Cəmiyyət

İnam Kərimovun YARMARKA İMİTASİYASI… – FAKT BUDUR!

Dekabrın 20-dən etibarən Bakı, Abşeron ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən şəhərə” adlı yarmarkalar təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin bu yarmarkalarında kənd məhsullarının satışı həyata keçirilir. Nazirliyin məlumatına görə, yarmarkada satılan məhsulların qiyməti olduqca münasibdir. Qurum vurğulayır ki, kartofun bir kiloqramı 0.5, soğan – 0.45, pomidor – 1.3, portağal – 1, pendir – 10, süzmə də – 3 manatdan başlayaraq təklif edilir.

“Əvvəlki kimi 4-5 kilo pomidor, xiyar alan yoxdur”
Bakıda metronun “Gənclik” stansiyası yaxınlığında təşkil olunmuş yarmarkada satıcılar AzadlıqRadiosunun əməkdaşına alıcıların az olduğundan gileyləniblər. Onların sözlərinə görə, insanlar gəlirlər, maraqlanırlar, bir-iki kiloqram nəsə alıb gedirlər: “Əvvəlki kimi 4-5 kilo pomidor, xiyar alan yoxdur”.

Lakin fermerlər deyir ki, rayonlara baxanda Bakıda yenə də alıcı çoxdur: “Rayonda, ümumiyyətlə, tək-tük alıcı tapmaq olar, çünki maddi vəziyyət bir qədər çətindir. Elə ona görə bura o ümidlə gəlmişik ki, heç olmasa, mayanı çıxardaq”.
Qiymətlərə gəlincə, satıcılar deyir ki, yarmarkada yer onlara pulsuz verildiyinə görə məhsulu mağazalara, firmalara payladıqları qiymətə alıcılara təqdim edirlər.

Qiymətlərdə fərqlər…
Amma orada qiymətlər Kənd Təsərrüfatı Nazirliyinin (KTN) açıqladığı qiymətlərdən bir qədər fərqlənir. Portağal – 1.5-1.7 manata, naringi – 2-2.5 manata, kartof isə 0.55-0.8 manata təklif edilir. Bəzi alıcılar da bu sarıdan narazılıqlarını gizlətmirdilər.

Zirveyolu.info-ın məlumatına görə, KTN-dən “Turan”a bildirilib ki, əsas məqsəd fermerlər üçün alternativ kanal yaratmaq, bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatını təbii və ekoloji təmiz məhsullarla dolğun şəkildə qarşılamaqdır: “Yarmarka 100 fermer üçün nəzərdə tutulub. Nəqliyyat problemi olan fermerlər üçün Kənd Təsərrüfatı Nazirliyi pulsuz logistika xidməti təşkil edib, məhsulların Bakıya, yarmarkaya gətirməsi təmin olunub”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, uzun illərdir bu kimi tədbirlər yalnız görüntü üçün təşkil olunur: “Guya onlar həm istehsalçının, həm də istehlakçının qayğısına qalırlar. Əslində isə məsələ başqadır. Azərbaycan balaca ölkədir və kəndlilərin elə bir problemi yoxdur ki, istehsal etdikləri məhsulu realizə edə bilməsinlər. Məhsul keyfiyyətlidirsə, onun qiyməti əlçatandırsa, tədarükünü, satışını təşkil etmək problemi yoxdur”.

Ekspertin fikrincə, hökumət ajiotaj yaradır: “Guya ki, bazarlarda, marketlərdə qiymətlər ona görə bahadır ki, fermerlər öz məhsulunu bazara çıxara bilmirlər. Əslində isə nə baş verir? Bu yarmarkalar artıq 15 ildən çoxdur təşkil olunur”.

V.Məhərrəmli sual edir: “O yarmarkalara məhsulu kim gətirir? Bələdiyyə sədrlərinin, yerli icra orqanlarının tapşırığı ilə rayon bazarlarından məhsul alan xüsusi adamlar. Amma onların özləri də narazıdır. Çünki özləri mal alırlar, onun daşınma xərclərini ödəyirlər, gətirirlər, yarmarkada isə onlara qiymət diktə olunur”.

Onun sözlərinə görə, yarmarkada satılan məhsulların qiymətində digər yerlərlə müqayisədə az fərq var: “Hətta daha ucuz qiymətə məhsulu sata bilmirlər. Əhali artıq başa düşüb ki, yarmarkada vaxt itirməkdənsə yaxın məsafədə olan marketdən eyni keyfiyyətdə olan məhsulu eyni qiymətə almaq mümkündür”.

Mövzu ilə bağlı yerli hakimiyyət orqanları ilə isə danışmaq mümkün olmayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir