Cəmiyyət

“Kamal Həsənov niyə İCRA BAŞÇISI OLSUN Kİ?..” – ETİRAZ

Cəbrayıl rayon sakinləri arasında narazılıq davam edir. Hətta, getdikcə daha da şiddətlənir desək daha doğru olar.
Belə ki, daha bir Cəbrayıl rayon sakini Aygün Mehdiyeva deyir:

– “Mən Mehdiyeva Aygün. Cəbrayıl rayon sakiniyəm. Biləsuvar rayon ərazisində yerləşən, 6 saylı qəsəbə, ev 101-də yaşayıram.
Sözüm cənab prezident İlham Əliyevədir.
Hörmətli, prezident. Siz Kamal Həsənovu Cəbrayıl rayonuna hansı səlahiyyətləri icra etsin deyə İcra başçısı təyin etmisiniz?
O insan özünü apara bilmir. Kimə istəyir iş verir, pensiya yaşı çatıb, işdən çıxanlara da. Mən tək qadınam. Yaşlı, şəkər xəstəsi anam mənim himayəmdədir. Özüm də işsizəm. Anamın aldığı 250 (iki yüz əlli) AZN pensiya ilə dolana bilmirəm. Bilmirəm o 250 (iki yüz əlli) manatı işığa, qaza, suya və digər kommunal xərclərə ödəyim, yoxsa anamın dərmanlarına verim, yoxsa ərzağa ?!…
İş üçün də dəfələrlə İcra başçısına müraciət etmişəm, deyir mən “mən iş verənəm?”. Kamal Həsənov və onun ətrafındakılar torpağın yaxşısını, su olan hissəsini başqa-başqa adamların adına keçirib, özləri əkib-becərirlər. Əldə etdikləri məhsulu əkin vaxtı baha qiymətə toxumluq kimi satırlar. Biz su da tapa bilmirik. İş üçün müraciət edən xanımlara deyir “ərlərinizi buraxmırsınız, gedib başqa yerdə işləsin. Saxlamısınız yanınızda”. Hörmətli prezident, bu nə deməkdir? İcra başçısının vətəndaşla bu cür danışmağa ixtiyarı varmı?
Sizdən xahiş edirik, Cəbrayıl rayon İcra başçısının haqqında ciddi tədbir görəsiniz. O şəxs o vəzifəyə layiq deyil.”

Cəbrayıl rayonunun “Daş Veysəlli kənd sakini, Biləsuvar rayon ərazisində yerləşən, 3 saylı Cəbrayıl qəsəbəsi, ev 77 ünvanında yaşayan Xalidə Məmmədova deyir:

– “Cənab prezident, mənim evim yaşamağa yararsız vəziyyətdədir. Evin təmirsiz olması, yay aylarında evimizdə ilanların məskən salması, üstəlik də işsizlik mənim övladlarımı və gəlinlərimi evimdən didərgin salıb. İcra başçısına dəfələrlə müraciət etmişəm, baxmır. O sizə layiq, vəzifəsinə layiq insan deyil. Bütün işləri özünün, müavinlərinin yaxınlarına verib, mənim balalarıma adi fəhlə işi belə tapıb vermədi. Evimin vəziyyətinə də indiki “JEK”ə (Mənzil kommunal təsərrüfat birliyi) də, keçmiş “JEK”lərə də müraciət etmişəm, gəlib baxıblar da. Özləri də təsdiq ediblər yaşayışımın acınacaqlı olduğunu və bildiriblər ki, Kamal Həsənova müraciət etməliyəm. Kamal Həsənovun səlahiyyətindədir. Kamal Həsənov isə yalandan oturub orda, heç bir işə yaramır.”

Bundan əlavə xanım rayonda fəaliyyət göstərən təhsil, səhiyyə və digər sahələrdə də özbaşınalıqların mövcud olduğunu redaksiyamıza göndərdiyi videomüraciətində xüsusi vurğulayıb. (Daha ətraflı növbəti videogörüntülərdə təqdim edəcəyik)

Səhiyyə və təhsilin də İcra başçıları ilə əlaqələri məsələsinin də hansı formada cərəyan etdiyini dəfələrlə agentliyimizdə vurğulamışıq, eyni zamanda hər bir vətəndaş da bunun birbaşa şahididir.

Ötən məlumatlarda bildirdiyimiz kimi Cəbrayıl rayon İcra Hakimiyyətinin bəzi tərəfdarları bir vaxtlar agentliyimizə qarşı qərəzli təpki göstərib, hətta üzərimizə hücum belə etmişdilər. Çox təəssüflər olsun ki, eyni düşüncə və eyni addımlar ilə müstəqil medianı susdura biləcəyini düşünən fərdlər hələ də var. Bu fərdlərin də bəziləri yaşlı nəslin nümayəndələridir. Hansı ki, pensiya yaşının çoxdan çatmasına baxmayaraq, bu gün də dövlət müəssisəsində çalışır. “Xalq” anlayışının yaşadığı mənzilin divarları arasında olanlardan ibarət olduğunu düşünən bəzi sakinlər də İcra başçısının gözünə “şirin” görünmək üçün nə öz yaşına, nə bizim fəaliyyətimizə yaraşmayan təhqiramiz ifadələrlə bizi susdurmağa çalışırlar.

Biz “DogruXeber.az” informasiya agentliyi olaraq, hər zaman səlahiyyət hədlərini aşan məmurların deyil, məmurların sözün əsl mənasında saymadığı vətəndaşların yanındayıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Ardı var…

DogruXeber.az


Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir