“2 dövlət orqanı var ortalıqda, heç biri də vəziyyətə düz-əməlli nəzarət edə bilmirlər” – ETİRAZ
Son vaxtlar taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin iştirakı ilə baş verən avtoqəzaların sayı sürətlə artmaqdadır. Bu həftənin birinci günü 130 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Taksi sürücülərinin qeyri-formal və sistemsiz fəaliyyətinin yaratdığı sıxlıq və qarışıqlıq nəqliyyatda ciddi problem yaradır.
Zirveyolu.info xəbər verir ki, mövcud problemi “Şərq”ə şərh edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynli bildirib ki, qanunvericilikdə müəyyən müddəalar var ancaq onları yerinə yetirən yoxdur.
“Çünki nəzarət edən yoxdur. Tutaq ki, Bakıda BNA-dır, ölkənin digər yerlərində də AYNA var. Həmin qurumlar tərəfindən nəzarət, təşkilatlanma yoxdur deyə taksi faəliyyəti ilə bağlı ciddi bir xaos var. Xaosun başqa səbəbi də odur ki, ictimai nəqliyyat bərbad, dağınıq vəziyyətdədir. Elə rayonlarımız var ki, orada marşrut tapılmır. Ona görə də taksi xidmətlərindən istifadə olunur.
Qanunvericilikdə belədir ki, taksi faəliyyəti ilə məşğul olan vergi ödəyicisi olmalıdır, uçota durmalıdır, şəxs hər maşın üçün fərqlənmə nişanı almalıdır. Ondan sonra qanuna uyğun fəaliyyət göstərməlidir. Amma dediyimiz qurumlar heç biri nəzarət edə bilmirlər. Ona görə də bunların heç birinə riayət olunmur. Bu dəqiqə taksi fəaliyyəti ilə məşğul olanların bəlkə də heç 10 faizi fərqlənmə nişanı almırlar. Nəzarət orqanları da bunun alınmasını təmin edə bilmirlər”.
Ekspert taksi fəaliyyətinə nəzarətin zəif olmasını ciddi mexanizmlərin olmaması ilə əlaqələndirib:
“Məsələ burasındadır ki, bu fəaliyyət spesifik bir fəaliyyətdir. Nəzarət etmək üçün daha ciddi mexanizmlər lazımdır. Vahid dövlət siyasəti lazımdır. 2-3 dövlət orqanı var ortalıqda, heç biri də bu işlə düz-əməlli məşğul ola bilmir”.
Sürücülərin narkotik vasitə qəbul etmiş halda taksi fəaliyyəti ilə məşğul olması məsələsindən danışan Ərşad Hüseynli burada da qanunvericiliyin tələblərinin yerinə yetirilmədiyini vurğulayıb:
“Dövlətin tələbi var ki, işə girərkən sağlamlıq arayışı təqdim etməlidir. Bu tələblər qanunvericilikdə var. Bunlara riayət etməli olan şəxslərə də dövlət qurumları nəzarət etməlidir, ancaq edə bilmirlər deyə özbaşınalıqdır”.