponentidir.
Başa düşdünüzmü, cənablar, söhbət nədən gedir?
Milli təhlükəsizlikdən.
Əgər qarşı tərəf belə bir yola əl atırsa, biz necə qarantiya verə bilərik ki, sabah kimlərsə bizim internet mediaya bizdən xəbərsiz hansısa dövlət əleyhinə olan informasiyanı yerləşdirməyəcək. Yəni məsələ çox ciddidir.
Və biz istəyərdik ki, dövlətin müvafiq qurumları bu məsələni nəzarətə götürsünlər.
Və bütün media-məmur-biznesmen problemləri öz həllini hüquqi müstəvidə tapsın.
Ölkəmiz demokratik, hüquqi, sivil dövlətdir, burada cəngəllik qaydaları işləyə bilməz.
Sözün qısası, xeyli müddətdir, “Veysəloğlu” şirkəti, onun “Araz”, “Oba” marketlərində baş verən neqativ hallar, vaxtı keçmiş məhsulların satışı, vergidən yayınma ilə bağlı məqalələr dərc edirik. Və hər dəfə də bildiririk ki, bizim şirkətin rəhbərliyinin personası, şəxsiyyəti ilə işimiz yoxdur, heç bizə maraqlı da deyil.
Biz Vergilər Nazirliyinin şirkətə qarşı açdığı 2 milyonluq maliyyə sanksiyasından bəhs edirik və qarşı tərəfdən cavab gözləyirik.
Bu sanksiyanı biz tətbiq etməmişik, dövlət qurumu tətbiq edib. Bunu yazmaq məgər olmaz?
Biz yazırıq ki, şirkətin “Ulduz” şokolad məhsulunun içindən “qurd” çıxıb. Bunu yazmaq olmaz?
Biz yazırıq ki, “Veysəloğlu” Şirkətlər Qrupunda rəhbər şəxslərə 30-35 min manat maaş verilir, görəsən dövlətə nə qədər vergi ödənilir. Bunları yazmaq nə vaxtdan yolverilməz hesab olunur?
Bəlkə, Veysəloğlu, yenidən ölkə mediasına SENZURA tətbiq etmək istəyir?
Biz yazırıq ki, Əmək Müfəttişliyi nə üçün 17 min işçisi olan “Veysəloğlu” Şirkətlər Qrupunda yoxlamalar aparmır?
Nə üçün şirkət işə götürəndə adamların yaş fərqinə bu qədər önəm verir?
Biz yazırıq ki, şirkətin filial müdirlərinin əksəriyyəti niyə ali təhsili olmayanlardır?
Biz şirkət rəhbərliyindən soruşuruq ki, sizdə “qara mühasibatlıq” varmı?
Biz şirkətin rəhbərliyindən soruşuruq ki, niyə son 4-5 ayda qiymətləri bu qədər süni şəkildə bahalaşdırırsınız?
Axı, dövlət rəhbəri də tələb edir ki, qiymətləri süni şəkildə bahalaşdırmayın…
Bu suallar dövlət və cəmiyyət üçün də mühüm əhəmiyyət kəsb edir.
Bunları yazmaq və ictimailəşdirmək olmazmı?
Biz şirkət rəhbərliyindən soruşuruq ki, 10 manatlıq ətdən 1 kilosu 6 manata kolbasanı necə düzəldirsiniz?
Bunun sirrini deyin.
Bütün bunların qarşılığında isə “Veysəloğlu” şirkətlər Qrupunun rəhbərliyi sivil qaydada öz mövqeyini açıqlamaq, lap təkzib tələb etmək, yaxud məhkəməyə müraciət etmək əvəzinə “trolları” vasitəsilə sosial şəbəkədə bizi təhdid edir, hətta…
Bəli, yazının girişində bəzi imkanlı şəxslərin, biznesmenlərin, məmurların internet mediaya kiber hücumlarından, “ataklar”dan əbəs yerə yazmadıq.
Son günlər “Gündəlik-Bakı”ya olan xaker hücumları, DDOS “ataklar” və digər vasitələr bizi yolumuzdan döndərə bilməz.
Və “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbərliyinə xəbərdarlıq edirik ki, probleminizi sivil yolla çözməyə çalışın. Bizim sizinlə şəxsi müstəvidə problemimiz yoxdur.
Əgər “Veysəloğlu”nun belə texniki imkanları varsa, icazə verin şübhələnək ki, sosial şəbəkədə hökümətə qarşı kiber hücumları da siz təşkil edirsiniz…
P.S Hörmətli “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbəri, nəzərinizə çatdıraq ki, sizin o qədər pul xərcləyib saytımıza etdirdiyiniz kiber hücumun qarşısını cəmi 3 dəqiqə vaxta və 20 dollar pul xərcləyərək həll etdik. Yadınızdan çıxartmayın ki, bizimlə bu cür mübarizə aparmaq qeyri mümkündür. (Gundelik-baku.com)